Sabutay
Dörd
ünsürün musiqisi
Onlar repçilərdir.
Özləri mətn yazıb, özləri musiqi bəstələyən
bir qrup gənc "H.O.S.T" adıyla meydana
çıxdı. Az vaxt içində
pərəstişkarlarının sevgisini qazanan bu 19-20 yaşlı
gənclər həm də öz dünyalarını yaratdıqları
fikrindədirlər. Görəsən, musiqi aləminə
replə daxil olmuş bu gənclərin mənəvi
dünyası hansı elementlərdən yaranıb, bu
dünyanın mənzərəsi necədir? Bu və digər
suallara cavab almaq üçün "H.O.S.T"un
üzvü, gənc repçi Elxan Qaraqandır.
- Yaratdığınız rep qrupunun
– “H.O.S.T”un hərfi açması oxucularımız
üçün maraqlı olardı.
- Bu, hava, od, su, torpaq sözlərinin başlanğıc
hərflərindən
düzəlmiş bir addır. Sadaladığım
ünsürlər əslində birlik simvoludur. Eyni zamanda
bir-birilərindən asılı olmayan ünsürlərdir.
Biz də bir yerdəyik, lakin fərdi azadlıqlarımızla
ayrılıqdayıq.
- Maraqlıdır, o
dörd ünsürü dünyanın yaradıcı
elementləri sayırlar. Siz yeni
dünya yaratmaq istəyirsiniz?
- İnsan hər gün
yeni dünya yaratmaq barədə düşünsə,
yeniləşdirmə aparsa, bu gözəl olmazmı? Axı
zaman keçir, həyat inkişafdadır.
- Adətən, rep
qruplarının özünəməxsus “manifest”i olur. Siz
nə demək istəyırsınız?
- Hələlik manifestimiz hazır deyil. Lakin deyim
ki, biz daxilimizin dəyişikliyini istəyirik. Gündəlik
həyat insanı robotlaşdırır. İstəyirik ki, insan
içindəki arzularını boğmasın. Hətta
xeyirxah bir işi belə "hamı edir" deyə
etmək olmaz. İnsanın öz dünyasında bişən
bir istək olmalıdır. Bu mexaniki hərəkətlər
- sabah insanı qatilə çevirər və o, özünə haqq
qazandırar ki, "hamı belə edir". Olduğun kimi
görünmək daha yaxşıdır. Hər bir insanın
iç dünyası olmalıdır. Həmin iç
dünya öz qapılarını bu dünyanın
üzünə bağlamalıdır. İnsanın
özü ola biləcəyi bir dünyası olmalıdır.
- Yeri
gəlmişkən, təxəllüsünüz "Qaraqan"dır.
Hardan qaynaqlanır bu təxəllüs?
- Qaraqan çöl bitkisidir,
heç bir xeyri olmayan bitkidir. Dözümlüdür və
tək bitir. Qədim mifologiyada "qaraqan" sözü
"güclü" mənasını verir. Eyni zamanda
həm də "torpaqdan yoğrulmuş insan" mənasını daşıyır.
Mənim də bütün fikirlərim bu adın üstündə
toplanıb.
- Necə hesab edirsiniz,
şou-biznesin tüğyan etdiyi bir vaxtda “H.O.S.T”un səsini
gənclik eşidirmi?
- Hansı dərəcədə
eşitdiyini deyə bilmərəm. Bizim
pərəstişkarlarımız bu qrupun ətrafındadır.
Oynamaq və ya atılıb-düşmək üçün
yox, düşünmək və fikirlərini
bölüşmək üçün yanımızdadırlar.
Çünki "H.O.S.T" həm də həyat
tərzidir.
- Bu nədir, sizlər fərqlənmək
istəyirsiniz?
- Əslində biz yalançı
fərqlənmənin
əleyhinəyik. "Müasirlik" adıyla
qaçan ata baxın.
Telekanallarda reklamlar belə təqlid edir ki, fərqli
düşün, fərqli geyin, fərqli dost tap... Hamımız
da bu yolla fərqlənə-fərqlənə baxıb
görürük ki, əslində eyni geyimə, dosta,
düşüncəyə sahib olmuşuq.
Fərqlənmək yox, özün olmaq yolu
düzgündür. Əgər sənin xoşuna qalstuk taxmaq
gəlirsə tax, yoxsa dəb və ya reklam xatirinə belə
etmə.
- Sizi əvvəlki
repdən nə fərqləndirir?
- Studiyaların və texniki
şəraitin dəyişməsidir. Anar Nağılbazın
və "Dəyirman"ın mövcudluğu ilə rep
mövcud oldu. Onların öz
mövzuları var idi.
- Mətnləriniz
necə yaranır?
- Kimsə bir parça yazır, sonra
o biri ardını davam etdirir, beləcə davam edir, hamımız bir-birimizin fikrinə toxunmadan eyni
bir mətni yaradırıq.
- Mövzunuzun əhatə
dairəsinə nələr daxildir?
- Bizim üçün bağlı
mövzular var. Əvvəlki repçilərdən fərqli
olaraq qızdan,
maşından, puldan oxumuruq. Mövzumuz düşünmək və
düşündürmək prinsiplərinə
əsaslanır. Öz yaşamımızı repə
çevirmişik desək, daha düzgün olar. Ancaq
düzüb-qoşduqlarımız sırf sevgi albomları
deyil. Bu gün onsuz da hamı şablon sözlərlə sevgidən
oxuyur. Biz isə bu mövzunun özünə belə alternativlər
axtarırıq.
- İki audioalbomunuz var. Bəs klip
çəkdirməyi planlaşdırmırsınız?
- Bu
gün klip hansısa müğənninin sənətini yox, özünü
göstərmək, öz evini nümayiş etdirmək, "maşınım var" demək vasitəsinə
çevrilib. Yeri gəlmişkən, çox adam hesab edir
ki, əgər rep küçə mədəniyyətinin
formalaşdırdığı
bir mahnıdırsa, onun daxilində mütləq
söyüş və əxlaqsız sözlər olmalıdır. Amma
belə deyil. Əgər intellekt varsa və daxili
mənəviyyat varsa, rep də yuxarı səviyyədə olur. Bu yoxdursa, bizdə
çəkilən əksər kliplər kimi, rep də
aşağı səviyyədə qalacaq.
- Rep öz yerində,
hansı musiqi janrında əsərlərə qulaq
asırsınız?
- Janra
bölmürəm. Qulağa xoş olan hər bir musiqini
dinləyirəm. Tutaq ki, lap elə yüngül mahnı olsun.
Qulaq asmaq olar. Lakin bu o demək deyil ki, bu mahnılar
bütün teleməkanı tutmalıdır.
Mütləq
tənzimləmə yaranmalıdır.
Əlbəttə, mənim qoca nənəm intellektual bədii
filmə baxa bilməz. Lakin bu da telekanallara ancaq serial
nümayiş etdirməyə əsas vermir.
- Bu yaxınlarda mədəniyyətlərin
mübadiləsi proqramı çərçivəsində
ABŞ-da olmusunuz. Sözügedən ölkə sizə
necə təsir bağışladı?
- Təəssüratlardan
uzun-uzadı danışmaq olar. Onu deyim ki, bizdə
ap'arılan təbliğat elədir ki, guya ABŞ tamam başqa
bir dünyadır. Amma elə deyil, tanış olduqda
görürşən ki, o dünyanın bir
parçasıdır.
İnsan insandır,
sadəcə olaraq fərqli mədəniyyətlər
mövcuddur. Orada treninqlərdə iştirak edirdik. Bizim
oğlanlar ABŞ-da olduqdan sonra qulaqlarında sırğa
gəzdirməklə, guya ki, oradan mədəniyyət
gətirdiklərini düşünürlər. Bu,
gülüncdür. Mən bu cəmiyyəti
açıq-aydın görmək üçün proqramdan
kənar olaraq tanışlıqlar qurdum. Orada da
çatışmazlıqlar kifayət qədərdir.
Cəmiyyətdə uçurumlar mövcuddur. Hətta rahat
həyatın özü belə insana problemlər yaradır.
- Bəs hansı hal
xoşuna gəldi?
- Bir fakt deyim. Karuseldə
təhlükəsizliyi dönə-dönə elə
yoxlayırlar ki, adamın gülməyi tutur. Hətta boş
yerlərin belə kəmərlərini bağlayırlar. insan
həyatına bu münasibət diqqətimi çəkdi.
- Sonuncu sual, nə vaxtsa
"H.O.S.T." qrupu
dağılacaqmı?
- Mümkündür. Qrup olmaya
bilər, amma onun ideyaları həmişə aktual olaraq
qalacaq.
Mədəniyyət.- 2008.- 9 oktyabr.- S. 14.