Müslümün
səsi daim yaşayacaq
“O, həmişə mənə Vətənini,
Bakını çox
sevdiyini deyirdi”
Müslüm Maqomayevin vəfatı
xəbəri Sizə necə təsir etdi?
-
Onun vəfatı barədə xəbəri eşidəndə
elə bil içimdə nəsə qırıldı. Müslüm mənim üçün bir çoxunun uzaqdan tanıdığı və
pərəstiş etdiyi
biri deyildi. O mənim ən yaxın dostum idi. Tez-tez danışırdıq,
daim əlaqəmiz vardı, həftədə
bir dəfə, uzağı on gündən bir söhbətləşirdik. Onunla
bir yerdə xarici səfərlərdə
olmuşuq. Bakıda Müslüm Maqomayevlə
eyni binada yaşamışıq, qonşu
idik.
-
Sizin bir sıra filminizə Müslüm Maqomayev musiqi
yazıb. İş birliyiniz
necə alınırdı?
-
Müslüm mənim dörd filmimə musiqi yazıb. Bizim münasibətlərimiz
beş, on illik xatirə deyil. Bu bir
həyat hekayəsidir.
Sadəcə, bir şeyi deyim ki, biz belə
oğlumuzla fəxr etməliyik. O, həmişə
mənə Vətənini,
Bakını çox
sevdiyini deyirdi. İnanın ki, bu sevgi yalnız
sözlərdə deyildi,
ürəkdən gəlirdi.
Hətta Vladimir Putin ona orden
təqdim edəndə
də Müslüm Maqomayev nitqini “Mən azərbaycanlıyam”
sözləri ilə başlamışdı. Bir
sözlə, Müslüm
Maqomayev hər bir azərbaycanlı üçün sərvət
idi. Müslüm Maqomayev Azərbaycanın adını bütün dünyaya tanıtdı. Dostluq etdiyimiz zamanlarda onun olduqca gözəl ürəyə sahib olduğunu bir daha kəşf etdim. Olduqca ürəyi açıq olan Müslüm pislikdən çox uzaq idi. Bununla
bərabər, çox
qonaqpərvər idi. Evinin qapısını döyən
hər kəsi gülərüzlə qarşılayardı.
Hətta kimliyindən
asılı olmayaraq, bu münasibətini dəyişmirdi. İmkanı
qədər ona müraciət edənlərə
əl tutardı. Müslüm Maqomayev canlı əfsanə idi və əfsanə
olaraq da qalacaq... O bizim fəxrimiz idi... Mən onun insanlığı
qarşısında baş
əyirəm.
-
Müslüm Maqomayevin Azərbaycan mədəniyyətində
yerini necə qiymətləndirirsiniz?
-
Bilirsiniz, əslində hamının öz yeri var. Bülbül, Rəşid
Behbudov, Müslüm Maqomayevin hərəsinin öz yeri var.
Onların heç birini əvəz etmək mümkün deyil. Müslüm kimi insan və
sənətkar da bir daha dünyaya
gəlməyəcək. Necə
ki, Bülbülün,
Rəşidin yerini heç kim tuta bilmir, Müslümün
də yerini heç kim tuta bilməyəcək. Əsrlər keçəcək,
ancaq onun səsi daim yaşayacaq.
-
Rejissoru olduğunuz “Nizami” filmində baş rola niyə
məhz Müslüm Maqomayevi çəkdiniz?
-
O obraz üçün mənə mənəviyyatı
təmiz və dolğun bir insan lazım idi. Müslüm məhz belə bir insan
idi. Ona görə də mən onu bu
filmə dəvət etdim. Onunla işləmək
mənə xüsusi zövq verirdi. Həqiqətən də hər bir işində
peşəkarlıq nümayiş
etdirən Müslüm
bu filmdə də unudulmaz obraz yaratdı. Əslində mən xoşbəxt insanam, çünki mənə Müslüm kimi canlı əfsanə ilə dostluq nəsib olub.
-
Müslüm Maqomayevin Bakıda dəfn olunması
xəbərini necə qarşıladınız?
-
Başqa cür ola da bilməzdi. O bizimdir,
bizim sərvətimizdir.
Müslüm Maqomayev Azərbaycandan başqa heç yerdə dəfn edilə bilməzdi. O bu torpaqda dünyaya gəlib, bu torpağa da qayıtmalıdır.
-
Müslüm Maqomayevin cənazəsinin Azərbaycana
gətirilməsi prosesində iştirak etmək
istəməməyinizin səbəbi nədir?
-
Yenə də deyirəm ki, onun vəfatı xəbərini
eşidəndə çox sarsıldım. Onun cənazəsini gətirən
nümayəndə heyətinin
tərkibinə daxil olmaq mənim üçün çox ağır olardı. Çünki həm Moskvada keçiriləcək
vida mərasimi, həm də Müslümün cənazəsi
Bakıya gətiriləndə
istər-istəməz
onun üzünü görəcəkdim. Mən
isə Müslümü
sonuncu dəfə necə görmüşdümsə,
yaddaşımda elə
də qalmasını
istəyirəm. Ürəyim
Müslümü ölüm
yatağında görməyə
dözməzdi. O mənim
qəhrəmanım idi
- mərd, sınmaz...
Ömrümün sonuna
kimi mən onu belə də
xatırlamaq istəyirəm.
-
Müslüm Maqomayevin övladı ilə əlaqə
saxlayırsınızmı?
-
Qızı Marina hazırda Amerikada yaşayır. Atasının vəfatı
onu çox sarsıdıb. İnanın
ki, danışmağa
belə söz belə tapmır. Mən onlarla da mütəmadi əlaqə saxlayıram. İndi Marinanın balaca bir oğlu
var. Müslümün
nəvəsinə bir
neçə ad veriblər. Onların arasında Müslüm adı da var.
Düzdür, onun qızı Marina musiqiçi deyil və atasının yolunu davam etdirmir,
ancaq balaca Müslümün babasının
yolunu davam etdirəcəyinə ümid
edirəm. Bəlkə
də balaca Müslüm babası kimi öz babasının
davamçısı oldu
və onun adını yüksəklərə
qaldırdı. Onun ikinci həyat yoldaşı ilə də əlaqə saxlayıram. Tamara Sinyavskaya məşhur müğənnidir. Onların
arasında böyük
sevgi və sonsuz hörmət vardı. Tamara son dəqiqəyə kimi onun yanından
ayrılmayıb.
-
Müslüm Maqomayevin qızı Azərbaycanda
keçiriləcək dəfn mərasimində iştirak
edəcəkmi?
- Əlbəttə...
Qızı və ailəsi dəfn mərasiminə qatılmaq
üçün Azərbaycana
gələcək
Azadlıq.- 2008.- 28 oktyabr.- S. 13.