Azərbaycan Teatr
Xadimləri İttifaqında musiqi sənətimizin
inkişafında böyük xidmətləri olan,
Azərbaycan Dövlət və Opera Teatrında
yaratdığı obrazlar qalereyasına görə adı
mədəniyyət tariximizə əbədi həkk edilən
SSRİ xalq artisti, müxtəlif mükafatlar laureatı
Firəngiz Əhmədovanın anadan olmasının 80 illiyi
münasibətilə yubiley mərasimi keçirildi.
Tədbiri Azərbaycan
Teatr Xadimləri İttifaqının prezidenti Azər Paşa
Nemətov açaraq Firəngiz Əhmədovanın
müxtəlif operalarda yaratdığı obrazların
xarakterindən, möhtəşəmliyindən
danışdı. O bildirdi ki, Firəngiz Əhmədovanın
"Koroğlu" və "Sevil" operalarında
yaratdığı Nigar və Sevil obrazları aktrisaya
böyük uğur və şöhrət gətirməklə
bərabər, bənzərsizliyi ilə də yaddaşlarda
yaşamaqdadır.
Mərasimi professor Zemfira Qafarova aparırdı. Musiqişünas bildirdi ki, güclü, məlahətli lirik-dramatik
soprano səsə malik olan Firəngiz
Əhmədova təkcə
teatr səhnəsində
obrazlar yaratmayıb, o, həm də
kamera və simfonik konsertlərdə, Azərbaycan televiziya və radiosunda tez-tez çıxış
edib. Azərbaycan
aktrisasının sorağı
keçmiş SSRİ-nin
müxtəlif şəhərlərindən,
eləcə də Bolqarıstan, Rumıniya və Çexoslovakiyadan gəlirdi. Opera və Balet Teatrının səhnəsində
Firəngiz Əhmədova
Bülbül, Məmmədtağı
Bağırov, Lütfiyar
İmanov, Xanlar Haqverdiyev, Gülxar Həsənova, Rəhilə
Məmmədova, Rauf Atakişiyev, Firudin Mehdiyev və başqa sənətkarlarla
çiyin-çiyinə
çalışmış, onların böyük sənətindən bəhrələnmişdir.
1946-cı ildən Azərbaycan radiosunun xorunda solist işləyən Firəngiz
Əhmədova musiqi ifaçılığı sahəsində
korifey sənətkarlardan
biridir.
Opera və Balet
Teatrında vaxtilə bir truppada çalışan xalq
artistləri Arif Babayev, Canəli Əkbərov, Qərinə
Kərimova, Şahlar Quliyev çıxış edərək
Firəngiz Əhmədovanın
yaradıcılığından, onun Azərbaycan musiqi
mədəniyyətinə gətirdiyi yeni nəfəsdən
danışdılar. Əməkdar incəsənət xadimi,
jurnalist Fazil Rəhmanzadə Firəngiz Əhmədovanın
yaradıcılıq xüsusiyyətlərindən söz
açaraq belə korifeylərin həmişə
nümunə olduğunu bildirdi.
Məclisin sonunda xalq
artisti Firəngiz Əhmədova öz
çıxışında onu təbrik edən sənət
adamlarına, pərəstişkarlarına öz
minnətdarlığını bildirdi.
Azərbaycan.- 2008.- 8 oktyabr.- S. 7.