Azərbaycanın Böyük
Britaniyadakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, Londonda nəşr olunan nüfuzlu "The Times" qəzetində dünya şöhrətli müğənni
Müslim Maqomayevin vəfatı ilə bağlı məqalə dərc olunmuşdur.
Məqalədə
Müslim Maqomayev keçmiş Sovet İttifaqının
"Sinatra"sı adlandırılmış, dahi
musiqiçinin Bakıda məşhur sənət adamlarının
ailəsində anadan olduğu və böyüyüb başa
çatdığı haqqında ətraflı məlumat
verilmişdir. Gələcəyin dahi müğənnisinin Bakıda əvvəlcə
musiqi məktəbində,
sonra isə konservatoriyada təhsil aldığı, pianoçu
və bəstəkar ixtisasına yiyələndiyi
xüsusi qeyd olunmuşdur.
Məqalədə dahi
azərbaycanlının səhnəyə qədəm
basdığı gündən etibarən fenomenal bir
şəxsiyyətə çevrildiyi
vurğulanmışdır. Müslüm
Maqomayevin Milanın dünyada tanınmış
"La Skala" və Parisin "Olimpiya" teatrında çıxışları və
yaradıcılığının digər mühüm məqamları da oxucuların diqqətinə
çatdırılmışdır. Müəllif Müslüm
Maqomayevin repertuarında
olan ən məşhur mahnılar haqqında söhbət açmış, bu mahnıların ona dünyada geniş şöhrət qazandırdığını
bildirmişdir. Yazıda
M.Maqomayevin yaradıcılığının
çoxşaxəli olduğu,
onun teatrda və kinoda da çox uğurlu
obrazlar yaratdığı
diqqətə çatdırılmışdır.
Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.