Nəcəfxanlı Ə.
Qədim və zəngin
şifahi xalq ədəbiyyatı xəzinəmizin misilsiz
incilərindən olan bayatılar neçə yüz
illərdir ki, həyatımızın, hiss və
həyəcanlarımızın yığcam bədii
dildə, obrazlı ifadəsi kimi bizimlə birlikdə
yaşamaqda, könüllərimizi ərşi-əlaya
qanadlandırmaqdadır. Ağızdan-ağıza,
yaddaşdan-yaddaşa köçən, son dörd-beş
əsrdə isə əlyazma və cünglərdə,
kitablarda yer alan bayatılar türk xalqlarının dünyaya
təqdim olunan poetik vizit kartlarıdır – desək, yəqin
ki, yanılmarıq.
Sərin bir payız
axşamı Musiqili Komediya Teatrında “əsən” “Bayatı
rüzgarı” şeir-sənət pərvanələrinin
ürəklərini bir daha xəfifcə titrətdi, kəpənək
qanadınca zərif duyğulara köklədi. İctimai
televiziyanın milli-mənəvi dəyərlərimizi
növbəti dəfə urvatlamaq qayəsi ilə
düzənlədiyi bu görüşdə sevimli şairimiz
Məmməd Aslan peşəkar incələmələri
ilə bayatı gözəlliklərindən doyulmaz
zövqlər almağımıza çox səriştəli
bələdçilik elədi.
Aparıcının
“taxt”ının qurulduğu səhnədə
tanınmış rejissor Nadir Diridağlının
“yandırdığı” iri ağ şamlar da, şairin
başının tacı kimi gürünən cilvəli
bayatı dekorasiyası və digər mizanlar da unudulmaz
gecə boyunca seyrçini qayım-qədim ilkinliyinə,
özəl-gözəl keçmişinə qovuşdurdu,
hər kəsin təbini coşdurdu.
Məmməd Aslanın
qızıl müqəddiməsi, İlham Nəcəfovun yan
tütəyinin həzin naləsi ağzınacan dolu olan
salonda cınqıra belə yer qoymadı, hamı nəfəsini
içinə çəkərək bayatıya sevgi
etiraflarını dinlədi. Bu xanım-xatun “afət”in
tərifindən hayıl-mayıl oldu. İlahi, bu nə
möcüzə idi, bu necə sehrli aləm idi ki,
qəlbləri anbaan bayatı rüzgarı ilə doldurur,
ehtizaza gətirirdi?!
Bir aləmdi
bayatı!
Nə təzəsi,
boyatı?!
Haqq nuruyla yoğrulsa,
O da Haqqın ayəti!
İnsafən,
Məmməd müəllimin o gecə bayatı ilə
yaratdığı atəşfəşanlıq sevda dolu
gözləri qamaşdırdı, ilham dolu
könülləri güldürdü. Qədimdən
qədim, təzədən-təzə
bayatılarımızın Sarı Aşıq
zirvəsinə qədər olan yoxuşlarına işıq
tutdu, dikdirlərdən, gədiklərdən ustalıqla
keçə-keçə ölməz şifahi
poeziyamızın əbədi nurlu göylərində
pərvaz elədi. Onunla bərabər keçdiyimiz bu yolda
Gülgəzin, Abbasın,Füzulinin, Xətainin,
Ələsgərin, Şəhriyarın...
nəfəslərini duyduq, səslərini eşitdik. Ruhumuz
üçün məcun qidalar daddıq.
Xalq artisti Səkinə
İsmayılova, ustad tarzən Ramiz Quliyev, digər
möhtərəm musiqiçilərimiz "Kəsmə
şikəstə", "Segah", "Bayatı
Şiraz" üstündə nərmənazik
bayatıları məharətlə təqdim elədilər. Kərkük
elindən gəlmiş ozan qardaşımız Seyfəddin
Çaxmaqçının, Aşıq Ədalət
Dəlidağlının, Fəzail Miskinlinin, Aşıq
Elbrusun gözəl ifaları məclisin ruhuna pozulmaz
çalarlar qatdı.
Filologiya elmləri
doktoru Qəzənfər Paşayev, Aşıqlar Birliyinin
sədri, xalq şairi Zəlimxan Yaqub, Aşıq
Ələsgərin nəvəsi Haqverdi Talıboğlu,
şairlər Xasay Mehdizadə, Cabir Umud, Dədə
Ələsgərin qardaşı nəvəsi, şair
İsmixan Didərginin bayatılarını
səsləndirən qızı, ADPU-nun I kurs tələbəsi
Gülxanım öz çıxışları ilə
Məmməd Aslanın sözünə bir növ
qüvvət verdilər, bayatını bütün
əzəməti ilə göz önündə canlandırdılar.Şair
demişkən, bülbül boyda bayatının dam dolusu toyu
oldu.
Beləcə,
dəqiqələr, saatlar unudulmaz bir gecənin
şirinliyində əridi, bayatı rüzgarının
qanadlarında uzaqlara, ucalıqlara, əlçatmazlıqlara
gedib çıxdıq.
Xalq qəzeti.- 2008.- 22 oktyabr.- S. 6.