Səlimqızı C.

 

Ermənilərin Amerikada növbəti təxribatı

 

Ermənilər öz adlarına çıxdıqları Azərbaycan milli musiqi alətlərindən, xalq rəqs və mahnılarından ibarət buklet buraxdırıb. Tirajı yüz minlərlə olan bukletlər Amerikada satışa çıxarılıb.

Bu barədə "Mərkəz"ə Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli məlumat verdi. Məsələ ilə bağlı ciddi araşdırmaya başlanıldığını deyən X.Həsənlinin sözlərinə görə, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi onlara rəsmi məktub ünvanlayıb. X.Həsənlinin sözlərinə görə, nəfis tərtibat və yüksək səviyyədə hazırlanan buklet nə az, nə çox, düz 50 səhifədən ibarətdir: "Bukletdə Azərbaycanın tardan başqa demək olar ki, bütün alətləri - kamança, nağara, zurna, balaban, saz, tütək və s. erməni xalq çalğı alətləri adı altında təqdim olunub. Bununla belə, həmçinin, qədim xalq rəqs və aşıq havalarımızı da düşmənlərimiz öz adlarına çıxaraq erməni xalq rəqsləri, erməni xalq havaları kimi göstərib. Bir sözlə 50 səhifəlik nəfis tərtibatlı bukletdə musiqi və alətlərimiz barədə geniş, həmçinin ermənilərə sərf edən şəkildə bilgi verilib". Onu da qeyd edək ki, bukletlər Muzik forum Armeniya adı altında satışa çıxarılıb. Qurumun şöbə müdiri qeyd etdi ki, bukletlər artıq Bakı Musiqi Akademiyasına göndərilib. Bu işlə məşğul olmaq üçün akademiyanın mütəxəssislərindən ibarət ekspertlər qrupu yaradılıb: "Ekspertlər dəlil-sübutlarla ortaya qoyacaqlar ki, həmin alət və musiqilər məhz Azərbaycan xalqına məxsusdur. Qeyd edim ki, bukletlərin həcmcə geniş olmasına baxmayaraq bu istiqamətdə aparılan araşdırmaların vaxtı o qədər də uzun sürməyəcək. İşin tez həlli üçün ekspertlər demək olar ki, gələn həftə araşdırmanı başa çatdıracaqlar. Onlar bukletlərdə yazılanların həqiqətəuyğun olmadığını sübuta yetirəndən sonra Müəllif Hüquqları Agentliyi öz səlahiyyəti çərçivəsində işi davam etdirəcək”. Şöbə müdiri əlavə etdi ki, qurum ermənilərin musiqimizə və milli çalğı alətlərimizə qarşı etdiyi təcavüz barədə geniş ictimaiyyəti məlumatlandırmaq fikrindədir. Belə ki, baş verənlər barədə məlumat hazırlanacaq və ekspertlərin rəyi də daxil olmaqla mətbuatda dərc olunacaq.

Bundan sonra hansı addımların atılacağına gəlincə, öyrəndik ki, qurum faktlar əsasında beynəlxalq təşkilatlara müraciət edəcək.

Qeyd edək ki, disk özət musiqi şirkəti tərəfindən buraxılıb. X.Həsənlinin sözlərinə görə, özəl şirkətin qanunsuz fəaliyyətinə görə dövlət məsuliyyət daşımır. Amma bununla belə agentlik öz tərəfindən hansısa şirkətdə qanunsuz fakt aşkarlandığı barədə beynəlxalq təşkilatları məlumatlandıracaq.

Xatırladaq ki, təxminən bir ay bundan öncə də ermənilərin Azərbaycan musiqisini öz adına çıxması ilə bağlı məlumat vermişdik. Mənfur qonşularımız Amerikada Azərbaycan musiqilərindən ibarət növbəti disk buraxdırmışdılar. Hazırda Müəllif Hüquqları Agentliyində paralel olaraq bu istiqamətdə də araşdırma aparılır. Həmin araşdırma da Mədəniyyət və Turizm Nazirliyinin rəsmi məktubu əsasında başlanılıb. Qeyd edək ki, həmin disk də Muzik forum Armeniya adı altında satışa çıxarılıb. Diskdə ölməz bəstəkarlarımızın yaradıcılığından, eləcə də milli rəqslərimizdən 15 əsər yer alıb. Bu sırada Üzeyir Hacıbəyovun "Çırpınırdın Qara Dəniz", "O olmasın, bu olsun" əsərindən bir parça, Emin Sabitoğlunun "Dağlar", Əlibaba Məmmədovun "Gözəllər içrə eyi mahi-təban bir dənəsən", eləcə də, "Şalako", "Xançobanı" xalq rəqs və digər məşhur hitlərin olduğunu bildirmişdik. Xudayat Həsənli qəzetimizə onu da bildirdi ki, həmin araşdırma da başa çatmaq üzrədir: "Bakı Musiqi Akademiyasının yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspertlər alboma daxil olan əsərlərin yoxlamasına başlayıb. Hazırda mahnı və oranjemanlar tutuşdurulur, öyrənilir ki, görək musiqi nümunələrində dəyişiklik olub, ya olmayıb. Sübut olunsa ki, həqiqətən də diskə daxil edilən mahnılar tamamilə bizə məxsusdur, o halda dəlil-sübutlarla biz beynəlxalq təşkilatlara müraciət edəcəyik".

 

Mərkəz.- 2008.- 15 oktyabr.- S. 11.