Xatirə

 

Estrada müğənnisi nələr söylədi?

 

Müasir teleməkanda çoxsaylı musiqi müsabiqələrini seyr edirik. Bəs sənət adamlarının belə müsabiqələrin keçirilməsinə münasibəti necədir? Xalq artisti, estrada mahnılarının mahir ifaçısı Natəvan Şeyxovaya bu sualla müraciət etdik: "Bizim zamanımızda da belə yarışmalar düzənlənirdi, amma onlar televiziya ilə göstərilmirdi. Bu müsabiqələr mədəniyyət saraylarında keçirilirdi. Ən istedadlılar 1-ciliyi əldə edəndən sonra onları televiziyaya çıxarırdılar. Bu gün məşhur olan sənətçilərin əksəriyyəti həmin müsabiqələrdən çıxan gənclərdir. Hazırda isə əksinədir. Bütün müsabiqələr başlayan andan insanlara nümayiş etdirilir. Bunun da mənfi təsiri çox olur. Çünki hər gün onları televiziyada seyr edən kiçikyaşlı uşaqlar da müğənni olmağa can atırlar onların dərslərə olan həvəsi sönür. Bir yandan da belə müsabiqələr tamaşaçıların fikrini çaşdırır, onlar yaxşı ya pis ifaçını ayırmaqda çətinlik çəkirlər. SMS sistemi bir yandan çətinlik törədir. Bəzən ən pis ifaçıya SMS yağışı yağır. Belə amillər gələcək nəslin inkişafına yaxşı təsir etmir. Mən demirəm televiziyalarda müsabiqələr yayımlanmasın, müasir dövrdür, olmalıdır, amma elə müsabiqələr göstərilməlidir ki, keyfiyyətli olsun. Bu işdə yalnız professionallar çalışmalıdır".

"Siz estrada üzrə keçirilən müsabiqələrə dəvətlər alırsınız" deyə sual edəndə Natəvan xanım belə cavab verdi: "Belə müsabiqələrə məni dəvət etmirlər, səbəbini isə deyə bilmərəm. Bəlkə bəzi müsabiqələrə professional münsif üzvü lazım deyil, bu onlara sərf etmir, ondandır. bilim?".

 Natəvan xanım "bu gün Azərbaycanda estrada varmı" sualına belə cavab verdi: "Bu gün bizdə estrada yoxdur və bu janr yalnız formal xarakter daşıyır. Bu gün professional estrada mahnılarına da tələbat var. Belə mahnılar hökmən yazılmalıdır. Bu gün həm bizdə, həm dünya ölkələrinin çoxunda retro mahnılara üstünlük verirlər. Çünki o mahnılar peşəkarlıqla yazılıb. Bu üzdən yüksək pillədən düşmür. Belə mahnıları oxuduqca oxumaq istəyirsən. İndi yazılan mahnılar isə ifa edildiyi gündən bir neçə gün sonra yaddan çıxır, çünki peşəkarlıqla işlənməyib".
   

Həftə içi.- 2008.- 24 oktyabr.- S. 8.