Müslüm Məhəmməd oğlu Maqomayev

 

Azərbaycan xalqına ağır itki üz vermişdir. Müasir dövrün görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 2008-ci il oktyabrın 25-də ömrünün 67-ci ilində Moskva şəhərində vəfat etmişdir.

Müslüm Maqomayev 1942-ci il avqust ayının 17-də Bakıda anadan olmuşdur. O, Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən olan babası Müslüm Maqomayevin davamçısı kimi erkən yaşlarından musiqiyə böyük həvəs göstərərək 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində oxumağa başlamışdır. Hələ musiqi sənətinin əsaslarına yiyələndiyi ilk dövrlərdə onun geniş diapazona malik cazibədar səsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslüm Maqomayevə şöhrət gətirmiş və onun ifaçılıq sənətini təkmilləşdirmək məqsədi ilə dövlət tərəfindən "La Skala" Teatrına göndərilməsi ilə nəticələnmişdir. Müslüm Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ xalq artisti Şövkət Məmmədovanın sinfi üzrə bitirmişdir.

Müslüm Maqomayev əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında başlamış və ömrünün axırına qədər həmin teatrın solisti olmuşdur. O, 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaratmış və uzun müddət ona rəhbərlik etmişdir.

Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük sənətkardır. Müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və unikal musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir. Onun 31 yaşında sovet dövrünün ən yüksək - SSRİ xalq artisti fəxri adına layiq görülməsi əldə etdiyi nüfuz və şöhrətin parlaq təcəssümüdür. Öz üzərində daim çalışan müğənni ildən-ilə sənətini inkişaf etdirərək qısa müddət ərzində dünyanın ən mötəbər səhnələrində Azərbaycan incəsənətini təmsil etmək hüququnu qazanmışdır. Müslüm Maqomayevin hər bir konserti böyük mədəniyyət hadisəsi olaraq onun fitri istedadının yeni çalarlarını aşkar edir və musiqi mədəniyyətinə layiqli töhfələr verirdi.

Müslüm Maqomayev yaradıcılığı tariximizin böyük bir dövrünün bənzərsiz simvolu idi. Yarım əsr ərzində onun göstərdiyi fəaliyyət sovet estradasının yeni simasını müəyyən etmiş, onu zənginləşdirərək daha yüksək mərhələyə çatdırmışdır. Müxtəlif xalqların və dövrlərin mədəni irsi müğənninin ifasında tamamilə yeni bir tərzdə səslənərək milyonlarla insanın musiqi zövqünün formalaşmasına güclü təsir göstərmişdir. Müslüm Maqomayevin ifasında Azərbaycan və Avropa opera sənətinin inciləri mədəni irsə məhəbbət aşılayaraq vokal ifaçılığının qızıl fonduna əbədi daxil olmuşdur.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynamışdır. Orkestrin rəngarəng proqramlarında Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olmuşdur. Zamanın və məkanın hüdudlarını aşmağa qadir olan Maqomayev yaradıcılığının mahiyyətini həmişə həyat eşqi, məhəbbət, humanizm və xeyirxahlıq təşkil etmişdir. Məhz bu xüsusiyyət bəstəkarları məxsusi olaraq onun üçün mahnılar yazmağa sövq edirdi.

Müslüm Maqomayevin estrada, teatr və kinodakı çoxşaxəli fəaliyyəti yüksək bəşəri idealları özündə ehtiva edərək daim Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərmişdir. Bəstələdiyi musiqi əsərlərində millilik ilə novatorluğun vəhdəti öz əksini tapmışdır. Onun "Azərbaycan" mahnısı hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi oyadır.

Azərbaycan xalqı mədəniyyətimizin ən çox sevilən nümayəndələrindən biri kimi Müslüm Maqomayevlə daim fəxr etmişdir. Seçdiyi sənətə ömrü boyu sədaqət nümayiş etdirən müğənni xalqın böyük məhəbbətini qazanmışdır. Maqomayevin milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları -"Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Görkəmli musiqi xadimi, təkrarsız müğənni və gözəl insan Müslüm Maqomayevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov,
Zeynəb Xanlarova, Firəngiz Əhmədova, Fərhad Bədəlbəyli, Fidan Qasımova, Xuraman Qasımova, Firəngiz Əlizadə, Rauf Abdullayev, Azər Rzayev, Fərhad Xəlilov, Eldar Quliyev

 

Azərbaycan.- 2008.- 26 oktyabr.- S. 4.