Azərbaycan görkəmli
oğlu Müslüm Məhəmməd oğlu Maqomayevi son
mənzilə yola salmışdır
Oktyabrın 29-da
ölkəmizin ictimaiyyəti zəmanəmizin görkəmli
musiqi xadimi, müğənni və bəstəkar,
Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm
Məhəmməd oğlu Maqomayevi son mənzilə yola
salmışdır.
Mərhumun cənazəsi
Azərbaycan Dövlət Filarmoniyasının
matəmsayağı bəzədilmiş səhnəsində
postament üzərində qoyulmuşdu. Divardan Müslüm
Maqomayevin portreti asılmışdı. Səhnədə
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti
Dmitri Medvedevin adından əklillər qoyulmuşdu.
Filarmoniyanın
foyesində dövlət, hökumət və
yaradıcılıq təşkilatları, ali təhsil
ocaqları, müxtəlif kollektivlər adından əklillər
düzülmüşdü.
Müslüm Maqomayev
doğma Azərbaycanın fəxri idi. Cəmi
20 yaşı olarkən Helsinki festivalında uğurlu
çıxışı ilə şöhrət
qazanmış Müslüm Maqomayev tezliklə bütün
Sovet İttifaqında məşhurlaşmışdı.
1963-cü ildə Moskvanın Çaykovski adına salonunda
onun ilk solo konsertinə isə bilet tapmaq mümkün deyildi
(taleyin hökmünə bax: 45 il sonra, oktyabrın 28-də elə həmin salonda dünya
şöhrətli müğənni ilə vida mərasimi
olmuşdur). O vaxt Moskva mətbuatı onun
haqqında yüksək rəylər səslənən
yazılar vermişdi. 1960-70-ci illərdə Müslüm
Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert
salonlarındakı yerlər azlıq edir, o, stadionlarda
minlərlə dinləyici qarşısında
çıxış edir, daim qastrol səfərlərində
olurdu. Mahnıları yazılmış vallar çox
böyük tirajla buraxılırdı. Deyirdilər ki, o,
musiqi üçün doğulmuşdur. Müslüm,
sadəcə, oxumurdu, o, mahnını qəlbindən
keçirərək dinləyiciyə çatdırırdı.
Onun yaradıcılığının mayasını
məhəbbət - insana, vətənə, dünyaya
məhəbbət təşkil edirdi. Elə buna görə
də "İnsanların qəlbinə Müslüm kimi
heç kəs yol tapa bilməyibdir" deyənlər
tamamilə haqlıdırlar. "Bakı
bülbülü" adlandırılan Müslüm Maqomayev
Sovet İttifaqında milyonlarla insanın - dövlət
rəhbərlərindən tutmuş, sadə əmək
adamlarına qədər hamının sevimlisi idi. Məhz buna
görə də onu sovet estradasının son yarım
əsrdəki ən parlaq ulduzu, kralı, simvolu
adlandırırdılar. Keçmiş SSRİ-də klassik
ariyaları və mahnıları estradaya məhz Müslüm
gətirmişdi. Bütün bunlara görə ona 31
yaşında SSRİ xalq artisti adı verilmişdi. O, bu ada
layiq görülmüş ən cavan adam idi. Dostlarından
birinin, Rusiyanın məşhur rəssamı Nikas Safronovun
dediyi kimi: "Müslüm Maqomayev dünya miqyaslı dahi
idi, onun adını cəsarətlə Edit Piaf, İv Montan,
Luçano Pavorotti kimi dünya ulduzları ilə bir sırada
çəkmək olar".
Müslüm Maqomayev
operalardan ən çətin ariyaları da,
qəlblərə məlhəm kimi yayılan lirik
mahnıları da, xüsusilə, gəncləri cuşa
gətirən şux mahnıları da böyük
ustalıqla, özünə xas olan yüksək artistizmlə
ifa edirdi. Onun repertuarında 600-dək əsər
vardı.
Böyük müğənni həm də gözəl
mahnılar müəllifi idi. 20-dən çox mahnı,
kinofilmlərə musiqi bəstələmişdi. Onun xalq
şairi Nəbi Xəzrinin şeirinə bəstələdiyi
və dillər əzbəri olan əzəmətli
"Azərbaycan" mahnısı ölkəmizə ithaf
olunmuş ən gözəl əsərdir.
O, "Oxuyur Müslüm
Maqomayev", "Nizami", "Moskva notlarda"
filmlərində çəkilmişdir.
Ümummilli lider
Heydər Əliyev xalqımızın böyük oğluna
həmişə himayədarlıq edir, ona əsl atalıq
qayğısı göstərirdi. Onların arasında son dərəcə
səmimi münasibətlər vardı.
Azərbaycan xalqının
zəngin musiqi ənənələrini müasir dövrdə
layiqincə inkişaf etdirmiş və dünyada geniş
təbliğ etmiş maestro Müslümün
həmkarları, dostları, tanışları,
tanınmış mədəniyyət və
incəsənət, elm xadimləri, mərhumun ecazkar
səsinin vurğunları, eləcə də xarici ölkələrdən
gəlmiş pərəstişkarları axın-axın
mərhumun şöhrətli babasının - Azərbaycan
bəstəkarlıq məktəbinin banilərindən olan Müslüm
Maqomayevin adını daşıyan filarmoniyanın binasına
gəlir, dünya şöhrətli sənətkara və
gözəl insana son borclarını verirdilər.
Salonda bənzərsiz müğənninin
mahnıları səslənirdi.
Filarmoniyanın
foyesində Matəm kitabı qoyulmuşdu. Vida
mərasiminə gələn rəsmi şəxslər,
tanınmış elm, mədəniyyət və
incəsənət xadimləri, xarici qonaqlar, ictimaiyyətin
nümayəndələri kitaba ürək sözlərini
yazırdılar.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dünya
şöhrətli müğənni, Azərbaycanın xalq
artisti, SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida
mərasimində iştirak etmək üçün
filarmoniyaya gəldi.
Dövlətimizin
başçısı və xanımı Mehriban Əliyeva
görkəmli sənətkarın ailə
üzvlərinə, qohum-əqrəbasına dərin
hüznlə başsağlığı verdilər və
onlarla birlikdə əyləşdilər.
Salona bir neçə dəqiqəlik
sükut çökdü. Sonra Müslüm Maqomayevin ecazkar
səslə ifa etdiyi mahnılar - dahi Üzeyir
Hacıbəylinin Nizami Gəncəvinin qəzəlinə
bəstələdiyi "Sənsiz" romansı və
məşhur rus şairi Sergey Yeseninin şeirinə
Müslümün özünün yazdığı "Əlvida,
Bakı" mahnısı səsləndirildi.
Sonra matəm mitinqi oldu.
Baş nazirin müavini səlahiyyətlərini icra edən
Elçin Əfəndiyev mitinqi açaraq dedi:
-
Möhtərəm cənab Prezident!
Əziz dostlar!
Azərbaycan xalqına
ağır itki üz vermişdir. Xalqımızın
böyük oğlu, nəğməkarı,
müğənnisi Müslüm Maqomayev vəfat etmişdir.
Ancaq Müslüm Maqomayevin istedadı, sənəti elə bir
ehtiva dairəsinə malik idi ki, bu itki, əslində,
müasir dünya musiqisinin itkisidir. O, dünya
şöhrətli bir sənətkar idi.
Mən dünən
Moskvada Çaykovski adına konsert salonunda moskvalıların
Müslüm Maqomayevlə vida mərasimində iştirak
etdim. Dünya musiqisi mədəniyyətinin ən
zəngin ənənələrini yaşadan və
ağzına kimi dolu olan o böyük salon tam sükut
içində idi. Minlərlə sadə insan gəlib
Müslüm Maqomayevə, böyük sənətkara son
borcunu verirdi. Bəlkə də, həyatımda heç vaxt
hiss etmədiyim acı bir fəxarət hissi keçirirdim. Ona
görə acı hiss ki, söhbət böyük bir
itkidən gedir. Amma ona görə fəxarət hissi ki,
Azərbaycanın, Azərbaycan xalqının yetişdirdiyi bu
cür sənətkara Azərbaycandan kənarda belə
hörmət, məhəbbət var idi. Mənim yadıma
gəlir, 1969-cu ildə unudulmaz Heydər Əliyev 27
yaşlı bir cavanda böyük istedadı
müşahidə etdi və əlverişli şərait
yaratdı ki, onun istedadı parlasın. Belə də oldu,
Müslüm Maqomayev 31 yaşında SSRİ xalq artisti adı
aldı. Bu, SSRİ miqyasında, gerçəkliyində
fantasmaqorik hadisə idi ki, başqa bir respublikadan olan 31
yaşında cavan bir adam SSRİ xalq artisti kimi yüksək
ad alsın.
E.Əfəndiyev
vurğuladı ki, Müslüm Maqomayev klassik və müasir
rus bəstəkarlarının, Qərbin klassik və
müasir bəstəkarlarının əsərlərini ifa
etdikdə də, əslində, eyni zamanda, Azərbaycanın
vokal sənətini təcəssüm etdirirdi, Azərbaycan
mədəniyyətinin əldə etdiyi nailiyyəti
bütün dünyaya göstərirdi. O, harada
olursa-olsun özü, yaxud sevimli, sədaqətli həyat
yoldaşı, böyük sənətkar Tamara Sinyavskaya
ilə birlikdə şah əsərlərindən birini,
bəlkə də birincisi olan "Azərbaycan"
mahnısını ifa edirdi. Həyatının
böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa
da, öz canı ilə, qanı ilə Azərbaycana
bağlı idi. Əlbəttə, bu, onun Azərbaycana
sevgisindən, məhəbbətindən, daxilən
Azərbaycanla bir yerdə olmasından xəbər verirdi.
Təsadüfi deyil ki, o, müstəqil Azərbaycanın da
sevimli bir vətəndaşı idi. O,
"Şöhrət" və "İstiqlal"
ordenləri almışdı. Bu sözləri deyərkən
yadıma onun Azərbaycanda keçirilmiş 60 illik yubileyi
düşür. Yadınızdadır, unudulmaz ulu
öndərimiz Heydər Əliyev onun haqqında necə
məhəbbətlə danışdı. O da hansı bir
məhəbbətlə öz sənətini nümayiş
etdirdi, necə qanadlandı.
Bu ağır
gündə təskinliyimiz ondadır ki, mədəniyyət
yaşadıqca və xalqımız var olduqca, Müslüm
Maqomayev də Azərbaycan xalqının yaddaşında yaşayacaqdır.
Onun yaradıcılığı nəinki təkcə
Azərbaycan, bütün dünya
musiqişünaslarının tədqiqat obyektinə
çevriləcək, dünya musiqisevərlərinin yaddaşında
yaşayacaqdır.
Müslüm Maqomayevi
Azərbaycan böyütdü, boya-başa
çatdırdı və dünya sənət meydanına
çıxardı. Bu gün isə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin şəxsi səyi və
təşəbbüsü ilə biz Müslümü,
əziz dostumuzu, qardaşımızı burada Bakıda
doğma torpağa tapşıracağıq. O, babası
ilə yanaşı olacaqdır.
Sonra
çıxış edən Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
dedi ki, bu gün Azərbaycan mədəniyyəti
üçün çox ağır gündür, biz
Müslüm Maqomayev kimi böyük sənətkarı son
mənzilə yola salırıq. Vida mərasimi onun
babasının adını daşıyan filarmoniyanın bu
gözəl konsert salonunda keçirilir. Burada onun səsi
dəfələrlə səslənmişdir. Müslüm
Maqomayev çoxşaxəli sənətkar idi. O, dahi idi.
Belə geniş diapazona malik səs çox az müğənnilərə
qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər bir
mahnıda, hər bir ariyada böyük dünya
yaradırdı.
Müslüm Maqomayevin
çox nadir bariton səsi var idi. Biz çox
heyfsilənirdik ki, son illərdə o, çıxış
etmirdi. Amma radio və televiziyada səsini eşidirdik və
həmişəki kimi ona valeh olurduq.
Biz bu gün artıq
Müslüm Maqomayev fenomeni haqqında danışa
bilərik. Ona görə ki, Müslüm Maqomayev
milyonlarla insanın ürəyini fəth edə bilmişdi.
İncəsənətdə çox ulduzlar var, amma əsl
ulduz Müslüm Maqomayev idi. Onun bəstələdiyi
mahnılar Azərbaycanın rəmzinə çevrilibdir. Biz
çox fərəhlənirdik ki, Müslüm Maqomayev bizim
Bəstəkarlar İttifaqının üzvü idi.
Bu gün Müslüm
Maqomayevə əlvida demək çox çətindir. Amma
musiqinin möcüzəsi ondadır ki, sənətkar
getsə də, onun sənəti qalır. Müslümün
səsi konsert salonlarımızda, lent yazılarında,
televiziya kanallarında daim səslənəcəkdir.
F.Əlizadə
çıxışının sonunda dedi:
- Mən bir musiqiçi
kimi möhtərəm cənab Prezidentə bir daha dərin
təşəkkürümü bildirmək istəyirəm
ki, bu vida mərasimi Müslüm Maqomayevin çox sevdiyi
Azərbaycanda keçirilir və o, Fəxri xiyabanda
özünün son mənzilini tapacaqdır.
Allah
rəhmət eləsin!
Sonra söz verilən
Rusiya İctimai Palatasının üzvü, məşhur
uşaq həkimi Leonid ROŞAL dedi ki, mən
Müslümün və Tamaranın ailəvi dostları
adından çıxış edirəm. Müslüm
dünya miqyaslı şəxsiyyət idi, Yer
üzündə belə insanlar az-az doğulur. Moskva və
Rusiya Müslümlə layiqincə vidalaşdı. Vida
mərasimində çəkilmiş "quru" xronika
kadrlarını görmüsünüz. Lakin
gözlərindən fasiləsiz yaş axan insanları orada,
salonda görmək lazım idi. Müslümün burada,
Bakıda dəfn edilməsi barədə qərar qəbul edilməsi
o qədər də sadə məsələ deyildi.
Müslüm Azərbaycana nə qədər mənsubdursa,
Rusiyaya da, bütövlükdə dünyaya da eyni
dərəcədə mənsubdur. Mən böyük
müdriklik göstərmiş Tamaranın
qarşısında baş əyirəm. O,
düzgün seçim etdi və haqlı olaraq bu qərara
gəldi ki, Müslüm öz vətənində torpağa
tapşırılsın, qoy onun məzarı babasının
və əmisinin məzarı ilə yanaşı olsun, qoy
onun doğulduğu torpaq ölümündən sonra da onu
ağuşuna alsın.
Müslüm haqqında
çox danışmaq olar və hələ çox
danışacaqlar. Görün insanların ona sevgisi
nə qədər güclüdür. Axı son on ildə o,
mədəni həyatda faktik olaraq fəal iştirak etmirdi. Bu
müddətdə onun böyük solo konsertləri
olmamışdı. Özü demişdi ki, istəyirəm
xalq məni necə görmüşdüsə, necə
sevmişdisə elə də gedim - gənc, gözəl
səsə malik Müslüm kimi. Hərçənd, onun
səsi son vaxtlara qədər gözəl idi. 65 illik
yubileyində əla oxumuşdu. Lakin qürur hissi,
ləyaqət hissi, əvvəlkindən azacıq da olsa pis
oxumağa haqqı olmamasını düşünməsi -
bütün bunlar onu səhnədən getməyə vadar
etdi. Fikir verin, on il idi ki, o, səhnəyə
çıxmırdı. Amma dünən minlərlə
moskvalı və Rusiya paytaxtının qonaqları bu
böyük insana - Müslümə son dəfə təzim
etmək, onun tabutu üzərinə
gül-çiçək dəstələri düzmək
üçün Sadovaya küçəsi ilə
irəliləyirdi.
Bu salonda çox
sadə, təvazökar bir insan əyləşir - cənab
Ağalarov. O, Moskvada vida mərasiminin layiqincə
keçirilməsi üçün çox iş
görmüşdür.
Müslümün
xatirəsi uzun müddət yaşayacaqdır. Biz
Müslümün məzarını tez-tez ziyarət edə
bilməyəcəyik, amma bunu etməyə
çalışacağıq. Rusiya onu heç vaxt
unutmayacaqdır.
Məzarı
nurla dolsun!
Xalq artisti, kinorejissor
Eldar Quliyev vurğuladı ki, kiminlə
vidalaşmağımızı, kimi son mənzilə yola
salmağımızı təsəvvür etmək
çətindir. Cəmi bir həftə əvvəl
onunla zəngləşmiş, iş barədə,
planlarımız barədə söhbət etmişdik.
İndi isə onunla vidalaşırıq. Amma mən əlvida
demirəm. Mən niyə kədərlənməliyəm?
Sən canlı əfsanə idin, nəvələrim mənə
həsəd aparacaqlar ki, səni görmüşəm,
səninlə ünsiyyətdə olmuşam. Mən onlara
sənin haqqında, ulu Tanrının sənə bəxş
etdiyi istedad və gözəllik təkcə zahiri yox, həm
də mənəvi gözəllik haqqında
danışacağam. Sən səhnəyə çıxanda
bütün salona sükut çökürdü. Sən
insanlara sevinc bəxş edirdin, sənin konsertində olmaq,
bənzərsiz, nadir səsini eşitmək xoşbəxtlik
idi! Mən bütün bunlar barədə uşaqlarıma,
nəvələrimə danışacağam, onlar da öz
uşaqlarına, öz nəvələrinə
danışacaqlar.
Səmada bir ulduz var -
Müslüm Maqomayev ulduzu. Müslüm özü
necə istedadlı, parlaq insan idisə, bu ulduz da
həmişə elə parlayacaqdır. Gecələr ulduzlu
səmaya baxanda sənin ulduzunu tapacağam, o, mənim
üçün işıq saçacaq və mən bu vaxt
sənin gözəl nəğmələrini, ecazkar səsini
dinləyəcəyəm.
Bu torpaq çox dahi
insanlar yetişdirib, bu xalqın çox böyük
oğulları olub. Müslüm, sən ölkəmizin
böyük oğlusan, biz fəxr edirik və
həmişə fəxr edəcəyik ki, sən
bizimkisən. Biz fəxr edirik ki, xalqımızın sənin
kimi oğlu var.
Məzarın
nurla dolsun! Allah rəhmət eləsin!
Sonra
çıxış edən Bakı Musiqi Akademiyasının
rektoru, xalq artisti Fərhad BƏDƏLBƏYLİ dedi ki, dost
itirmək çox ağırdır, 50 ilin dostunu itirmək
isə dəhşətdir. Müslümün burada
oxuduğu ariyanı ilk dəfə eşidəndə mənim
10, onun 16 yaşı vardı. Müslüm özü
çalır, özü oxuyur, biz də baxaraq, onunla fəxr
edirdik. Müslüm 20 yaşında bütün Moskvanı,
Rusiyanı fəth etdi. Müğənni kimi təriflənməsini
xoşlamırdı, son dərəcə təvazökar insan
idi. Müslüm əsl dost, çox etibarlı bir dost,
çətin günün dostu idi. Moskvada möhtəşəm
bir mərasim idi və kimsə dedi ki, yalnız
marşalları belə yola salırlar. Başqa birisi də
dedi ki, Müslüm musiqinin marşalıdır. Doğrudan
da, Müslüm musiqinin əsl marşalı idi,
Azərbaycanın fəxri idi. Bu torpağı, bu
Vətəni ən yüksək səviyyədə təmsil
edirdi.
Dünən Moskvada vida
mərasimində çıxış edənlər
Müslümün taleyində ulu öndərimizin
böyük rolunu vurğuladılar. Bunu xalqımız
bilməlidir, çünki bu, tarixdir. Hörmətli
Prezidentimizin qərarını - Müslümün burada,
Azərbaycanda son mənzilə yola salınması
barədə qərarını moskvalılar da başa
düşdülər və çox müsbət
qarşıladılar. Əlbəttə, o, babası ilə
bir torpaqda yatmalıdır.
Allah rəhmət
eləsin!
Rusiya Federasiyasi Prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvidkoy çıxışında
dedi ki, Rusiya Prezidenti Dmitri Medvedevin tapşırığı
ilə mən Bakıda, dünyaya Müslüm Maqomayevi
bəxş etmiş bu torpaqda sizə səmimi qəlbdən
başsağlığı verirəm.
Xatirimdədir,
Müslümü ilk dəfə 1961-ci ildə kommunal
mənzilimizdə televizorda görmüşdüm. Mənə
elə gəlirdi ki, dünya çevrilmişdir, bizim yoxsul
həyatımıza daxil olan bu insan deyir ki, hər şey
yaxşı olacaq, hər şey dəyişəcəkdir.
Adama elə gəlirdi
ki, lap cavan oğlan nə edə bilər ki, milyonların
qəlbini riqqətə gətirsin. Tez-tez deyirlər ki,
gərək o, opera səhnəsindən getməyəydi,
dünyanın aparıcı teatrlarının
səhnələrini tərk etməyəydi. Ancaq o isə
milyonlarla insan üçün oxumaq istəyirdi və bu
insanlar ona dərin minnətdarlıqlarını
bildirirdilər.
Bu gün biz
hamımız, xüsusilə, onun yaxınları
"Sənsiz" romansında oxuduğu kimi, onsuz
yaşamağı öyrənməliyik. Biz onsuz yox,
onunla birlikdə yaşayacağıq, o, Rusiya ilə
Azərbaycan arasında körpüyə
çevriləcəkdir. Çünki onun məzarını
ziyarət etmək üçün, bu dahini dünyaya
bəxş etmiş torpağın havasını udmaq üçün
buraya gələcəklər.
O, öz babası və
əmisi ilə yanaşı dəfn olunacaqdır. Bu,
olduqca ədalətli qərardır.
Əlbəttə, biz
Müslümə qarşı diqqətsiz olmuşuq, mən
bunu özüm barədə deyirəm. Onun bizim
üçün necə əziz olduğunu
anlamamışıq. Dünən Moskva Müslüm
Maqomayevlə vidalaşanda bu, aydın oldu. Sanki Fiqaronun
ariyasını, "Buxenvald harayı"nı ifa etmiş 17
yaşlı Müslüm dünyadan
köçmüşdür. Biz vidalaşırdıq və
anlayırdıq ki, ona diqqətsiz olmuşuq.
Müslüm, bizi bağışlayın. Əlvida.
Vida mərasiminin sonunda
Prezident İlham Əliyev mərhumun ailə
üzvlərinə bir daha dərin hüznlə
başsağlığı verdi, onlara Tanrıdan səbir
dilədi.
Salonda Müslüm
Maqomayevin ifasında onun əzəmətli
"Azərbaycan" mahnısı səsləndirildi. Mərasimə toplaşanların sürəkli
alqışları və "Müslüm,
Müslüm!" nidaları altında dünya
şöhrətli müğənninin cənazəsi filarmoniyanın
binasından qaldırılaraq, Prezident İlham Əliyevin,
xanımı Mehriban Əliyevanın, mərhumun ailə
üzvlərinin, qohumlarının və minlərlə
insanın müşayiəti ilə birinci
Fəxri xiyabana aparıldı. Yol boyu insanlar müasir
dövrün görkəmli musiqi xadimi, müğənni
və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq
artisti, əsl vətəndaş və gözəl insan
Müslüm Məhəmməd oğlu Maqomayevin tabutunu
ümumxalq məhəbbəti əlaməti olaraq
gül-çiçəyə qərq edirdilər.
Fəxri xiyabanın
ətrafı öz böyük oğlunu son mənzilə yola
salmaq üçün əklillər və
gül-çiçək dəstələri ilə
gəlmiş insanlarla dolu idi.
Matəm duası oxunduqdan
sonra Müslüm Maqomayevin cənazəsi babasının,
məşhur Azərbaycan bəstəkarı Müslüm
Maqomayevin məzarının yanında doğma torpağa
tapşırıldı.
Mərhumun ruhuna müqəddəs Quran oxundu.
Məzarı
üstünə Azərbaycan Prezidenti İlham Əliyevin,
Rusiya Prezidenti Dmitri Medvedevin, RF hökumətinin
başçısı Vladimir Putinin, Heydər Əliyev
Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun,
respublikanın müxtəlif dövlət qurumlarının,
yaradıcılıq təşkilatlarının,
ayrı-ayrı şəxslərin adından əklillər
qoyuldu.
Müslüm Maqomayev
sənətinin minlərlə pərəstişkarı dahi
müğənniyə son borcunu verərək, məzarı
üstünə gül-çiçək
dəstələri düzür, onun ruhu qarşısında
baş əyirdi.
Fəxri xiyabana insan axını axşam saatlarınadək
davam etdi.
Azərbaycan
Müslüm Maqomayevi yetirdi, pərvazlandırdı, o isə
Vətənini dünyada şöhrətləndirərək
övladlıq borcunu layiqincə yerinə yetirdi. Uzun
müddət doğma şəhərindən,
ölkəsindən uzaqda yaşasa da, boya-başa
çatdığı Azərbaycana həmişə
sədaqətli qaldı. Son mənzili də doğma
Azərbaycan torpağı oldu.
Astronomlar
Günəş sistemindəki kiçik planetlərdən
birinə onun adını vermişlər: "4980
Maqomaev". Müslüm haqq
dünyasına qovuşsa da, onun sənəti bu planet kimi daim
yüksəkdə olacaq, işıq saçacaq,
qədirbilən Azərbaycan xalqı görkəmli oğlunun
əziz xatirəsini həmişə əziz tutacaq,
əbədi yaşadacaqdır. Çünki o,
sönməyən ulduzdur.
Allah
rəhmət eləsin, məzarı nurla dolsun!
Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 1.