Cəvahir
Azərbaycan cazı almanları
heyrətləndirdi
Bu günlərdə
Almaniyada keçirilən Azərbaycan günlərində
cazmenlərimiz də çıxış edib. Tanınmış
cazmen Salman Qənbərovun rəhbərlik etdiyi caz qrupu Almaniyanın
müxtəlif şəhərlərində
əcnəbilər qarşısında konsert verib.
Yüksək səviyyədə keçən
konsertlərdə Azərbaycan cazı fərqliliyi ilə
əcnəbiləri heyrətləndirib. Ayaqüstü
səfər təəssüratlarını bizimlə
paylaşan Salman Qənbərov bundan hədsiz məmnun
olduğunu söylədi.
Adətən
muğamımızın bütün dünyanı fəth etməsi
barədə xəbərlər alırdıq, amma vaxtilə
Vaqif Mustafazadənin fəthindən sonra nədənsə
cazmenlərimizdən bir səs-soraq çıxmırdı. Elə
söhbətə də bununla körpü saldıq.
- Çoxdan idi ki,
Azərbaycan cazmenlərinin xarici ölkələrdə
konsertləri barədə xəbərlər almırdıq...
- Təəssüf
hissilə qeyd etmək istəyirəm ki, üç il bundan
əvvəl Azərbaycanı Almaniyada şou-biznes
nümayəndələri təmsil edib. Amma
şükürlər olsun ki, üç ildən sonra
əcnəbilər qarşısına ciddi
layihələrlə çıxırıq. Həmişə
demişəm ki, qoy şou-biznes adamları burada toyxanalarda,
konsertlərdə nə qədər istəyirlər pul
qazansınlar, amma Biləcəridən o tərəfə gedib
bizi biabır etməsinlər, həm hərəkətləri,
həm də oxumaqları ilə, Azərbaycan musiqisini
gözdən salmasınlar.
- Azərbaycan cazı
əcnəbilər tərəfindən necə
qarşılandı?
- Bir məqamı qeyd
edim ki, əcnəbilər üçün fərqi yoxdur, tutalım,
bu, Azərbaycan cazıdır, gürcü cazıdır, ya
başqa xalqların cazı. Onlara dinləmək üçün
mükəmməl musiqi lazımdır. Əcnəbilər
yaxşı ifanı dəyərləndirirlər və oturub
ləzzətlə dinləyirlər. Sadəcə, sən
musiqiçi olaraq Azərbaycan musiqisini elə bir formada
çatdırmalısan ki, xariciləri cəlb edə,
maraqlandıra bilsin. Dinləyəndə fərqi tutsun ki, tutalım
bu, Amerika musiqisi deyil və ondan daha fərqli bir musiqidir.
- Bizim
tamaşaçı ilə əcnəbi tamaşaçı
arasında fərq nədən ibarətdir?
- Onların bir
xüsusiyyəti hər zaman məni cəlb edir, bu
dəfə də şahidi oldum. Əcnəbilər konsertə
minnətlə, candərdi gəlmirlər. Bahalı biletə
pul xərcləyib gəlirlər və musiqi onların
xoşuna gəlmirsə belə, yarımçıq zalı
tərk etmirlər. Axıracan otururlar. Ola bilsin ki,
bəyənmədiyi üçün növbəti
dəfə sənin konsertinə gəlməsin, yaxud
çıxışdan sonra kiməsə desin ki, musiqini
bəyənmədim. Amma qapını çırpıb gedim,
konsertin şirin yerində tappaturupla zalı tərk edim,
digər tamaşaçılara və ifaçılara mane olum
- bu mədəniyyətsizlik onlara xas deyil. Mənim
aləmimdə önəmli olanı budur. İstərdim ki,
Azərbaycan cazı inkişaf etsin və dünya
cazının tərkibində olsun.
Mərkəz.- 2008.- 9 oktyabr.- S. 11.