Turanə
Müslüm Maqomayevin
bəstələri milliliklə novatorluğun
vəhdətindən yaranıb
"Ey əziz anam,
Azərbaycan!" deyən sənətkar Vətəndə
torpağa tapşırılacaq
Azərbaycan
mədəniyyətinə ağır itki üz yerib.
Müasir dövrün görkəmli musiqi xadimi, SSRİ xalq
artisti, "Şöhrət" və "İstiqlal"
ordenləri mükafatçısı Müslüm Maqomayev
Moskvada 67 yaşında dünyasını dəyişib.
1942-ci il avqust
ayının 17-də Bakıda anadan olan M.Maqomayev Azərbaycan
bəstəkarlıq məktəbinin banilərindən
sayılan babası Müslüm Maqomayevin
davamçısı kimi erkən yaşlarından musiqiyə
həvəs göstərib. Musiqi sənətinə duyduğu
böyük maraq onun yolunu 1949-cu ildə Azərbaycan
Dövlət Konservatoriyası nəzdindəki musiqi
məktəbindən salır. Musiqi sənətinin
əsaslarına yiyələndiyi ilk dövrlərdə
geniş diapazona malik cazibədar səsilə Maqomayev
mütəxəssislərin yüksək qiymətini qazana
bilib. Yaradıcılığında 1962-ci ildə Helsinki
şəhərində keçirilən Gənclərin və
Tələbələrin VIII Ümumdünya Festivalındakı
uğurlu çıxışı böyük rol oynayıb.
Belə ki, sənətkara şöhrət gətirən
həmin çıxışdan sonra ifaçılıq
sənətini təkmilləşdirmək məqsədilə
müğənni dövlət xəttilə "La Skala"
teatrına göndərilib. 1968-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasını SSRİ xalq artisti
Şövkət Məmmədovanın sinfi üzrə bitirib.
Müslüm Maqomayev
əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan
Dövlət Opera və Balet Teatrında solist kimi
başlayıb. Sonradan 1975-ci ildə Azərbaycan Dövlət
Estrada-Simfonik Orkestrini yaradaraq uzun müddət bu orkestrə rəhbərlik
edib. Azərbaycan xalqının zəngin musiqi
ənənələrinin qorunub saxlanılmasında və
müasir dövrdə layiqincə inkişaf etdirilməsində
Maqomayevin yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik
Orkestri mühüm rol oynayıb.
Sənət ulduzunun
parlaması 60-cı illərin sonlarına təsadüf
edən həmyerlimiz Azərbaycana
bağlılığını hər zaman nümayiş
etdirib. Təsadüfi deyil ki, yaradıcılığında
önəmli mövqe tutan "Azərbaycan" mahnısı
onu xalqa böyük vətənpərvər kimi sevdirdi.
M.Maqomayev yaradıcılığı Azərbaycan musiqi
tarixinin böyük bir dövrünün bənzərsiz simvoluna
çevrilə bildi. Sənətkarın ötən illər
ərzində göstərdiyi fəaliyyət sovet estradasının
yeni simasını müəyyən edib. Bunun fonunda da
Maqomayevin estrada, teatr və kinodakı çoxşaxəli
fəaliyyəti yüksək bəşəri idealları
özündə ehtiva edərək daim Azərbaycan
mədəniyyətinin təbliğinə xidmət
göstərib. Bəstələdiyi musiqi
əsərlərində milliliklə novatorluğun
vəhdəti öz əksini tapıb.
1969-cu ildə artıq
kifayət qədər məşhurlaşan müğənni
Sopot festivalında birinci mükafata, Kann festivalında isə
"Qızıl val" mükafatına layiq
görülüb. 1973-cü ildə Azərbaycan
mədəniyyətinin inkişafında müstəsna
xidmətləri olan M.Maqomayev 31 yaşında sovet
dövrünün ən yüksək - SSRİ xalq artisti
fəxri adına layiq görülüb. Maqomayevin
repertuarında 600-dən çox əsər vardı. Bir
sıra bədii və sənədli filmlərdə maraqlı
obrazlar yaradan sənətkar 30-a yaxın mahnının
müəllifidir.
Onu da qeyd edək ki,
əfsanəvi sənətkar öz müsahibələrində
dəfələrlə vurğulayıb ki, onun bir
sənətçi kimi püxtələşməsində
Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub.
Müğənni heç vaxt gizlətmirdi ki, məhz bu
diqqətin sayəsində, uzun illər boyu Moskvada
yaşadığına baxmayaraq, həmişə
özünü bakılı kimi hiss edib.
Azərbaycanda mərhum
sənətkarı tək böyük musiqiçi və
vətənpərvər kimi deyil, həm də öz
istedadı ilə Azərbaycanı məşhurlaşdıran
bir insan kimı sevirdilər.
Dünyaşöhrətli
müğənni öz doğma Vətənində - Bakıda
dəfn olunacaq. Sənətkarın son mənzili isə
Fəxri Xiyaban olacaq.
Azərbaycanın
Rusiyadakı səfirliyinin yaydığı xəbərə
əsasən, bu gün Moskvada Çaykovski adına konsert
zalında Maqomayevlə vida mərasimi təşkil olunacaq.
Daha sonra sənətkarın cənazəsi Bakıya
gətirilərək Fəxri Xiyabanda dəfn olunacaq.
Yeni Azərbaycan.- 2008.- 28 oktyabr.- S. 8.