Akademik Əhliman Əmiraslanov: Müslüm Maqomayevin nurlu xatirəsi əbədi yaşayacaqdır"

 

Gözəl müğənni, nəcib insan, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayev dünyanın ən məşhur, ən nüfuzlu, ən istedadlı incəsənət xadimlərindən, şəxsiyyətlərindən biri idi. Onun vəfatı həqiqətən də çox böyük itkidir.

Bu barədə SSRİ Dövlət mükafatı laureatı, akademik Əhliman Əmiraslanov AzərTAc-a eksklüziv müsahibəsində bildirmişdir. Ə.Əmiraslanov demişdir:

- Mənim Müslüm Maqomayevlə şəxsi tanışlığım 1983-cü ildə Moskva şəhərində olmuşdur. O zaman mən Moskvada Onkoloji Elmi Mərkəzdə çalışırdım. M.Maqomayev bibisini xəstəliklə əlaqədar yanıma gətirmişdi. Müslümlə bu tanışlığımız sonralar dostluğa çevrildi. O, mənəvi cəhətdən də olduqca zəngin bir insan idi. Onunla həm müxtəlif tədbirlərdə, həm Azərbaycanın Moskvadakı səfirliyində, həm də evində tez-tez görüşürdük. M.Maqomayevin doğma Azərbaycanı sonsuz məhəbbətlə sevməsi, azərbaycanlı olması ilə fəxr etməsi həmişə məndə böyük qürur hissi doğururdu.

Müslüm Maqomayev məşhur müğənni olmaqla yanaşı, həm də mənə istedadlı bir rəssam və heykəltəraş təsiri də bağışlamışdı. Evində olarkən o, mənə özünün çəkdiyi çox dəyərli rəsm əsərlərini, hazırladığı əl işlərini də göstərmişdi. O, doğma Vətənə, sənətə olan sevgi və məhəbbətini öz incəsənət əsərlərinin dili ilə bir daha ifadə edirdi və bundan xüsusi zövq alırdı. Mən M. Maqomayevlə yaxın dost münasibətində olduğuma görə, onun həyat yoldaşı Tamara Sinyavskayanı da gözəl tanıyırdım.

Bir dəfə mən Moskvada cərrahiyyə əməliyyatı otağından çıxanda Onkoloji Elmi Mərkəzin yeddinci mərtəbəsində insanların bir yerə toplaşdığını gördüm. Onların arasında olan M. Maqomayev məni görməyə gəlmişdi. Mən həmin gün sadə insanların Müslümə bəslədikləri böyük məhəbbətin bir daha şahidi oldum.

Müslüm Maqomayev öz bənzərsiz musiqi ifaçılığı sənəti, istedadı ilə Azərbaycanı dünyaya tanıdan şəxsiyyətlərdən, nadir insanlardan biri idi. M. Maqomayevin yoxluğu Azərbaycan xalqı üçün əvəzsiz itkidir.
Müslüm Maqomayevin nurlu xatirəsi doğma Azərbaycana qəlbən bağlı olan bir insan kimi, dünya şöhrətli bir incəsənət xadimi kimi əbədi yaşayacaqdır.

 

Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.