Hüseynov A.
Xalqın musiqi yaddaşında qalan sənətkar
Bakılı Yusif
kişinin ailəsində xoşbəxtlik baş vermişdi. Onun
həmişə arzusunda olduğu qız övladı
dünyaya gəlmişdi. Atanın sevincinin hədd-hüdudu
yox idi. Adətən, azərbaycanlılar daha çox oğlan
övladın dünyaya gəlməsini arzulayırlar,
oğlan, hər halda, nəslin davamçısı sayılır.
Amma Yusif kişi qız övladının doğulmasından
xüsusi qürur duyurdu. Ona elə gəlirdi ki, ata-ana
qayğısını qız oğlandan yaxşı
çəkir. Qızın adqoyma mərasimi keçirildi.
Yaxın qohum-əqrəba şəbbə-xeyir
məclisinə toplaşdılar, xəmraşı
yeyəndən sonra molla Tutuxanım nənə
uşağın qulağına adını oxudu,
"Adınla böyüyəsən, Firəngiz
balamız" - dedi.
Firəngiz məktəbdə oxuyarkən nəğmə
dərslərinə xüsusi maraq göstərirdi. Sinif
yoldaşları onun gözəl səsinin olduğunu
söyləyirdilər. Məktəbdə keçirilən
mədəni-kütləvi tədbirlərdə Firəngiz
həmişə solist kimi çıxış edər,
nənəsindən, anasından eşitdiyi mahnıları
xüsusi şövqlə oxuyardı. Arzusu müğənni
olmaq idi. Evdə asudə vaxtlarında ailə üzvləri
və gələn qonaqlar üçün
"konsertlər" verərdi. Stullardan düzəltdiyi
"səhnəyə" həmişə "konsert
paltarında" çıxardı. Paltarı
özünün təkidi ilə anası tikmişdi.
Ozamankı Bakının mehriban qapı-qonşuları da Firəngizin
"konsertlərinə" həvəslə gələr,
evlərinə dağılışan zaman qızın
böyük sənət gələcəyinin olacağına
inandıqlarını bildirərdilər. Atası Yusif
kişi də qızının oxumağını çox
bəyənirdi. "Uşaqdır hələ, qoy istədiyi
qədər oxusun"- deyirdi. Sonralar eşidəndə ki,
Firəngiz musiqi təhsili almaq arzusundadır, kişi
özündən çıxaraq "Firəngiz həkimlik
dalınca getməlidir, aşıqlıq dalınca yox"-
söyləmişdi. Amma zaman öz hökmünü verdi.
Müharibə iştirakçısı Mahmud kişi
qızın atasını razı salmaq üçün xeyli
çalışdı. "Əgər oxumaq arzusu varsa, qoy
getsin musiqi dalınca, uşağın istəyini
ürəyində qoyma" -deyə yalvar-yaxar etdi. Ailənin
digər üzvlərinin də təkidindən sonra ata axır
ki, qızının müğənni olmasına
razılıq verdi. Firəngiz Asəf Zeynallı adına
Bakı musiqi məktəbinə qəbul olundu. Bir
vaxtdan sonra Azərbaycan radiosunun xor kollektivinə dəvət
alan Firəngiz həmin kollektivdə solist kimi
fəaliyyətə başladı. Firəngizin musiqi
məktəbində Rəfiqə adlı bir rəfiqəsi
vardı. O, günlərin birində Firəngizə
xahişlə müraciət etdi. "Sənin
yaxşı səsinin olduğunu hamımız bilirik.
Mənim bacım Ağabacı konservatoriyada
bəstəkarlıq sinfində təhsil alır. Bu
yaxınlarda Nizaminin sözlərinə bir romans
yazmışdır. Həmin romansı onun sənət
müəlliminin yanında oxumaq lazımdır. Sən
oxuyarsanmı?" Firəngiz
düşünüb-daşınmadan oxuyaram", - dedi.
Qızlar Rəfiqəgilə getdilər. Ağabacı
deyilən qız gələcəyin böyük
bəstəkarı Ağabacı Rzayeva idi. Romans
üzərində gərgin iş başladı.
Müğənni Firəngizin bəstəkar
Ağabacının romansına müəyyən iradları
nəzərə alındı və onlar
razılaşdıqları gündə konservatoriyaya
getdilər. Ağabacı dərs kabinetlərinin birinin
qapısına çatan kimi, Firəngizdən bir qədər
gözləməsini xahiş edib sinfə keçdi. Bir
neçə dəqiqədən sonra Firəngizi dərs
otağına çağırdılar.
İçəridə dərs masası arxasında
əyləşmiş eynəkli kişi Firəngizin
diqqətini ilk andan çəkdi və o, özünü bir
qədər itirən kimi oldu. Qızın
çaşqınlığını görən eynəkli
kişi gülümsəyərək "Xoş
gəlmisən, qızım. Keç royalın yanına, oxu
görək, nə oxuyursan?!"
Firəngiz oxumağa başlayanda eynəkli kişi
marağını gizlədə bilməyib bütün
diqqətini müğənniyə yönəltdi. "Harada
oxumusan, yaxud oxuyursan qızım"- deyə sual etdi.
Firəngiz özünü bir qədər də itirən kimi
oldu. "Bakı musiqi məktəbində oxuyuram"
-deyə cavab verdi. Eynəkli kişi bir qədər fikirləşəndən
sonra dedi: "Qızım, sənin yerin musiqi məktəbi
yox, konservatoriyadır . Sən konservatoriyada təhsil
almalısan". Firəngizin eynəkli kişinin dediklərinə
inanmağı gəlmədi. Fikirləşdi ki, musiqi
məktəbi tələbəsinin birbaşa konservatoriya
tələbəsi olması müəmmalı
məsələdir. Sonra da qərara gəldi ki, yəqin
eynəkli kişi zarafat xatirinə belə təklifdə
bulunur. Eynəkli kişi qapının yanına gedib öz
köməkçisini içəri dəvət edib
tapşırdı: "Bu qızın sənədlərini
rəsmiləşdir. Bundan sonra konservatoriyada oxuyacaq bu
qız". Firəngiz Ağabacıdan bu
kişinin kim olduğunu soruşanda aldığı cavab onu
lap çaş-baş saldı. Biləndə ki, onunla
danışan və konservatoriyada oxumağına qərar
verən eynəkli kişi Üzeyir bəy Hacıbəylidir,
danışmağa söz tapmadı. Həmin vaxtdan
Firəngizin müğənnilik karyerası başladı.
O, professor M.A.Kolotovanın sinfində vokal
təhsili almağa başladı. Çox tələbkar
müəlliminin tapşırıqlarına tam cavab
verməkdən və vokal texnikasının sirlərinə
yiyələnməkdən ötrü var qüvvəsi ilə
çalışan gənc qız operalardan ariyalar
öyrəndikcə özünü xoşbəxt
sayırdı. Konservatoriyanın ikinci kursunda oxuyarkən
Firəngiz Əhmədovanı Opera və Balet Teatrına
dəvət edib ona Müslüm Maqomayevin "Şah
İsmayıl" operasından Gülzarın
partiyasını hazırlamağı tapşırdılar.
Opera ifaçısı olmaq çətin bir işdir. İlk
növbədə, gərək vokal texnikasına yaxşı
yiyələnmiş olasan. Bu isə bir o qədər də
asan iş deyil. Opera partiyasının ifaçısı ilk
öncə, vokal səsini düzgün idarə etməyi
asanlıqla bacarmalı, boğazına güc vermədən
oxuya bilməlidir. Bunun üçün isə düzgün
oxumaq texnikasına (vokal texnikasına) mükəmməl
yiyələnmək tələb olunur. Vokal texnikası isə
müğənninin səs əmələgətirici
aparatının bütün hissələrinin
işləməsi və oxuyan zaman onların
qarşılıqlı əlaqəyə girə
bilməsidir. Oxumaq üçün səsin natural
qoyuluşuna nail olunmalıdır. Bu isə oxumaq
texnikasının inkişaf səviyyəsindən
aslıdır. Firəngiz xanımın səsi anadangəlmə
düzgün səs olub, bütün ifa
tələblərinə cavab verirdi. Onun
boğaz xırdalıqları konsert proqramlarında oxuduğu
mahnı və romansların, habelə ariyalardakı səs
incəliyi tələb olunan yerlərdə ifa
gözəlliyini genişləndirir, onların xalqının
qəlbinə dərindən nüfuz etməsinə
şərait yaradırdı. Firəngiz xanımın
səsində olan möcüzəli boğaz
xırdalıqları ölkəmizdəki vokal soprano
səslilərin heç birində yoxdur. Bu, bir Allah
hədiyyəsidir.
Səhnə
obrazının ürəyəyatımlı olması
üçün müğənnidən yüksək artistlik
qabiliyyəti tələb edir. Firəngiz
xanım vokal baxımından çox enişli-yoxuşlu olan
və buna görə də qüdrətli səs imkanları
və geniş diapazon tələb edən Gülzar
partiyasını müvəffəqiyyətlə yaratmaqla
bərabər, aktyorluq məharəti də nümayiş
etdirdi və tamaşaçıları məmnun qoydu. O, məhəbbəti yolunda bütün
çətinlikləri dəf edə bilən gözəl
Gülzar obrazını ustalıqla yaratdı. Onun opera
səhnəsindəki bu ilk çıxışı
böyük razılıqla qarşılandı, Azərbaycan
opera səhnəsinə çox böyük istedad
gəldiyini sübuta yetirdi.
Firəngiz
Əhmədovanın opera fəaliyyətində uğurlar
bir-birini əvəz etdi. Ona növbəti dəfə
Üzeyir bəy yaradıcılığının
əlçatmaz zirvəsi olan "Koroğlu" operasında
Nigar partiyasını tapşırdılar. Nigar partiyası da
vokal ifaçılığı baxımından çox
çətindir. Üzeyir bəy Nigarın
qəhrəmanlıq təzahürlərini qabarıq
verməkdən ötrü yuxarı notlardan çox
istifadə etmişdir. Firəngiz xanım
tamaşaçılarda heyranlıq doğuran bu notları
çox asanlıqla və qışqırıq qoparmadan
götürmək iqtidarında olduğunu sübuta yetirdi. O
və Koroğlunun əvəzsiz ifaçısı
Bülbül səsçatmaz notları inamla
götürmələri ilə hər dəfə
tamaşaçıların sürəkli alqışları
ilə mükafatlandırılırdılar. Firəngiz
xanım professor Bülbül ilə tərəfmüqabil
olması ilə həmişə fəxr edirdi.
Bülbülün ecazkar səsindən və məharətli
aktyor oyunundan heyranlığını gizlətmirdi və
həmişə fəxarət duyurdu. Firəngiz xanım
yaratdığı Nigar partiyasının
məziyyətləri barədə belə yazmışdı:
"Mən özümün çox da uzun olmayan aktyorluq
dövrümdə çox partiyalar oxumuşam. Cüzeppe
Verdinin "Aida" operasında Aida, "Otello"
operasında Dezdemona, Müslüm Maqomayevin "Nərgiz"
operasında Nərgiz, "Şah İsmayıl"
operasında Gülzar, "Arşın mal alan" komik
operasında Gülçöhrə, Fikrət Əmirovun
"Sevil" operasında Sevil, Corc Bizenin "Karmen"
operasında Mikaela, Süleyman Ələsgərovun "Bahadur
və Sona" operasında Sona obrazlarını
yaratmışam. Müxtəlif xarakterli, insanı
həyəcanlandıran, onun qəlbinin dərinliklərinə
nüfuz edən bu partiyaların hər biri mənim
üçün əzizdir. Lakin mənim çox sevdiyim bir
partiya da var - Nigar partiyası. Nigarın ariyaları
mənim qəlbimin dərinliklərinə işləmiş
və heyranlıq duyğuları yaratmışdır. Sürəkli alqışlar kəsiləndən
və pərdə örtüləndən sonra da uzun
müddət mən bu obrazın xoş təsiri altında
qalıram. Ona görə ki, Üzeyir
bəyin mənəvi böyüklüyü onun
yaradıcılığında da özünü qabarıq
göstərir".
Firəngiz
Əhmədovanın bənzərsiz,
ürəyəyatımlı, yaddaqalan səs tembri və
çox geniş diapazonlu səs imkanları onun Qərbi Avropa
bəstəkarlarının operalarında da
müvəffəqiyyətli obrazlar yaratmasına imkan
vermişdir. Məsələn, "Aida" operasındakı
bütün ariyalar vokal texnikası baxımından xeyli
çətin olduğuna görə, onları ifa etmək
hər ifaçının işi deyildir. Operanın
Nil pərdəsində Aidanın ürək ağrısı
ilə oxuduğu hüznlü ariyanın final notu çox
yüksək olduğuna görə, ifaçını
çətin vəziyyətdə qoyur. Hətta
bəzi tanıqlı sopranolar da bu çətinliyin
öhdəsindən qışqırıq səsinin
köməyi ilə bir təhər gəlirlər. Bu anda onların üz və boğaz
əzələləri çox gərildiyindən
mərhəmətli tamaşaçıların
heyifsilənmə hissləri keçirməsinə
səbəb olur. Firəngiz
Əhmədovanın Aidası heç bir vokal
çətinliyi çəkmədən final notunu çox
asanlıqla götürür və
tamaşaçıların gurultulu alqışları ilə
mükafatlandırılırdı. Müğənni
xanımın Caokomo Puççininin
"Çio-Çio-san" operasında madam Baterflayın
uğurla yaratdığı partiyasını Avropanın bir
sıra operasevərləri böyük razılıq və
məftunluqla qarşılamışlar.
SSRİ xalq artisti, Lenin
ordenli, bir sıra fəxri mükafatlar laureatı Firəngiz
Əhmədova Azərbaycanın zəngin musiqi tarixində
özünə layiq yer tutmuşdur. O, xalqın sevimlisidir. Firəngiz xanımın oxuduğu romanslar,
bəstəkar və xalq mahnıları xalqın musiqi
yaddaşında daim yaşamaq qüvvəsindədir. Sentyabrın 23-ü böyük müğənninin
doğum günü idi. Onu səmimi
qəlbdən təbrik edir, sevimli sənətkarımıza
uzun və mənalı ömür, möhkəm
cansağlığı arzusulayırıq. Qoy o,
Allahın xoşbəxt bəndəsi olaraq qalsın!
Azərbaycan.- 2008.- 7 oktyabr.- S. 6.