Sənsiz dünya boş qaldı...

 

"Moskovski komsomolets" qəzetinin 27 oktyabr tarixli nömrəsində zəmanəmizin görkəmli müğənnisi Müslüm Maqomayevə həsr edilmiş böyük bir yazı dərc olunmuşdur. Qəzet yazır: "Hər bir insanın ölümü həmişə gözlənilməzdir və əgər bu ölüm uzun sürən ağır xəstəliklə əlaqədar deyilsə, o, daha faciəli təsir bağışlayır. Müğənni Müslüm Maqomayev vaxtsız vəfat etmişdir. Düzdür, o, səhnəni çoxdan tərk etmişdi, lakin estradanın bütöv bir epoxası məhz onun ölümü ilə birlikdə başa çatdı".

Qəzetdə Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayadan bir müddət əvvəl alınmış müsahibə də verilmişdir. Müəllif yazır ki, "artistin ciddi xəstələnməsi hələ o vaxt məlum idi. Lakin Tamara İlyiniçna inanırdı ki, onun ömür-gün yoldaşı həyatda bütün iztirablara qalib gəldiyi kimi, bu xəstəliyə də qalib gələ biləcəkdir".
Qəzet yazır: "Dünən Müslüm Maqomayevin pərəstişkarları bütün gün onun yaşadığı Leontyev döngəsindəki evə tərəf gedirdilər. Həyət qapısını açıq qoymuşdular ki, gələnlər gül dəstələrini düzə bilsinlər. İnsanlar tək-tək, qoşa-qoşa gələrək gül dəstələri qoyur, öz kumirlərini xatırlayırlar".
"Moskovski komsomolets" Rusiya estradası və opera səhnəsi ulduzlarının, şairlərin sözlərini sitat gətirir. Nikolay Baskov demişdir: "Çox qəribə də olsa, Müslüm Maqomayev yaradıcılıqda mənim bir növ xaç atam olmuşdur. Dövlət Teatr Sənəti İnstitutuna daxil olandan az sonra ilk dəfə Müslüm Məhəmmədoviçin evinə gəlmişdim. O, mənim oxumağımı dinləyən məşhur və peşəkar müğənnilərin birincisi olmuşdur. O vaxt demişdi ki, mənim sənət yolum uğurlu olacaqdır. Sonradan mənim bəxtim gətirdi: Mən şəxsən Müslüm Məhəmmədoviçin pianoda müşayiət etdiyi yeganə müğənni olmuşam. Azərbaycan səfirliyində təşkil edilmiş qəbulda mən onun müşayiəti ilə italyan mahnıları oxumuşam. Mən onunla duet oxumaq arzusunda idim. Biz Frenk Sinatranın "My Way" mahnısını yazdırmağa, bariton və tenor səsləri gözəl harmoniyada birləşdirməyə hazırlaşırdıq. Artıq studiya da sifariş etmişdik, lakin təəssüf ki, Müslüm Məhəmmədoviç özünü pis hiss etdi və biz bu işi təxirə saldıq. O, sözün həqiqi mənasında dünya miqyaslı sənətçi idi, mən ondan çox şey öyrənmişəm. Yaxşı yadımdadır, Böyük Teatrda "Yevgeni Onegin" operasında Lenski rolunda ilk çıxışımda salonda o da vardı. Biz zarafatlaşırdıq, mən gileylənirdim ki, konsertdə nə oxumağımdan asılı olmayaraq, axırda həmişə konserti "Şarmanka" ilə tamamlamağı xahiş edirlər. O da mənə belə cavab verdi: "Burada nə var ki, məndən də həmişə xahiş edirdilər ki, "Toy" mahnısını oxuyum". Qəribədir, mənim bu yaxınlarda tamamladığım yeni lent yazısı məhz "Toy" adlanır. Mən Müslüm Maqomayevə "Karuzonun xatirəsinə" adlı ayrıca bir nömrə həsr etməyi qərara almışam".

Rusiya estradasının daha bir "ulduzu"- Valeri Leontyev deyir: "O, hədsiz dərəcədə istedadlı, maraqlı insan, parlaq şəxsiyyət idi. Belə hallarda insan zamanı geri döndərmək və hər şeyi yerbəyer etmək imkanına malik qüdrətli bir varlığa çevrilmək istəyir. Lakin təəssüf ki, bu mümkün deyil".

Məşhur şair İlya Reznik fikirlərini belə açıqlayır: "Müslüm mənə son dəfə təxminən ay yarım bundan əvvəl zəng etmişdi. Öz ad gününə dəvət edirdi. Dedi ki, həmin məclisdə yalnız 12-15 nəfər ən yaxın dostu olacaqdır. Çox təəssüf ki, işlərim həmin gün onun yanına getməyə imkan vermədi. Kim bilirdi ki, bu, onun axırıncı ad günü olacaq... Biz onunla 1962-ci ildə Piterdə, stadionda tanış olmuşduq. Konsert idi, mən kubalı inqilabçı obrazını yaratmışdım, o da inqilabçı rolunda çıxış edirdi. Səhnə arxasında tanış olduq. 80-ci ildə isə yaxından ünsiyyətdə olduq. Mən Alla Puqaçova ilə birlikdə Bakıya qastrol səfərinə getmişdim. Müslüm bizi öz evinə qonaq çağırdı. Bilirsiniz, o bizi necə qəbul etdi?! Necə süfrə açmışdı! Alla və Müslüm ikilikdə royalda "Kak trevojen etot put" əsərini ifa etdilər. O vaxt mənim ağlıma bir fikir gəldi ki, onların bir səhnədə iki royalda - qırmızı və qara rəngli royallarda ifa etməsi əla olardı. Bu fikrim hamının xoşuna gəldi, amma sonra yaddan çıxdı, həyata keçmədi.

Müslüm mənim "Müğənni qadının monoloqları" adlı ilk kitabımın çapına kömək etmişdi. Buna görə ona çox minnətdaram. O vaxt bizim kimilərə - pop musiqisi yazanlara çox pis münasibət bəsləyirdilər. Müslüm isə mənim üçün xahiş etdi. O, Edit Piaf və Mario Lantsa kimi böyük sənətkarların sırasında idi. Kimsə demişdir ki, Maqomayevin ölümü ilə əlaqədar estrada çox şey itirmişdir. Xeyr, onun üçün estrada həddən artıq məhdud çərçivədir. Mən deyərdim ki, bütövlükdə musiqi sənətinə çox böyük itki üz vermişdir".

Rusiyanın kütləvi informasiya vasitələrinin çoxu bu kədərli xəbərə - Müslüm Maqomayevin dünyasını dəyişməsinə geniş yer ayırmışdır. Tanınmış opera müğənnisi Lyubov Kazarnovskaya "RİA Novosti" agentliyinə müsahibəsində demişdir: "Əfsanəvi müğənni Müslüm Maqomayevin ölümü ilə Rusiya estradasının bütöv bir epoxası başa çatdı. Müslüm Maqomayevin ölüm xəbərini eşidəndə mən dəhşətə gəldim və hədsiz kədərləndim. Deməliyəm ki, onunla birlikdə Rusiya estrada ifaçılığı sənətində bütöv bir epoxa sona yetdi. İndi estrada səhnəsində Müslüm Maqomayevin səsinə bərabər səs yoxdur. Mənə belə gəlir ki, onun kimi yüksək səviyyəli, yüksək istedadlı artistin yaranmasını hələ çox gözləməli olacağıq. Müslüm Maqomayevin populyarlığı heç kəslə, heç nə ilə müqayisə oluna bilməz. Yeni il münasibətilə təşkil edilən "Mavi işıq" verilişlərinin heç biri bu əvəzsiz artistin iştirakı olmadan keçmirdi. Böyüklü-kiçikli hamı onu tanıyırdı.

"Lenta.ru" elektron portalı yazır: "SSRİ dövründə o, ən populyar estrada ifaçılarından biri idi. Mübaliğəsiz deyə bilərik ki, o, həqiqətən milyonların sevimlisi idi. Pərəstişkarları onu sevir, o da onlara eyni məhəbbətlə cavab verirdi. Məlumdur ki, müttəfiq respublikalara qastrol səfərləri zamanı Maqomayev dəfələrlə çoxsaylı tamaşaçıların qarşısında mehmanxanaların balkonlarından da çıxış edirdi, çünki onun konsertləri həmişə anşlaq şəraitində keçirdi və heç bir konsert salonu bütün şəhər əhalisi üçün kifayət etməzdi. Maqomayev Robert Rojdestvenskinin sözlərinə yazılmış çox mahnı, o cümlədən "Poka ya pomnyu, ya jivu" ("Xatırlayırsamsa, deməli yaşayıram") mahnısını ifa etmişdir. Şair 1980-ci ildə yazırdı: "Mən Müslüm Maqomayevin oxuduğu konsertlərin çoxunda olmuşam və elə bir hal olmayıb ki, aparıcı artistin adını və soyadını axıracan deməyə macal tapsın. Adətən, "Müslüm" adı çəkiləndən dərhal sonra elə güclü alqış sədaları ucalır ki, ən güclü dinamiklərə və aparıcının bütün səylərinə baxmayaraq, "Maqomayev" soyadı eşidilməz olur. Biz artıq buna vərdiş etmişik. Həmçinin ona da vərdiş etmişik ki, Maqomayevin adı artıq çoxdan bəri bizim incəsənətin özünəməxsus məziyyətinə, sərvətinə çevrilmişdir. Bir də ona adət etmişik ki, onun ifasında hər bir opera ariyası, hər bir mahnı həmişə gözlənilən möcüzə təsiri bağışlayır".

Böyük müğənninin dünyasını dəyişdiyi gün İosif Kobzon KİV nümayəndələrinə demişdir: "Son yarım əsrin ən parlaq səhifəsi qapandı. Bizdə ondan istedadlı adam yox idi. Çox təəssüf ki, onu itirdik. Bu, dəhşətdir... Yeganə təsəllimiz ondan qalan lent yazılarıdır. Müslüm Maqomayevi şəxsən tanıyanlar üçün bu lent yazıları onun böyük istedadı barədə xatirə, tanımayanlar üçün isə onun istedadının kəşf edilməsi vasitəsi olacaqdır". Opera müğənnisi Paata Burçuladze isə RİA Novostinin müxbiri ilə söhbətində demişdir: "Müslüm Maqomayev həmişə insanın insana sevgisi, dostluğu və yaxşı münasibətinin etalonu olmuşdur. Mən onun qarşısında baş əyirdim və onun ölüm xəbəri mənə çox güclü təsir etdi... bu, bizim hamımız üçün çox böyük itkidir. Müslüm onu şəxsən tanıyanların və tanımayanların hamısı üçün sevimli insan idi".
Keçən şənbə günü Rusiya Prezidenti Dmitri Medvedev və RF hökumətinin sədri Vladimir Putin müğənninin qohumlarına və yaxınlarına başsağlığı vermişlər. Rusiya hökumətinin sədri adından müğənninin həyat yoldaşı Tamara Sinyavskayaya ünvanlanmış teleqramda deyilir: "Müslüm Maqomayev bizim xatirəmizdə həmişə əsl "ulduz" kimi, bütöv bir epoxanın rəmzi kimi qalacaqdır. O, öz parlaq istedadını insanlara səxavətlə bəxş edirdi, buna görə də onu ürəkdən sevirdilər. Onun ölümü bizim hamımız üçün, ölkəmizin mədəniyyəti üçün böyük və əvəzsiz itkidir".

Öz ecazkar səsi ilə az qala bütün kainatı fəth etmiş istedadlı musiqiçinin aramızdan getməsinin yanğısı Maqomayevin mahnılarının sədaları altında boya-başa çatmış adi insanların başsağlığı sözlərində də hiss olunur. Maqomayev bir neçə nəsil üçün doğma və yaxın insana çevrilmişdi. Əvvəllər onun istedadına valeh olduqlarını gizlətməyən bu insanlar indi müğənninin həyatdan getməsi ilə əlaqədar kədər hisslərini də gizlətmirlər. Şair Yuri Kupriyenko bu günlərdə yazdığı bir şeiri Müslüm Maqomayevin xatirəsinə ithaf etmişdir. "Luna nad qorodom vzoşla opyat" ("Şəhər səmasında yenə Ay çıxıb...") adlı şeirində yazır ki, uşaqlıqdan eşitdiyimiz bənzərsiz səsli böyük müğənni artıq aramızda yoxdur. Lakin biz Müslümün çöhrəsini və səsini unutmayacağıq. Şəhər səmasında yenə Ay çıxacaq və biz böyük Müslümü daim xatırlayacağıq. Onun yerini heç kim tuta bilməz və ömür də vəfa qılmadı.

Bəli, Müslüm, həqiqətən, ömür Sənə vəfa qılmadı, Sənsiz dünya boş qaldı...

Müslüm Maqomayevin vəfatı xəbərini doğma Azərbaycanda hamı ürək ağrısı ilə qarşılamışdır. Çünki o, Vətənini ürəkdən sevən, ona həmişə başucalığı gətirən sənətkar idi. Azərbaycan Prezidenti İlham Əliyevin müğənninin xanımı Tamara Sinyavskayaya başsağlığı məktubunda deyilir: "Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi.

Unudulmaz Heydər Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi".

Dövlətimizin başçısının qərarına əsasən, Azərbaycan nümayəndə heyəti Moskvada keçiriləcək vida mərasimində iştirak edəcək, böyük müğənninin cənazəsi Bakıya gətirilərək, oktyabrın 29-da birinci Fəxri xiyabanda dəfn olunacaqdır.

 

Azərbaycan.- 2008.- 28 oktyabr.- S. 4.