Ukrayna qəhrəmanı, opera müğənnisi

 

Mariya Stefyuk: "Mən sizi sevirəm, Müslüm!"

 

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə başsağlığı verirəm. Mübaliğəsiz demək olar ki, Müslüm Maqomayev dünya miqyaslı müğənni idi. Rəfiqəm mənə Müslümün vəfatı xəbərini çatdıranda çox kədərləndim, onunla birlikdə hönkür-hönkür ağladıq. Bunu Ukrayna qəhrəmanı, SSRİ xalq artisti, T.Şevçenko adına Kiyev Milli Opera və Balet Teatrının solisti Mariya Stefyuk AzərTAc-ın xüsusi müxbirinə məxsusi müsahibəsində bildirmişdir.

Mariya Yuriyevna sözünə davam edərək bildirmişdir ki, bu, dünya incəsənəti üçün əvəzsiz itkidir. Ancaq mən kədərlənmək istəmirəm, çünkü Müslüm Maqomayev şən və həyatsevən insan idi. Tanrı ona hər şey vermişdir: gözəl səsi, yaraşıqlı qəddi-qaməti, kəsərli sözü, mehriban qəlbi var idi. Həyatda olduğu kimi, sənətdə də saxtakarlıq ona yad idi. Klassik musiqidə də, estrada da əlçatmaz istedad idi.

Milanın "La Skala" teatrında təcrübə keçdikdən sonra o, Fiqaronun ariyasını ifa edirdi. Mən özlüyümdə düşünürdüm: dünyada heç kim bu partiyanı Müslümdən yaxşı ifa edə bilməz!

O, sevməyi bacarırdı, onu da hamı sevirdi. Biz tez-tez qurultaylarda və konfranslarda, böyük konsertlərdə və "mavi" gecələrdə görüşərdik. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Müslüm Maqomayevin yubileyi keçirilirdi. Həmin gecəyə dəvət alanda çox sevindim. Mənə o unudulmaz tədbirdə iştirak etmək imkanı yaratdığına görə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevə böyük təşəkkürümü bildirdim. O zaman Azərbaycan paytaxtında mənə dahi Heydər Əliyev və Müslüm Maqomayevlə tanış olmaq şərəfi qismət oldu. Səhnədən şanlı yubilyara dedim: "Axır ki, mənim də növbəm çatdı. Mən sizin yaradıcılığınızı ürəkdən sevirəm!". Sonra pərdə arxasında Heydər Əliyev mənə yaxınlaşaraq dedi: "Siz nəinki yaxşı oxuyur, həm də yaxşı danışırsınız".

Xatirimdədir 70-ci ilrin ortalarında Maqomayev Kiyevə qastrol səfərinə gəlmişdi. O zaman mən tələbə idim. Biz qızlar Maqomayevin qaldığı mehmanxananın qarşısında dayanıb qışqırırdıq: "Biz səni sevirik, Müslüm!". O, pəncərədən boylanıb dedi: "Qızlar, növbəyə yazılın!". İllərdən sonra Müslüm Maqomayevin Bakıda keçirilən yubiley gecəsində səhnədən məhz həmin "növbə"ni xatırladım. Müslüm Maqomayev nəsillərin sevimlisi olmuşdur və həmişə olacaqdır.

 

Respublika.- 2008.- 29 oktyabr.- S. 6.