Rzalı R.

Maqomayevlərin son səsi

 

"...Müslüm oxuyarkən onun necə jestləri vardı. Yəni səhnədəki zahiri görkəmi, mahnıların ifası zamanı etdiyi jestlər - bunlar hamısı birlikdə onun gözəlliyini təcəssüm etdirir. Prinsip etibarilə Allah onu gözəl yaratmışdır, təkrarolunmuz səs vermişdir. Bunların hamısını ona bütöv şəkildə bəxş etmişdi ki, o, səhnədən istədiyi kimi istifadə edə bilsin, həm zahiri, həm daxili aləmini göstərə bilsin. Əslində o, zahiri görkəmini göstərmirdi, sadəcə, səhnədə dayanırdı, insanlar isə ona heyran-heyran baxıb zövq alırdılar. Dünən burada deyildi ki, insanlar ona əl toxundurmaq, avtoqraf almaq, onunla şəkil çəkdirmək istəyir, bir az da olsa ona yaxınlaşmaq istəyir. Hələ mən onu demirəm ki, nə qədər qız, nə qədər qadın onun həsrətini çəkir (gülür). Mən Müslümün səhnəyə gəlməsinin şahidi olmuşam, mən bunları öz gözlərimlə görmüşəm..." Bu sözləri xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev dünya şöhrətli maestro Müslüm Maqomayevin 2002-ci ildə Gülüstan sarayında keçirilən 60 illik yubileyində söyləmişdi. Yeddi il öncə də Azərbaycan və onun rəhbəri sevimli Müslümü hörmətli etmiş, doğulub-böyüdüyü vətənində yubileyini təntənəli şəkildə qeyd etmişdi.
Böyük musiqiçi avqustun 17-də doğulsa da, hər il ad gününü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovla dost, qardaş, məsləkdaş və qohum olan babası Müslüm Maqomayevin eyni doğum günündə - sentyabrın 18-də qeyd edirdi. Elə 60 illik yubileyi də sentyabrın əvvəllərində Bakıda, 18-də isə Moskvada keçirildi. Həmin mərasimdə bir xoş xəbər də eşitmişdik. Sevimli həmyerlimizin üzü gülürdü. Baba olmuşdu. Amerikada yaşayan yeganə övladı Marina ona oğul nəvəsi bəxş etmişdi.

Lap uşaq vaxtı eşitmişdim ki, Moskvada yüksək səviyyəli bir məclisdə Müslüm Maqomayev "Sənsiz"i necə ifa edibsə, o vaxt SSRİ Nazirlər Sovetinin birinci müavini işləyən Heydər Əliyev bu səsin, ifanın təsirindən kövrəlib və Müslümü bağrına basıb. Çünki bu səs mayasını dünyanın sonsuzluğundan, qaibanəliyindən götürüb milyon ildir yol gəlirdi sanki. Dayanacağı isə Azərbaycandır, burada ciddi və emosional vəhdətdə birləşib, bəşəriyyətin ruhunu qidalandırır.

Üç gündür ki, Azərbaycanın dünya şöhrətli müğənni oğlu, ürəklərin fatehi, maestro Müslüm Maqomayev dünyamızı tərk edib, heyranlarını heyrətdə qoyub. Bu acı xəbəri hərəmiz bir yerdən eşitdik, çoxumuz Rusiya kanallarına baxarkən qəfil xəbərdən sarsıldıq.

Səksəninci illərdə Azərbaycanın dünya şöhrətli korifeyləri - maestro Niyazinin, Fikrət Əmirovun və Rəşid Behbudovun bir-birinin ardınca ölümlərini xatırladıq. Xalqımız qəfil ağır itkilərdən sarsılmışdı. Bir neçə gün televiziya ekranlarından, efirdən "Azərbaycan kapriçosu"nun ürək silkələyən səsi gəldi, "Rast" simfonik muğamı elə Niyazinin dirijor çubuğunun idarəsilə ifa olundu, bir də sevimli Rəşidimiz oxuyardı: "Nə vaxtdır Rəşidin gözü yoldadır, bir qonaq gələsiz bizə lalələr". Mədəniyyətimiz böyük itkilərlə üz-üzə qaldı. İnsan bu ecazkar musiqini və səsi eşitdikcə adi yaşam həqiqətlərindən uzaqlaşıb fövqəlləşir. Bu səs uzaq Mancuriyadan gəlsə belə insanlar suya təşnə kimi ona doğru qaçarlar. Çünki bu səslərdə ilahi gözəllik, əbədilik, bir də ruh dincliyi var. Dünyanı səsi və gözəlliyi ilə heyrətdə qoyan Müslümün də itkisi xalqımızı eləcə sarsıtdı.

O, həmyerlimiz idi, azərbaycanlı idi. Böyük bir nəslin nümayəndəsi olan Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Atası Məhəmməd Maqomayev rəssam, şair ruhlu romantik insan olub. O, İkinci Dünya müharibəsində cəbhəyə yollanmış, 1943-cü ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olmuş, Polşada dəfn edilmişdir. Atasından qara xəbər gələndə balaca Müslümün 2 yaşı vardı. Bundan sonra o, anası Ayşət xanımla əmisi, Azərbaycanın ictimai-siyasi xadimlərindən biri Cəmaləddin Maqomayevin nəzarəti altında yaşayır. Əmisi ömrünün sonunadək öz qayğısını ondan əsirgəməmişdir. Musiqiçi kimi yetişməsində də əmisinin böyük dəstəyi olmuşdur.

Hələ yolun başlanğıcı idi. Yeniyetmə Müslüm Bakı məktəblərinin birində oxuyurdu. Həm gözəl səsi, heykəltəraşlıq qabiliyyəti, həm də rəssamlıq bacarığı var idi. Hər gün dərsdən sonra yaşadıqları evlə üzbəüz dənizçilərin mədəniyyət evinə gedər, klubun nəzdində yaradılmış özfəaliyyət orkestrində fortepiano çalar, Azərbaycan və rus mahnıları oxuyardı. 1953-cü ildə xəbər yayılır ki, Helsinkidə İkinci Beynəlxalq musiqi festivalı keçirilir və həmin orkestr də festivala dəvət alıb. Gənc Müslüm çətinliklə də olsa nümayəndə heyətinin tərkibinə düşə bilir və "Buhenvald harayı" mahnısı ilə dünyanı heyrətləndirir. Vətənə isə qızıl medalla dönür. Artıq şöhrətin tamını dadmış gənc müğənni Mario Lants kimi opera müğənnisi olmaq arzusu ilə yaşayır. Bu arzular onu Milanda məşhur "La-Skala" teatrına aparır və burada ikiillik təhsil alır. Bundan sonra böyük səhnələr başlayır. O, səhnədə gah şən Fiqaro, gah hiyləgər, xain Skarpio, gah faciəyə düçar olmuş Aslan şah, gah da bəşəri sevgi duyğulu, hikmətli Nizami Gəncəviyə çevrilirdi. Hamısının da ən gözəlini yaradırdı.

Onun əsl sənət günəşi 1962-ci ildə Moskvada Kremlin Quraltaylar sarayında parladı. Paytaxtda keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Müslüm iki mahnı ifa edir. Deyilənə görə konsertdən sonra bir yerə yığışan mütəxəssislər belə bir ifadə işlədib: "Sovet musiqi səmasında bir ulduz parlayır". Mütəxəssislər bircə onu unutmuşdular ki, səs nə sovet tanıyır, nə kapitalizm, nə sosializm. Səs bəşəri olmaqla yanaşı, həm də mənsub olduğu millətin içinin, ruhunun ifadəsidir.

Yenə də ulu öndər Heydər Əliyevin sözləri xatırlanır: "Müslüm zəmanəmizin böyük müğənnisidir. Mən bunu mübaliğəsiz deyirəm. Dünyada elə bir təşkilat yoxdur ki, o kimin böyük olduğunu müəyyənləşdirsin. Ancaq insanlar bunu özləri müəyyənləşdirirlər. O, tarixə böyük müğənni kimi daxil olmuşdur. Özü də təkcə Azərbaycan milli musiqisinin böyük müğənnisi kimi deyil. Dünyanın bir çox ölkələrində tanınmış, belə yüksək ad-san qazanmış böyük müğənnidir".

1983-cü ildə Sovet İttifaqının Belçikadakı səfirliyi qarşısında böyük Nizami Gəncəvinin heykəli ucaldılır. Abidənin açılış mərasiminə keçmiş SSRİ-nin respublikalarından, o cümlədən Azərbaycandan qonaqlar dəvət olunur. Vaxtilə "Pravda", "İzvestiya" kimi nüfuzlu qəzetlər yazırdı ki, Müslüm səsi və gözəlliyi ilə Avropanı heyrətləndirmişdi, Qərbdəkilər ona möcüzə kimi baxırdılar. Səsi hər kəsi buza döndərmişdi. Azərbaycan mahnıları onun ifasında çox şirin səslənirdi. Maraqlıdır, dünyanın bir çox məşhur musiqiçiləri, maestroları Müslümün səsini əbədi sönməyən ulduzlara bənzədiblər, bu səsin aktavasını belə müəyyənləşdirməkdə çətinlik çəkiblər. O, isə "Anamın anasısan, Azərbaycan!" deyə, hər dəfə bu mahnını ifa edəndən sonra "Azərbaycan" dilimin nəqarətidir, deyərmiş.

"Nizami" filminin rejissoru, xalq artisti Eldar Quliyevin qəhrəmanına-Müslüm Maqomayevə yazdığı "dostuma məktub"u xatırladım: "Sən Hacıbəyov musiqisinin bütün incəliklərini canına hopdurur, Nizaminin sənət dünyasının dərinliklərini qavramağa köklənirdin. Sən heykəltəraşı xatırladırdın - uzun müddət fikrini tam cəmləşdirərək gili əli ilə yoğurub onun yumşaldığını hiss etməyə, sonra isə nəzərdə tutduğun əsəri yaratmağa çalışan heykəltəraşı..." Müslüm Maqomayev Nizami filmində yaratdığı obrazla böyük Nizaminin dərdini, kədərini, sevgisini, nikbinliyini, nurlu simasını zərgər dəqiqliyi ilə yaradıb. O, rəssamlıqda, heykəltəraşlıqda da gözəl əsərlər yaradırmış. Bir şəkil üzərində işləyərkən yalnız öz düşüncələrini, təsəvvürlərini yaradarmış.

Müslüm Maqomayev xəyalımızda belə qaldı. Gözəl səsli, gözəl görünüşlü, dünya şöhrətli maestro. Bu gün Vətən ona qucaq açdı, köksündə son mənzil verdi. Bu həm də Azərbaycanın ictimai-siyasi və mədəni tarixində böyük rolu olmuş Maqomayevlər nəslinin son səsi idi.

Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.