Salmanov R.
Özünü sənətdə yox, sənəti özündə yaşadan
insan
Muğam
sənətindən, onun quruluş və tərkibindən,
qəzəl dünyasından sadəcə söz açmaq
bir o qədər də çətin deyil. Lakin onu sevmək, başa düşmək, qoruyub gələcək nəsillərə çatdırılması
üçün əlindən
gələni əsirgəməmək,
gördüyü işdən
aldığı zövqü
heç nəyə dəyişməmək kimi
yüksək keyfiyyətlər
yalnız sənət
fədailərinə
məxsusdur.
Taleyini milli musiqimizin
təbliğinə həsr etmiş belə insanlardan biri
də Azərbaycan Dövlət Teleradio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin “Musiqi və
əyləncəli proqramlar” redaksiyasının böyük
redaktoru Çingiz Abbasovdur.
Ömrünün 35
ildən çoxunu xalq musiqisinin təbliğinə həsr
etmiş Çingiz Abbasov kimi fədakar insanların
əməyi heç vaxt yaddan çıxmır, unudulmur. İllər ötdükcə
bu qəbildən olan insanların zəhmətini xalq dəyərləndirir, layiq
olduğu qiyməti verir. Bəzən bu fədakar insanların əməyi arxa planda qalır.
Diqqəti çəkən
ilk növbədə musiqi ifaçısı olur. Ona görə
də xalq musiqisinə, muğamlara, qədim el havalarına
ekran həyatı verən, daim axtarışlar aparan, yeni-yeni verilişlər düşünən insanları
da yada salmaq,
onları oxuculara tanıtmaq vacibdir.
“Biz hamımız dahi,
məşhur olmaq üçün doğulmuruq. Amma dahiləri sevmək və tanıtmaq hamımızın mənəvi
borcudur” — deyən Çingiz Abbasovun X.Şuşinski, Ş.Ələkbərova,
R.Muradova, S.Qədimova
və onlarca digər sənət korifeyləri haqqında çəkdiyi televiziya proqramları tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanmışdır.
Çingiz Abbasov 1950-ci
il yanvar ayının 24-də Zərdab rayonunda ziyalı
ailəsində dünyaya göz açıb. Atası Qurban Abbasov rayonda sayılıb-seçilən
ağsaqqallardan olub. Musiqiyə, incəsənətə
xüsusi rəğbəti
vardı. Respublikanın
bir çox tanınmış muğam
ifaçıları onunla
dostluq etmiş, evinin qonağı olmuşlar. Bəlkə elə bu səbəbdən
də, Çingiz musiqiyə həvəs göstərmiş, incəsənətə
bağlanmışdır. 1968-ci ildə İncəsənət
institutuna daxil olan Çingiz Abbasov tələbəykən
Milli Dram Teatrında işə düzəlir. Xalq artistləri İsmayıl
Osmanlı, Ağasadıq
Gəraybəyli, Hamlet
Xanızadə, Səməndər
Rzayev, Məmmədrza
Şeyxzamanov, Həsənağa
Turabov və digər tanınmış
aktyorlarla dostluq etməyi onun gələcək həyat
yoluna işıq salır.
Aktyor
sənətinə, teatr aləminə nə qədər maraq
göstərsə də, əsrarəngiz muğam
dünyası, xalq havacatımız onu özünə daha
çox cəlb etdi. İncəsənət aləmində onun
xüsusi xətir-hörməti var. Ən çox da ustad xanəndələrimiz,
xalq mahnılarının
say-seçmə ifaçıları “—Bizim
Çingiz” — deyə onun adını
iftixarla çəkirlər.
Çingiz Abbasov son dərəcə vacib və xeyirxah
bir işlə — xalq musiqisinin təbliği ilə məşğuldur. Araya-ərsəyə gətirdiyi
verilişlər, düzənlədiyi
konsert proqramları muğamatımıza, xalq
havalarına hədsiz
sevgidən xəbər
verir. “Xalq
musiqisinin inciləri” rubrikasında vaxtilə lentə aldığı Yaqub Məmmədov, Əbülfət Əliyev,
Əlibaba Məmmədov,
İslam Rzayev, Arif Babayev, eləcə
də onlarla korifey sənətçilərimiz
bu rubrikanın qonağı olmuş, ürəkləri riqqətə
gətirən ifalarıyla
hamının zövqünü
oxşamışlar. Heç
də təsadüfi deyil ki, xalqımız
tərəfindən rəğbətlə
qarşılanan “Muğam—2007"
televiziya müsabiqəsi
zamanı istifadə olunan qocaman xanəndələrin lent yazılarının çoxu
məhz Çingiz Abbasov əməyinin məhsuludur. Neçə
unudulmuş ustad xanəndə və ifaçıların itirilmiş
lent yazılarının
tapılmasında, gənc
istedadların sənət
yoluna işıq salınmasında Çingiz
Abbasovun əməyi danılmazdır.
Onu yaxından
tanıyanlar, eləcə də ustad xanəndələrimiz
Çingizin yaxşı səsi olduğunu deyirlər —
“Müğənni olsaydım mən o zaman öz
həyatımı yaşamalı olardım,
gecə-gündüz özümü düşünüb
təbliğ edərdim. Amma indi neçə-neçə sənətkarın
həyatın yaşayıram”...deyə təvazökarlıq
edir. 35 ildir ki, öz taleyini
xalq musiqisinə bağlayıb. Az.TV-nin qızıl fondunun zənginləşməsində xüsusi xidməti, fədakarlığı olan
Çingiz Abbasov bir çox sənətçinin yaradıcılıq
yoluna güzgü tutub. Onun haqqında
ustad korifeylərimizin
bəzi fikirlərini oxucularımızın diqqətinə
çatdırırıq.
Əlibaba Məmmədov
— xalq artisti:
– O, muğamı, xalq
musiqisini, qəzəlliyatı çox gözəl bilir.
Rejissor üçün bu, çox vacib şərtdir.
Arif Babayev — xalq artisti,
professor:
– Xalq musiqisinin
təbliği sahəsində Çingizin əməyi
danılmazdır. Çox qayğıkeş və səmimi bir insandır. Xalq musiqimizin böyük dayağıdır.
Canəli Əkbərov
— xalq artisti, professor:
–Çingiz Abbasov 35 il
bundan öncə milli musiqimizə, onun qorunmasına necə
hörmətlə, ehtiramla yanaşırdısa, bu gün
də eyni həvəslə xalqımıza xidmət edir.
İlham Rəhimli —
sənətşünaslıq doktoru, professor:
–Adətən
deyirlər, hər kəsin ürəyi yumruğu boydadır. Çingizin ürəyinin
ölçüsü yoxdur.
Çünki o özü təpədən
dırnağa ürəkdir.
Çingiz Abbasov həm də mehriban ailə başçısıdır. Oğlu
Emin Dillər Universitetinin ingilis dili fakültəsini bitirib, Şirvan isə bu il
Polis Akademiyasına daxil olub.
2006-cı il noyabrın
4-də Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə Çingiz Abbasov Azərbaycan
Televiziyası və Radiosunun inkişafındakı
xidmətlərinə görə “Tərəqqi” medalına
layiq görülüb. Bu günlərdə onun Az.TV-də əmək
fəaliyyətinin 35 ili
tamam olur. Biz də həmkar
dostumuzu bu münasibətlə təbrik
edir, ona yeni-yeni uğurlar arzulayırıq.
Xalq qəzeti.- 2008.- 7 oktyabr.- S. 6.