Əliyev İ.
Tamara Sinyavskayaya
Əziz Tamara
İlyiniçna!
Həyat
yoldaşınız, zəmanəmizin görkəmli musiqi
xadimi Müslüm Maqomayevin vaxtsız vəfatı barədə
faciəli xəbəri ürək ağrısı ilə
qarşıladım. Bu ağır itki ilə əlaqədar
bütün Azərbaycan xalqı ilə birlikdə mən
də kədər içindəyəm və Sizə dərin
hüznlə başsağlığı verirəm. Biz
hamımız bu acı xəbəri böyük şəxsi
itki, bütün azərbaycanlılar üçün,
bütün musiqi aləmi üçün əvəzsiz itki
kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv
bir dövrün rəmzi, əsl sənətin təcəssümü,
milyonlarla insanın sevimlisi idi.
Unudulmaz Heydər
Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük
məhəbbət və qayğı ilə
yanaşmasını Azərbaycanda yaxşı
xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi
sənətinin canlı əfsanəsi adlandırır və
onu babası Müslüm Maqomayevin Azərbaycanda
təməlini qoyduğu ənənələrin layiqli davamçısı
hesab edirdi.
Bu böyük
müğənnini və yüksək rəğbət hissi
doğuran insanı tanıyanların və sevənlərin
hamısı Sizin kədərinizə şərik olur. Allah
sizə yar olsun.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2008-ci il
Azərbaycan.- 2008.- 26 oktyabr.- S. 1.