Böyük sənətin canlı əfsanəsi

 

SSRİ xalq artisti, ümumittifaq və beynəlxalq müsabiqələr və festivallar laureatı Müslüm Məhəmməd oğlu Maqomayev uzun sürən ağır xəstəlikdən sonra Moskvada 67 yaşında vəfat etmişdir.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinin fortepiano kompozisiya sinfində oxumuş, 1968-ci ildə Konservatoriyada Ş.Məmmədovanın sinfində təhsil almışdır. 1962-ci ildə Kremlin qurultaylar sarayında keçirilən Azərbaycan incəsənəti festivalından sonra böyük şöhrət qazanmış, bir il sonra 21 yaşında Moskvada Çaykovski adına konsert salonunda solo konsertlə çıxış etmişdir.

1963-cü ildə gənc müğənni M.F.Axundov adına Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayır, 1964–1965-ci illərdə Milanda “La Skala” teatrında təcrübə keçir. 60- illərdə gənc Müslüm ecazkar səsi ilə nəinki Sovet İttifaqında, eləcə artıq bütün dünyada böyük şöhrət qazanmışdı. ParisinOlimpiyateatrındakı çıxışları (1966 1969-cu illərdə) Azərbaycan müğənnisi Müslüm Maqomayevi estrada sənətinin canlı əfsanəsinə çevirdi.

SSRİ-nin və dünyanın ən böyük şəhərlərinin məşhur salonlarında onu hərarətlə alqışlayır, ifasını nəfəs dərmədən dinləyirdilər. Müslüm öz gözəl ifası səhnə mədəniyyəti ilə epoxal sənət ifaçılıq məktəbi oldu. Müslümün opera səhnəsində ifa etdiyi Fiqaro (“Seviliya bərbəri”, C.Rossini) partiyası ona ölməzlik qazandırdı. ”Koroğlu", “Şah İsmayıl”, “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) digər operalardan ariyalar onun ifasında dünya opera sənətinə dəyərli töhfələr oldu.

1969-cu ildə M.Maqomayev Sopot festivalında 1-ci mükafata, Kannda isə “Qızıl val”a layiq görüldü.

1973-cü ildə Müslüm 31 yaşında SSRİ xalq artisti adı aldı. 1975–89-cu illərdə böyük sənətkar özünün yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri kimi fəaliyyət göstərdi və dünyanın müxtəlif guşələrində qastrol səfərlərində oldu.

Müslümün konsert repertuarında 600-dən çox əsər (romanslar, klassik və estrada mahnıları) var idi. İstedadlı müğənniNizami”, “Oxuyur Müslüm MaqomayevMoskva notlardafilmlərində çəkilmişdir. O, 20-dən çox mahnının, bir neçə filmin musiqisinin müəllifidir. Müəllifi olduğuMavi əbədiyyət”, “Təntənəli mahnı”, “Mənim Azərbaycanımmahnıları sənətkarlıq baxımından bu gün yüksək dəyərləndirilir.

Müslüm Maqomayevin ölümü milyonlarla insanı dərindən kədərləndirdi. Dünya şöhrətli müğənni, SSRİ xalq artisti İosif Kobzon öz böyük dostunun itkisini ürək ağrısı ilə qarşılayaraq demişdir: “Sonuncu əlliilliyin ən parlaq səhifəsi bağlandı. Bizdə ondan istedadlı adam yox idi. Çox təəssüf, bizim onu itirməyimiz sadəcə olaraq dəhşətdir. Yeganə təskinliyimiz ondan bizə qalan lent yazılarıdır. Bunlar onu tanıyanlar üçün Müslüm Maqomayevin böyük istedadının xatirəsi, onu tanımayanlar üçün onun dahiliyinin sübutu, kəşfi olacaq”.
Böyük sənətkar, bəstəkar, gözəl insan Müslüm Maqomayevlə vida mərasimi Moskvada Estrada Teatrında keçiriləcək.
Qəbri nurla dolsun! Allah rəhmət eləsin!


Xalq qəzeti.- 2008.- 26 oktyabr.- S. 3.