Hacızadə A.

 

Əlvida, vəfalı orfey!..

 

Oktyabrın 28- yüzlərlə insan əllərində gül-çiçəklə Moskvanın Zəfər meydanına gəlmişdi. Çaykovski adına konsert salonunun girəcəyində uzun növbə düzülmüşdü. Səhər saat 10-da burada əfsanəvi müğənni, Azərbaycanın SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida mərasimi keçirilirdi. Müslüm Maqomayevin cənazəsi qızılgüllərlə bəzədilmiş səhnənin mərkəzində qoyulmuşdu. Yaxınlıqda maestronun xanımı Tamara Sinyavskaya, qohumlar ailənin dostları əyləşmişdilər. Səhərdən dolub-boşalan salonda Maqomayevin mahnıları səslənir, iki monitorda müğənninin fotoşəkilləri nümayiş etdirilirdi. Cənazənin yanında fəxri qarovul dayanmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə dahi musiqiçi ilə vida mərasimində iştirak etmək üçün Moskvaya Baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyevin rəhbərliyi ilə nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyətinin üzvləri, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri növbə ilə qarovulda dayanırdılar. Rusiyanın rəsmi şəxsləri, tanınmış mədəniyyət incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri dahi müğənninin xatirəsini anmaq üçün salona gəlmişdilər.

Matəm mərasiminin rəsmi hissəsi saat 12-də, müğənninin dostu, məşhur musiqişünas Svyatoslav Belzanın çıxışı ilə başlandı. O dedi:"Kədərimi məhəbbətimi ifadə etmək üçün söz tapa bilmirəm. 45 il əvvəl Maqomayev Çaykovski adına salonun səhnəsində ilk solo konsert proqramı ilə çıxış etmişdi. İndi Rusiya onu son mənzilə bu salondan yola salır. Bütöv bir dövr getdi, onun misilsiz bariton səsi neçə-neçə nəsilləri valeh etmişdi, lakin özünə qarşı tələbkar olan Müslüm səhnəni çox tez tərk etdi. Onun Yeseninin sözlərinə yazdığı "Əlvida Bakı, səni bir daha görməyəcəyəm" mahnısındakı sözlərin əksinə olaraq, o, Bakını görəcəkdir". Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev başsağlığı verərək dedi ki, "rusiyalıların kədərini ifadə etmək üçün söz tapmaq çətindir. Onun istedadı təkcə konsert salonlarını stadionları doldurmurdu, milyonlarla tamaşaçı onun yaradıcılığına heyran idi, o, bizim pərəstişgahımız idi. Azərbaycanın bizə bəxş etdiyi Bakı bülbülü həm Rusiyanın sərvəti idi".

Mərasimdə çıxış edən Moskva merinin birinci müavini Lyudmila Şvetsova fikirlərini belə ifadə etdi: "Rusiya bu böyük müğənnini heç zaman unutmayacaqdır. Onu bu ölkədə qeyri-adi dərəcədə sevir ehtiram bəsləyirdilər. O, istedadı sayəsində yüksəkliklərə ucalmışdı, ona səcdə edirdilər, onun xatirəsi əbədi yaşayacaqdır".

Dostu barədə vida sözlərini demək üçün səhnəyə Lev Leşşenko çıxdı: "O, sevgi bəxş edirdi və ətrafdakılar bu sevgini hiss edirdilər, bizim üçün uzun illər sönməyən yeni sənət məşəli yandırmışdı. Bu məşəl söndü, ancaq bizim ürəklərimizdə yanır". Sonra Leşşenko Maqomayevin mahnılarından parçalar oxudu.

Müslüm Maqomayevin uşaqlıq dostu, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycan nümayəndə heyətinin adından çıxış etdi. O, görkəmli azərbaycanlıya, iki xalqa məxsus Müslüm Maqomayevə olan sevgiyə görə Rusiyaya təşəkkürünü bildirdi. F.Bədəlbəyli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayev ilə dostluğunu xatırladaraq bildirdi ki, ulu öndər daim ona öz oğlu kimi münasibət bəsləyir, qayğı diqqət göstərirdi. Müslüm Maqomayevin vəfatı ağır zərbə böyük itkidir".

Məşhur müğənni Alla Puqaçova cənazənin yanında bir neçə dəqiqə sükut içində dayandı, sonra isə dedi: "Bu, bütün xalq üçün böyük kədərdir. Deyirlər ki, özünə pərəstişgah yaratma, mən isə onu 14 yaşım olanda yaratmışdım. Bilmirəm, əgər Müslüm Maqomayev mənim pərəstişgahım olmasaydı, taleyim necə gətirərdi. Müslüm adlı ulduz birdən-birə yox, nəhəng ulduzlar kimi yavaşca söndü indən belə onun yerini heç kim tuta bilməyəcəkdir".

Bəstəkar Aleksandra Paxmutova vida sözündə dedi: "Müslüm Maqomayev musiqi dühası, edə biləcəyinin hamısını etməyə macal tapmamış görkəmli müğənni idi. O, itirilmiş möcüzədir".

Vida mərasimində çıxış edən tanınmış müğənni İosif Kobzon vurğuladı ki, belə böyük, belə miqyaslı vaxtsız ölüm incəsənət üçün əvəzsiz itkidir.

Vida mərasiminin sonunda salonda Müslüm Maqomayevin ifasında "Sən mənim melodiyamsan" mahnısı səsləndi. Hamı ayağa qalxmışdı. Mahnı bitdikdən sonra salonu alqış sədaları bürüdü Svyatoslav Belzanın dediyi kimi, bu alqışlar hələ bir neçə gün davam edə bilərdi.

Sonra dahi müğənninin cənazəsi hava limanına aparıldı və buradan xüsusi təyyarə ilə Bakıya yola salındı.

Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 6.