O, səhnəyə
Günəş kimi doğdu
Müslüm
Maqomayevi ilk dəfə böyük Kreml səhnəsinə
çıxaran Leyla Dadaşovanın mərhum sənətkar
haqqında xatirəsi
Leyla
xanım ömrünün səksəninci payızını
yaşayır. Müslüm Maqomayevin ölüm xəbəri cavan oğlunu itirəndən sonra aldığı ikinci ağır zərbədir. İndi gözü yaşlı qırx altı il əvvəlki hadisəni xatırlayır.
-
Oktyabr inqilabının ildönümü
münasibətilə hər il Kremldə, ya da İttifaqlar
evinin sütunlu salonunda dövlət rəhbərləri
üçün xüsusi bayram konsertləri təşkil olunurdu.
SSRİ Ali Sovetinin
Rəyasət Heyətində
işlədiyim ilk illərdən - orada
1949-cu ildən işləyirdim
- mədəni tədbirlərin
hazırlanmasında yaxından
iştirak edirdim. Bu işlə xüsusi komissiya məşğul olurdu və konsertlər adətən SSRİ Ali Sovetinin ildə iki dəfə keçirilən sessiyaları
ilə uyğunlaşdırılırdı.
Çünki o vaxt parlament indiki kimi daimi
fəaliyyət göstərmirdi.
Hər iki palatanın üzvləri ölkənin müxtəlif
guşələrində çalışan
fəallar, tanınmış
elm, incəsənət,
təsərrüfat xadimləri,
partiya üzvləri idi.
1962-ci ilin noyabrı idi. Ali Sovetin növbəti
sessiyası çağrılmışdı.
Kremldə məşhur
Georgi zalındaydım.
Deputatlar üçün
mədəni istirahət
proqramı hazırlayır,
teatr, muzey biletlərini paylayır, yeni kitab siyahıları
ilə onları tanış edirdik. Azərbaycanın daimi nümayəndəsi Camal Müslüm oğlu Maqomayev mənə yaxınlaşdı. Tanış
idik. Çox alicənab adamdı.
-
Leyla xanım, - dedi, - bilirəm, konsert proqramı
hazırlayırsınız. Sizə
bir gənci tövsiyə eləmək
istəyirəm. Ona konsertdə bir nömrə verərsinizmi?
-
Konsertin proqramı çoxdan hazırdı, - dedim. - Kimdir o
cavan oğlan? Məncə, artıq gecdir.
- Siz istəsəniz,
gec olmaz. O mənim qardaşım oğludur. Amma qohum kimi xahiş
eləmirəm. Əminəm
ki, yer versəniz,
sonra ona görə utanmalı olmayacaqsınız.
-
Bilmirəm, bir komissiyanın sədri ilə
danışım.
O
vaxt komissiyaya Rəyasət Heyəti katibliyinin rəisi
rəhbərlik edirdi. Yanına gəldim. Fikrimə həmişə hörmətlə
yanaşır, hər
tədbirdən sonra üzə çıxardığım
yeni adlara görə təşəkkür
edirdi. Bu dəfə təklif etdiyim müğənninin
həm gəncliyi, həm də həmyerlim olması onda bir az
tərəddüd yaratdı.
-
Özün qulaq asmısan, - dedi, - bu cavan oğlana?
Bilirdi ki, heç vaxt yalan danışmaram.
Yenə vəziyyət
çıxılmaz olsa
da, ikibaşlı cavab verdim.
-
Qulaq asmamışam, amma tövsiyə edənlərin
zövqünə güvənirəm.
-
Bax, onları mən tanımıram, bu müğənninin
bütün məsuliyyəti sənin boynuna.
Razılaşdım.
Müslüm Maqomayevin
çıxışını son nömrə olaraq konsert proqramına birtəhər
yerləşdirdik. Ucaboy,
arıq, iri cazibəli gözləri olan utancaq oğlanı
Camal müəllimin yaşadığı Frunzenskaya
naberejnaya küçəsindən
götürüb Kremlə
gəldiyimiz gün indi də gözümün
qabağındadır. O səhnəyə çıxana
qədər Moskva auditoriyasında nə adını eşidən,
nə səsinə bələd olan vardı. Amma konsertin bitməsinə hazırlaşan tamaşaçıları
bu çəlimsiz oğlan tilsimlədi. İndi Dövlət Dumasının iclasları
keçirilən zaldakı
konsert daha yarım saat da uzandı.
Səhəri
gün Nazirlər Sovetindən, Mərkəzi Komitədən,
bütün rəsmi dairələrdən mənə ancaq
Müslümün koordinatlarını almaq üçün zəng
edirdilər. Müslümün ulduzu o vaxt
parlamağa başladı
və o, səhnəyə Günəş
kimi doğdu. Onun vəfatı hamımıza sağalmaz yara vurdu.
525-ci qəzet.-
2008.- 28 oktyabr.- S. 7.