Müslüm Maqomayevin xatirəsi onun pərəstişkarlarının qəlbində yaşayacaqdır

 

Bakı Dövlət Universitetinin professoru Nübar Muxtarova AzərTAc-a bildirmişdir ki, görkəmli sənətkar, öz ecazkar səsi ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin xatirəsi onun pərəstişkarlarının qəlbində daim qalacaqdır.

Müslüm Maqomayev öz sənəti ilə doğulub boya-başa çatdığı Azərbaycanı çox gənc yaşlarından bütün dünyada tanıtmışdı. Görkəmli sənətkarın vəfatı barədə qəfil xəbər məni çox sarsıtdı. Hələ gəncliyində sənətin zirvəsinə yüksəlmiş, dünyanın ən böyük dövlətlərindən biri olmuş keçmiş SSRİ məkanında hamıdan öndə olmuş, "La Skala" fəth etmiş Müslüm Maqomayevin Prezidentimizin qərarı ilə bu gün doğma Vətənində dəfn olunması məni riqqətə gətirir. Bəli, belə oğullar məxsus olduqları xalqın yanında, müqəddəs Vətən torpağında əbədi uyumalıdırlar. Azərbaycan xalqı, bütün Müslümsevərlər bu böyük sənətkarı heç zaman unutmayacaq, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

 

Azərbaycan.- 2008.- 30 oktyabr.- S. 3.