Dünya Müslümsüz
qaldı
Məşhur müğənni
Bakıda dəfn ediləcək
"Bu yaxınlarda bir artist televiziyaya müsahibəsində etiraf
etdi ki, konsert vermək təklifini "Rossiya"
konsert zalının yaxınlığındakı səkidə
"ulduz"unu həkk etdirməkdən ötrü qəbul edib. Sonra da
əlavə etdi ki, belə təklifdən
kim imtina edər?!
Həmin
artistə bildirməliyəm ki, İosif Kobzon eyni təklifi
əvvəlcə rədd etmişdi, amma sonra ürəyi
dözməyib razılaşdı. Adı yazılmış
"ulduz"un mərkəzi səkilərin
birinə həkk edilməsi təklifini alan ilk artistlərdən
biri olsam da, qəti şəkildə
buna razılıq verməmişəm.
Mən heç zaman ümumi kütlənin içində
olmağı xoşlamamışam.
Qəbul edə bilməzdim ki, adımın yazıldığı
"ulduz"u hər gün yüzlərcə insan tapdalayıb keçəcək.
Bu barədə
KİV-ə bir neçə müsahibə
də vermişəm.
Deyəcəkciniz ki, bu, təvazökarlığa
sığan mövqe deyil? Ola bilər.
Amma diqqətinizə çatdırmalıyam ki,
təvazökarlıq keyfiyyətim
həmişə qədərindən
də çox olub! Mən heç zaman özümü dahi hesab etməmişəm. İndiki "ulduz" və "ulduzcuqlar"dan fərqli olaraq. Mən həmişə heç zaman çata bilməyəcəyim zirvə
barədə düşünmüşəm.
Mənim müəllimlərim
Karuzo, Lans, Qobbi və digər
dahi ifaçılar olublar. Anlayırdım ki, onlara çatmağım
mümkünsüzdür. Buna
görə də özümü həmişə
axtarışda olan musiqiçi hesab etmişəm. Bunlar gurultulu sözlər deyil. Mən həmişə səmimi
danışıram. Bu
isə tez-tez ziyanıma işləyir".
Bu
fikirlər Müslüm Maqomayevin son
müsahibələrindəndir. Zənnimcə, bunlar bütöv bir epoxanın rəmzinə çevrilmiş,
çox gənc yaşlarında geniş şöhrətin, sonsuz və solmaz populyarlığın "dadını"
görmüş özgün
bir sənətkarın
və şəxsiyyətin
daxili aləmini ən dürüst tərzdə əks etdirən açıqlamadır.
Çünki bu etirafda uşaq sadəliyi də var, gənclik
şövqü də,
müstəsna sənət
adamının yalnız
onlara xas baxışları da. 31 yaşında SSRİ xalq artisti adına layiq görülən, sovet ifaçılıq sənətinin ən yaxşı təmsilçisi
kimi bütün dünyanı gəzən
Müslüm Maqomayevin
dünya vətəndaşı
olması gəlişigözəl
ifadə deyildi. 18 yaşına qədər Bakıda, əmisinin evində tərbiyə almış, burda ilk və ali
musiqi təhsilinə yiyələnmiş Maqomayev
davranışında və
ifaçılığında sonadək özünə
sadiq qalmağı bacardı. Sovet dönəmində kommunist
partiyasını, vahid
ideologiyanı və bu ideologiyanın icraçılarını
mədh etməyi ağlına belə gətirmədiyi kimi,
SSRİ dağıldıqdan sonra baş alıb-gedən yeni dəyərlər, fərqli meyarlar "bazarının" adamına
çevrilməyi də
bacara bilməzdi. 10 ildən artıq bir müddət ərzində dünya
səhnəsinin "Oxuyur Müslüm
Maqomayev!" bildirişindən
məhrum olması, müğənninin potensialını
bu gün ən böyük çatışmazlıq olan
maarifləndirmə üzərində
köklənmiş şəxsi
saytı vasitəsilə
pərəstişkarları ilə ünsiyyətlə
məhdudlaşdırması həm onun özünə,
həm əhatə edən mühitə təsirsiz ötüşə bilməzdi...
Oktyabrın
25-də 66 yaşında Moskvadakı evində ürək
çatışmazlığından dünyasını
dəyişən Müslüm Maqomayevin ailə
üzvlərinə Azərbaycanın və Rusiyanın
dövlət başçıları
başsağlığı verdilər. Müxtəlif
ölkələrin ən
görkəmli mədəniyyət
və incəsənət
xadimləri onunla bağlı xatirələrini
danışır, itkinin
yaşatdığı ağrını
bölüşürlər. Müslüm Maqomayevlə
birinci vida mərasimi bu gün Moskvada, P.İ.Çaykovski adına
konsert zalında keçiriləcək. Mərasimi
idarə etmək isə Svyatoslav Belzaya həvalə edilib. Həmin günün 2-ci yarısında
Müslüm Maqomayevin
cənazəsi Bakıya
gətiriləcək. Azərbaycan
Respublikasının prezidenti
İlham Əliyevin sərəncamına uyğun
olaraq bundan ötrü yaradılmış
nümayəndə heyəti
dünən Moskvaya yola düşüb. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına
görə, baş nazirin birinci müavini vəzifəsini
icra edən Elçin Əfəndiyevin
rəhbərlik etdiyi nümayəndə heyətinə
Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, kinorejissor
Eldar Quliyev və başqaları daxildir. Xüsusi reyslə Bakıya çatdırılandan sonra
oktyabrın 29-da Müslüm
Maqomayevlə doğma
Bakısında, babasının
adını daşıyan
Azərbaycan Dövlət
Filarmoniyasında vida mərasimi təşkil ediləcək. Daha sonra isə o, Fəxri xiyabanda
torpağa tapşırılacaq.
Allah
rəhmət eləsin!
Həftə içi.- 2008.- 28 oktyabr.- S. 8.