“Bakıda atamı sevənlər
çoxdur”
Olqa Rostropoviç:
"Vaşinqtonda belə əhvalı tapmazsınız"
Dünyaşöhrətli
həmyerlimiz Mstislav Rostropoviçin qızı
Olqa Rostropoviç
"www.svobodanews.ru" saytına
müsahibə verib. Müxbirin "Mstislav Leopoldoviçin Bakı haqqında hansı xatirələri bölüşdüyünü"
xəbər almasına
zəmanəmizin klassik
musiqiçisinin qızı
belə cavab verib:
- Atam bu
barədə müfəssəl
danışmırdı. Çünki
buna vaxtı yox idi. Təbii ki,
o, Bakını çox sevirdi, bu şəhərdə keçirdiyi bir neçə ili böyük bəxtiyarlıq
hissi ilə xatırlayırdı. Və
əlbəttə ki, Azərbaycanın mərhum
prezidenti Heydər Əliyev atamdan gizli onun əvvəllər
yaşadığı evi
Leopold və Mstislav Rostropoviçlərin
ev-muzeyinə çevirəndə atam bunu heç bir dəyərə sığmayan hədiyyə
kimi qəbul etdi. Atasını çox erkən, 14 yaşında ikən itirdiyindən bu jest onun üçün
lap əziz idi. Təsirlənməyə
isə doğrudan kifayət qədər səbəb var idi. Demək olar ki, eyni
vaxtda həm ev-muzeyi, həm də Leopold və Mstislav Rostropoviçlərin adını
daşıyan küçə
və 21 nömrəli
Musiqi Məktəbi Bakının mərkəzi
hissəsini bəzəməyə
başlamışdı.
Bu şəhər
atamın taleyində,
həyatında həmişə
böyük önəmə
malik olub. Ağır xəstə olduğu vaxtlarda 2 ay onunla birlikdə
xəstəxanada qaldım.
Hətta bu dövrdə də atam Bakıya can atırdı ki, yenicə bəstələnmiş operanı
ifa etsin. (Söhbət Firəngiz Əlizadənin Nərgiz Paşayevanın librettosu əsasında bəstələdiyi
"İntizar" operasından
gedir - red.)
Təəssüf ki, ömür vəfa etmədi. Amma atamın təklifi ilə ərsəyə gəlmiş
bu operanın sayəsində Bakıda festival keçirmək ideyası yarandı. Atam məndən təkidlə xahiş etmişdi ki, belə bir festivalı
təşkil edim. O istəyirdi ki, Bakı musiqi mərkəzinə çevrilsin.
- Bəs harda
festival təşkil etmək çətindir -
Bakıda, yoxsa Vaşinqtonda?
- Yəqin ki,
Bakıda bu vəzifəni yerinə yetirmək asandır. Çünki çoxlu sayda insanların həvəsi bir sıra çətinlikləri,
bürokratik sədləri
aşmaq iqtidarına malikdir. Vaşinqtonda belə əhvalı tapmazsınız. Orda hər şeyi əvvəlcədən yoluna
qoymaq məcburiyyətindəsən,
Həmkarlar İttifaqı
fəaliyyət göstərdiyi
üçün müqavilələrə
imza atmalısan. Bakıda isə atamı sevənlər, hörmət edənlər
çoxdur. Ona görə də çətinlik yarana bilməz.
- Əgər Vaşinqtonda və Bakıda yolla gedən insanları saxlayıb Mstislav Rostropoviçin kim olduğunu soruşsaq, sizcə, hansı şəhərdə bu suala dürüst cavab almaq mümkündür?
- Yəqin ki,
hər iki şəhərdə. Bir fərqlə ki, Bakıda atamı tanımayan demək olar ki, yoxdur.
M.L.Rostropoviç 17 il müddətində Vaşinqtonda Milli Simfonik Orkestrə rəhbərlik edib. Burda hər il oktyabrın 12-dən 16-dək "Mstislav Rostropoviçə
həsr olunur" adlı festival keçirilir. Bakı festivalının zamanı
isə dekabr ayına təsadüf edir. Gənc musiqiçilərə yardım
fondunun direktoru olan Olqa Rostropoviç
2010-cu ildən etibarən
Moskvada atasının
şərəfinə müsabiqə
təşkil etmək
niyyətindədir. M.Rostropoviçin
musiqi karyerasının
keçdiyi yolu bir daha əks
etdirmək və yeni istedadları aşkarlamaq məqsədilə
müsabiqə dirijorluq,
violonçel, fortepiano,
kamera musiqisi və kompozisiya nominasiyaları üzrə
keçiriləcək. Münsiflər
heyəti isə bütün bu sahələrin, janrların,
növlərin mütəxəssislərindən
təşkil ediləcək.
Həftə içi.-
2008.- 15 oktyabr.- S. 8.