Mədəniyyət
naziri Aleksandr Avdeyev: Azərbaycanın bizə hədiyyə
etdiyi Bakı bülbülü həm də Rusiyanın milli
qəhrəmanı idi
Moskvanın
Çaykovski adına Konsert Zalında dünya
şöhrətli Azərbaycan müğənnisi, SSRİ
xalq artisti Müslüm Maqomayevlə vida mərasimi olub.
Ümumrusiya
Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri
İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə,
əfsanəvi baritonla vidalaşmaq istəyənlərin
sayı həddindən artıq çoxdur, mərhumun
pərəstişkarları küçədə mitinq
keçirirlər. Vida mərasimində aparıcılıq
edən tanınmış sənətşünas Stanislav Belza
Müslüm Maqomayevin ən dəyərli keyfiyyətinin
dostluq olduğunu deyib. Bundan sonra M.Maqomayevin gənclik dostu,
Rusiyanın xalq artisti Lev Leşşenko ürək
sözlərini söyləyib: "Biz ağ-qara məkanda
yaşayanda, Müslüm bu məkanı rəngarəng etməyi
bacarmışdı. Gənc, gözəl, istedadlı, hər
zaman şən olan bu insan bizim üçün yeni dünya
açırdı, alovlandırırdı və bu alov uzun
illər şölə saçırdı. Bu gün bu alov
sönsə də, bizim ürəyimizdə hər zaman
yanacaq". Rusiyanın Mədəniyyət naziri Aleksandr
Avdeyev isə M.Maqomayevin həm opera, həm də estrada səhnəsində
dahi olduğunu vurğulayıb. "Azərbaycanın bizə
hədiyyə etdiyi Bakı bülbülü həm də
Rusiyanın milli qəhrəmanı idi" deyən nazir onun
əsl kumir olduğunu söyləyib.
Moskva merinin birinci
müavini Lyudmila Şvetsova çıxışı
zamanı üzünü M.Maqomayevin həyat yoldaşı
Tamara Sinyavskayaya tutaraq, əfsanəvi müğənninin
adının Moskvada mütləq
əbədiləşdiriləcəyini bildirib.
Vida mərasimində
Moskva vilayətinin qubernatoru Boris Qromov, Rusiya Ticarət-Sənaye
Palatasının sədri Yevgeni Primakov, Rusiya estradasının
primadonnası Alla Puqaçova və digər
tanınmış şəxslər iştirak edib.
Qeyd edək ki, dahi müğənni
ilə vida mərasimi Bakı vaxtı ilə saat 14.00-da
yekunlaşmalı olsa da, insan axını çox
olduğundan mərasimin vaxtı uzadılıb.
Onu da əlavə
edək ki, dünən Moskva Metropoliteninin bütün
stansiyalarında Müslüm Maqomayevin ifasında
"Melodiya", "Noktyurn", "Za vse tebe blaqodaryu"
və digər nəğmələri səsləndirilib.
İki sahil.- 2008.- 29 oktyabr.- S. 6.