Ağaoğlu T.

 

Haqq aşığı

 

Aşıq-ozan sənətini yaşadanlardan, ustadların layiqli davamçılarından biri də Aşıq Hüseyn Cavan olub. O, ötən əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalının Ütü obasında dünyaya göz açmışdı. Erkən yaşlarında atası Mikayıl kişi qəfil dünyasını dəyişmiş, anası Zöhrə maddi-mənəvi ehtiyaclara tab gətirə bilmədiyindən oğlu və üç qızı ilə birlikdə Arazın şimal səmtinə pənah gətirmiş, Goranboy rayonunun Dəlməmmədli kəndində məskunlaşmışdı.

İnsan həmişə qayğıya ehtiyac duyur, doğma münasibət, etimad görəndə könlü xoş olur. Belə bir sevinc yeniyetmə Hüseynə də qismət olub. Məskunlaşdıqları ərazidə xeyirxah əməllər, niyyətlər sahibi Məşədi Adıgözəl onun avazındakı şirinliyi, səsindəki qeyri-adiliyi eşidib. Günlərin birində onu qədim Göyçə mahalına - aşıq-ozan sənətinin qüdrətli istedad sahibi Dədə Ələsgərin qardaşı oğlu Musanın yanına aparıb. Adıgözəl kişi: "Aşıq, bu uşaq həsrətindən göynədiyimiz Təbriz elindəndir. Naəlaclıqdan biz tərəfə gəliblər. Olduqca dadlı-duzlu səsi var. Onun həsrətli avazını eşidəndə, vallah, kövrəlirəm. Buna görə yanınıza gətirmişəm ki, sənətin incəliyindən onu bir az da agah edəsiniz" dedi.

Hüseyn müqəddəs ocaqda saz çalmağı, söz qoşmağı daha mükəmməl öyrənməyə başladı. Az keçmiş nəyə qadir olduğunu nümayiş etdirdi. Ustadı ilə birgə olduqları el məclislərində çoxlarının rəğbətini qazandı, adı hörmətlə çəkildi. Sazda ifa etdiyi "Yanıq Kərəmi", "Dilqəmi", "Baş sarıtel" havacatları dinləciyilərdə maraq, istək oyatdı. Eyni zamanda o, qoşmalar da yazdı: "Gül, Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Təbriz" kimi məşhur şeirləri dillər əzbəri oldu. O, iyirmi yaşında yazmışdı:

Sarıb boynuna bir körpə sayaq, Doyunca hüsnünə baxaydım, Təbriz! Sən bir dağ olaydın, mən bir bulaq, Şırhaşır sinəndən axaydım, Təbriz!

Unudulmaz şair Süleyman Rüstəm bu qoşmanı oxuyub Hüseynə məktub ünvanlamışdı.

Tale yenidən Hüseyn Cavanın üzünə gülür: 1938-ci ildə həsrətini çəkdiyi Təbrizə qayıdır. Onu alqışlarla qarşılayırlar. O, təxminən səkkiz il orada yaşadı. Ona inananları, dinləyicilərini tərəqqiyə səslədi. Bu müddət ərzində aşığın xidmətləri el arasında haqq aşığı "21 Azəri" medalı ilə qiymətləndirildi.

Pişəvərinin ölümündən sonra Hüseyn Cavan yenidən Arazın bəri səmtinə qayıtdı. O, 1953-cü ildə "Şərəf nişanı" ordeni, az sonra əməkdar incəsənət xadimi fəxri adı aldı. 12 dastanı dillər əzbəri olan aşığın 9 kitabı işıq üzü gördü.

Güneyli-Quzeyli Azərbaycanın arasında mənəvi körpü salmağa çalışan Hüseyn Cavan 69 yaşında dünyasını dəyişdi. Onun Goranboy rayonunun Əzizbəyov kəndindəki məzarı üstündəki abidə üzü Təbriz səmtə ucaldılıb...

Aylar-illər ötüb keçsə , ustad sənətkar unudulmur, xatırlanır, sevgiylə yad olunur. Səsi, ifaları videotekalarda, fonotekalarda saxlanılır. Haqqında, yaradıcılığından məqalələr, kitablar yazılır. Belə topludan biri ustadın şərəfinə özünə "Cavan" təxəllüsü götürmüş Adil Cavana məxsusdur. Onun "Azadlıq pərvanəsi" bədii-publisistik kitabına ön söz yazan, tanınmış qələm sahibi, əməkdar jurnalist Əhməd İsayevin fikirlərindən: "...Adil gözünü açandan evlərində, ocaqlarının başında ürəyi nisgilli Aşıq Hüseyn Cavanı görüb, onun sazını, sözünü eşidib. Bu ünsiyyətin bəhrəsi olaraq Adil Cavan həyatdan narahat, nigaran gedən Hüseyn Cavan haqqında müxtəlif xatirələr toplayıb oxuculara çatdırıb".

...Aşıq-ozan sənətimizin layiqli davamçılarından olan Hüseyn Cavan qədirbilən, sənətsevər insanlar tərəfindən dönə-dönə xatırlanır. Mərhum sənətkar taleyindən küsüb-barışsa da, məramı, məqsədi bir olub: Azərbaycanı daim uca görmək! Bu niyyətlə ömrü boyu Azərbaycanın uğurlarını ilhamla tərənnüm etmişdi.

 

Azərbaycan.- 2008.- 12 oktyabr.- S. 8.