Ağazadə Z.

 

Anatoli Solovyanenko: Ukraynada Müslüm Maqomayevi çox sevirdilər

 

Ukraynanın tanınmış teatr rejissoru, xalq artisti, məşhur opera müğənnisi Anatoli Solovyanenkonun oğlu Anatoli Solovyanenko Kiyevdə AzərTAc-ın xüsusi müxbiri ilə görüşündə atasının həmkarı və böyük dostu Müslüm Maqomayev barədə fikirlərini bölüşmüşdür.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfirliyi 1998-ci ilin mayında Kiyev Milli Filarmoniyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 75-ci ildönümü münasibətilə təntənəli qəbul və konsert təşkil etmişdi. Konsertdə opera sənətinin Müslüm Maqomayev və Anatoli Solovyanenko (ata) kimi meqaulduzları iştirak edirdilər.

Anatoli Solovyanenko demişdir: "Dahi ustadın və böyük insanın həyatdan köçməsi dünya opera sənəti üçün ağır və əvəzolunmaz itkidir. Ailələrimizi uzun illər ərzində yaradıcılıq və səmimi dostluq telləri birləşdirirdi. Müslüm Maqomayevin parlaq istedadı onun milyonlarla pərəstişkarının qəlbini fəth və valeh edirdi. Onu Ukraynada çox sevirdilər...

Bir neçə il əvvəl onun "Ukrayna" sarayında qastrol konsertləri zamanı baş tutmuş son görüşümüzü heç vaxt unutmayacağam. Müslüm Maqomayev sözün əsl mənasında dost idi və yorucu uçuşdan sonra axşam solo konsert verəcəyinə baxmayaraq, həmkarı və dostunun xatirəsi önündə baş əymək üçün xanımı ilə birlikdə atamın məzarını ziyarət etməyə gəlmişdi.

Axşam isə "Ukrayna" sarayının ağzınacan dolu salonunda onun gözəl benefisi oldu. O, çox illər əvvəl olduğu kimi, bu dəfə də dinləyicilərə öz qəlbinin hərarətini, böyük, indi isə artıq əbədiyyətə qovuşmuş sənəti ilə unudulmaz anlar bəxş etdi."

 

Azərbaycan.- 2008.- 28 oktyabr.- S. 4.