Məhərrəmova T.
Kiçik möcüzələrin “xəstəsi”
Elmar İbrahimov, fokusçu:
"Şirin aldanmağın
öz ləzzəti var"
Onları sehirbaz da, fokusçu da, illüziya ustası da adlandırırlar. Yalnız
onlar insanları inanılmayan şeylərə
inandıra bilirlər.
Onlar magiyaya malik deyillər, amma hamı onlara diqqət və maraqla baxır. Kimsə onların sirlərini açmağa cəhd edir, kimsə göstərdikləri nömrələrdə
səhv tapmağa çalışır. Bəlkə
kimsə də onlara inanmır. Bütün bunlara rəğmən bu sənət neçə əsrlərdir ki, mövcuddur. Fokusçu Elmar İbrahimov da ömrünü bu sənətə həsr edənlərdəndir.
- Məclislərdə
iştirak edəndə
özünüzü necə
təqdim edirsiniz: sehirbaz, yoxsa fokusçu kimi?
- Özümü həmişə
fokusçu, illüziya
ustası kimi təqdim edirəm. Düzdür, bizə sehrbaz da, öncəgörən
də deyirlər. Ancaq mən bu sözləri xoşlamıram. Çünki
bəzən sehrlə
cadunu qarışdırırlar.
Ancaq illüziya tamam ayrı şeydir. Fokus əl hərəkəti ilə deyilən bir tapmacadır. Xəyalında nə fikirləşirsənsə, gözünün
qabağında yaranır.
Ancaq bu, həqiqətdə deyil, fokusla baş verir. Şirin aldanmağın öz ləzzəti var. Vaxtilə avtovağzallarda
oymaq, üskük oynatmaqla camaatı aldadıb pulunu aparırdılar, heç
kim də heç nə demirdi. O da fokus
idi. Bəzən televizorda qaraçıların
adam soymaqları haqqında məlumatlar verilir. Onlar foksun elementlərindən istifadə edirlər. Ancaq camaat əsl
fokus elementlərinə
baxandan sonra qaraçılara daha inanmır.
- Təqdim etdiyiniz nömrələrin
hamısı fantaziyanızın
məhsuludur?
- Mən öz fantaziyamla işləyirəm.
Ümumiyyətlə, hər
bir foksçunun özünəməxsus iş
üslubu var. Hər bir xanımın
bişirdiyi yeməyin
dadı başqa olduğu kimi, hər fokusçunun da işi ayrıdır.
Hansısa foksçunun
işi xoşuma gələ bilər, ancaq mən öz formamı fikirləşirəm. Məsələn,
hamı 1 manatı 20 manat edir, ancaq
pulu dollara çevirəndə tamaşaçılara
daha xoş gəlir. Burada bir fəlsəfə var, özüm də aça bilmirəm. Yəni əsas tamaşaçının
səni qəbul etməsi məsələsidir.
Bu, Allah vergisidir. Mənim söhbətlə, fiziki, riyazi, stolətrafı, səhnə üçün
və s. foks nömrələrim var. Tamaşaçılara
bu nömrələri
təqdim etdikdə yarım saatın nə vaxt keçdiyini
bilmirsən. Məsələn,
tamaşaçı mənə
hansı ildə doğulduğunu deyəndə,
onun hansı gündə anadan olduğunu riyazi hesablamalarla dəqiq söyləyə bilirəm.
Bunu öz hobbim hesabına əldə etmişəm.
- Sizin sahə ilə bağlı ali təhsil məktəblərində
heç bir dərs keçirilmir. Bəs siz bu
peşəyə necə
yiyələnmisiniz?
- Düzdür, bu sahə ilə bağlı tədris yoxdur. Bu, incəsənətin
bir sahəsidir. Mən bunu uşaqlıqdan
damla-damla öyrənmişəm.
Orta məktəbdə
oxuyanda məktəbimizə
foksçular gəlirdi.
Onların göstərdiyi
nömrələrlə çox
maraqlanırdım. Sonra
öz-özümə
onun fəlsəfəsini
açmağa çalışırdım.
Bu sənətin çətinliyi ondadır
ki, foksçu həmin nömrələrin
sirrini açmır. Bunu sən özün
düşünüb tapmalısan.
Bununla bağlı bir neçə ədəbiyyat var. Ancaq onları oxuyan hər adam həmin nömrələri göstərə
bilməz, bunu yalnız foksçu bacarar. Mənim isə fokus nömrələrindən ibarət
"Birlikdə fokus öyrənək" adlı
kiçik bir kitabım çıxıb,
ikinci kitabım isə mətbəədədir.
Uşaqlar bu kitabı oxuyub həmin nömrələri
evdə hazırlaya biləcəklər. Allahverdi
Şıxbabayevin də
bir neçə il bundan qabaq
yazdığı "Foksun
min bir sirri"
və "Hipnoz yuxusu" adlı kitabları çapdan çıxıb. Xaricdə
bu peşəyə yüksək qiymət verilir. Məsələn, Devid Kopperfild universitetlərdə seminarlar
keçirir, pullu mühazirələr oxuyur.
Xarici ölkələrdə
hər bir restoranda fokusçu çalışır.
- Hazırda iş yeriniz haradır?
- Mən Zabitlər evində işləyirəm.
Biz hərbi hissələrə, cəbhə
bölgələrinə gedib
çıxışlar edirik.
Fokus nömrələrini
göstərəndə əsgərlər
istirahət edir. Hamı foksu sevir. Dövlət tədbirlərində də,
televiziya kanallarında
da çıxışlarımız
olur.
- El şənliklərinə necə,
dəvət alırsınızmı?
- Bizi maddi cəhətdən
saxlayan toylardır. Əgər məclislər
olmasa, aldığımız
məvaciblə dolana bilmərik.
- Bəs fokus nömrələrini təqdim etmək üçün lazım olan materialları necə əldə edirsiniz?
- Xarici ölkələrdə
fokus əşyaları
satılan mağazalar
var. Məsələn,
Türkiyədə, İranda
belə mağazalar çoxdur. Türkiyənin
tanınmış fokusçusu
Şankadranın ikimərtəbəli
univermağı var. Həmin mağazalarda işləyən satıcıların
hamısı da fokus göstərməyi bacarır. Çünki satıcı əşyanı
satanda onu nümayiş etdirir. Biz də çalışıb
ordan-burdan əşyaları
tapırıq.
- Bayaq dediniz ki, heç
kim öz nömrələrinin sirrini
açmır. Siz necə?
- Mən 2-3 nömrəni öyrədirəm. Ancaq öyrətməklə deyil,
o, çıxıb tamaşaçını əyləndirə
biləcəkmi? Foksun
əsas mahiyyəti bu sirləri qorumaqdadır. Ancaq bu sirləri açdınsa, artıq foksçu olmursan. Bu, tamaşaçıya da maraq vermir.
Fokusun məqsədi insanları həm əyləndirmək, həm
də düşündürməkdir.
- Devid Kopperfildin sirlərini açdılar. Artıq elə nömrələr varmı ki, onlar tamaşaçı üçün müəmmalı
qalsın?
- Fokusun sirlərini nə qədər açsalar da, yenə açılmayan sirlər çoxdur. Harri Qudininin, Pinnettinin maraqlı fokusları var.
1600-1700-cü illərdə qraf Kaliostronun çoxlu müəmmalı
foksu olub ki, hələ açılmayıb.
- Elə nömrələriniz varmı,
tamaşaçılara tez-tez
göstərməkdən adiləşib
və bunu repertuardan çıxarırsınız?
- Elə nömrələr olub. Çin halqaları ilə göstərilən fokus var və 100 ildən çoxdur ki, bütün dünyada göstərilir.
Bunların sirri dəfələrlə açılıb.
Onlar 11 halqa olsa da, mən
onların 5-i ilə işləyirəm. Ancaq bunları əl hərəkətləri ilə
o qədər maraqla işləyirsən
ki, sirrini açmaq olmur. Bilirsən ki, sirri burdadır, ancaq görə bilmirsən.
- Sənətiniz
həyatda əlinizdən
tutubmu?
- Mən sənətimə xəyanət etməyi sevmirəm. Yəni ondan başqa məqsədlər üçün
istifadə etmirəm.
Yalanın ömrü
az olur. Sənətimə çox
bağlıyam. Ona görə də hamı məni səmimi qəbul edir və özümə
hörmət görürəm.
- Fokusun min bir sirrini
özünüz üçün
nə qədər aça bilmisiniz?
- Bir neçə il bundan əvvəl
mənimçün qaranlıq
şeylər çox
idi. Maraqlısı o oldu ki,
Türkiyədən Şankadra,
İngiltərədən Le-Aleks,
Çevin, Gürcüstandan
Zurab Vodaçuxuriya Bakıya gələrək
çıxışlar etdilər.
Biz nə fokus nömrələri göstərirdiksə, onlar
da eyni şeyləri
göstərirdilər. Fokus
elə fokusdur. Bunları görəndən
sonra öz işimizə marağımız
daha da artdı.
Yoxsa əvvəl elə fikirləşirdik ki, biz heç
nə bacarmırıq.
Artıq mənim üçün 90 faiz açılmayan şey yoxdur. Ancaq əl
çatmayan şeylər
var. Onları yaratmaq üçün çoxlu maliyyə lazımdır. Ancaq mən bu kiçik
möcüzələrin - mikromagiyanın
"xəstəsi"yəm.
- Fokusun hansı özünəməxsus
qaydaları var?
- Fokusun 7 qızıl qaydası var: heç vaxt əvvəldən göstərəcəyin
foksu deməməli; fokusun sirrini açmamalı; foks nömrəsini göstərən
zaman hər hansı uğursuzluq olarsa, vəziyyətdən
çıxmağı bacarmalısan.
Həmişə insanlarla
səmimi olmalısan.
Tamaşaçılara təqdim
etdiyin əşyalar və öz geyimin gözoxşayan, səliqəli olmalıdır
və s..
- Siz göstərdiyiniz nömrələrlə
insanları heyətləndirirsiniz,
bəs sizi heyrətləndirən nədir?
- Məni həmişə aktyorların şəxsi bacarığı, daxili aləmi, mimikası heyrətləndirib. Fokusda
aktyorluq da lazımdır. Ümumiyyətlə,
fokusun həm aktyoru, həm də reyissoru özün olursan. Eləcə də işıq effekti verirsən. Əvvəllər
hər bir fokusa heyrətlənirdim. Ancaq Allah mənə
bu sirləri bəxş elədikcə,
sanki bundan doyuram və özüm bunları insanlara bəxş etmək istəyirəm.
Kaspi.- 2008.- 28 oktyabr.- S. 11.