Əliyeva E.
O, dünya
incəsənəti tarixinə parlaq səhifə
yazmışdır
Müslüm Maqomayevin
bənzərsiz parlaq sənətini sevmiş və indi də
sevən hər kəs üçün çox çətin
olan bu günlərdə onunla ilk görüşümü
və tanışlığımı xatırladım. O
vaxt Müslüm Maqomayev hələ çox gənc, lakin artıq şöhrət zirvəsinə
ucalmış müğənni
idi. O, Bakı merinin qəbul otağında gözləyirdi.
Təbii ki, mən onu tanımaya
bilməzdim - o vaxt respublikamızda mənim təmsil etdiyim “İzvestiya” qəzeti birdən-birə məşhurlaşmış
bu ecazkar səsin sahibi barəsində dəfələrlə
yazılar dərc etmişdi. Mən cəsarətimi toplayıb
ondan soruşdum: Müslüm, nə üçün siz bu qədər gözləyirsiniz? Məgər
sizin burada olmağınız barədə
məlumat verməyiblər?
Əgər mən
katibəyə yaxınlaşıb qətiyyətlə onun
barəsində məlumat verməsini xahiş
etməsəydim, yəqin ki, Müslüm qəbul
otağında hələ çox gözləməli
olacaqdı...
Tezliklə bütün
dünyada sənətsevərlərin qəlbini fəth
edcək gənci ilk dəfə bax beləcə,
təvazökar, saxta hay-küydən uzaq bir insan kimi
gördüm. Bəli, Müslümü yaxından
tanıyanlar ona təbiətən xas olan təvazökarlığı
və yüksək ziyalılığı xüsusi
vurğulayırlar. Yəqin
elə buna görə o, özlərini gözə
soxmağa çalışanları
heç xoşlamırdı.
Elə təsəvvür
yaranırdı ki, onun barəsində danışanda həmişə
özünü narahat
hiss edirdi.
Mən Müslümün
Azərbaycan paytaxtında,
indi ulu Heydər Əliyevin adını daşıyan
sarayda paytaxt sakinlərinin onunla birgə qeyd etdikləri yubiley şənliklərinin birində
də bunun şahidi olmuşam. Yadımdadır, Azərbaycan
xalqının bu gözəl oğlunu təbrik etməyə gələnləri onun mahnılarının melodiyaları
və foyedə sərgiyə qoyulmuş köhnə fotoşəkilləri
“qarşılayırdı”. Təntənəli tədbirin
“təqsirkarının” özünün
də iştirakı ilə yaranmış bütün bu ab-hava həmin gecəyə çox sakit, demək olar ki, ailə
şəraitində keçirilən
bir bayram ovqatı vermişdi.
Tamaşaçı
ilə dolu salonda isə onun qüdrətli istedadının
pərəstişkarları əyləşmişdi. Bunlar təkcə bakılılar
deyildi. Çoxlu qonaq, o cümlədən
müğənninin dostları,
həmkarları, onu burada, öz vətənində, əziz
həmyerliləri arasında
görmək, ona öz sevgilərini bildirmək, ən xoş arzularını söyləmək üçün
xüsusi olaraq Bakıya gəlmiş məşhur incəsənət ustaları vardı. Müslüm o vaxt da
sanki sıxılır,
onun ünvanına deyilən sözləri dinlədikcə utancaq bir tərzdə gülümsəyirdi.
Bildiyimiz kimi, 1997-ci
ildə Günəş sistemindəki kiçik
planetlərdən birinə onun adı verilmişdir. O vaxt mənə bizim agentlik adından telefonla Moskvaya zəng vurub onu təbrik
etmək nəsib olmuşdu. Əlbəttə,
bu münasibətlə
onu təbrik edən təkcə biz deyildik. Lakin
mən hiss edirdim ki, bu
zəng Müslümə
xoş təsir bağışladı...
Onunla cəmi bir
neçə qısa an ünsiyyətdə olmuşam... Lakin bu anlar
həmişəlik yaddaşıma
həkk olub...
İndi Müslüm Maqomayev əbədiyyətə
qovuşmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyevin böyük müğənninin həyat
yoldaşı Tamara Sinyavskayaya ünvanlanmış
başsağlığı məktubunda deyildiyi kimi, o, “bizim
üçün bütöv
bir dövrün rəmzi, əsl sənətin təcəssümü,
milyonlarla insanın sevimlisi idi”.
Müğənni,
bəstəkar, parlaq şəxsiyyət, nəcib insan olan
Müslüm Maqomayev sanki təbiətin özü
tərəfindən Azərbaycana bəxş edilmişdi ki,
xalqımızın əbədi fəxrinə çevrilsin.,
Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 6.