Behbudqızı S.

 

Telekaryeranı teatrla əvəzləyən pedaqoq

 

Rasim Aşın  Əsas işim uşaq teatrı təhsildə teatrdır

Anlayış anlayanla dəyərlənər

 

"Düz 10 il bundan öncə oktyabrın 3-də ilk dəfə Bakıya qədəm qoymuşam. Yadımdadır, həmin gün hava yağışlı-çiskinli idi.

Dərhal şəhəri gəzmək istədim. Ev sahibinin oğlu ilə şəhəri gəzməyə çıxdıq. Ev metronun "Nizami" stansiyası ərazisində olduğundan gəzə-gəzə gəlib "Füzuli" meydanına çıxdıq. "Azdrama"nın binasını görüncə şaşırdım. Yəqin etdim ki, belə möhtəşəm bina hansısa görkəmli şəxsiyyətin məqbərəsidir. Binanın özü , yerləşdiyi meydan da Atatürkün məqbərəsini, həmin meydanı çox xatırladır. Mənə bələdçilik edən oğlanla təəssüratlarımı bölüşəndə isə aydın oldu ki, bu, teatr binası imiş. Bunu biləndə çox sevindim. Fikirləşdim ki, Bakıya gəldiyim ilk gündə teatrda tamaşaya baxsam, çox yaxşı olar. Həmin gün "Azdrama"da "Özümüzü kəsən qılınc" tamaşası gedirdi. Kassaya yaxınlaşıb bilet almaq istəyəndə qiymətin ucuzluğuna təəccübləndim. Məni biletsiz buraxdılar. Dedilər, qonağımızsan. Binanın foyesi, zalı məni lap heyran qoydu. Türkiyədə belə teatr binaları çox azdır. "Azdrama"nın interyerinin klassik teatr salonları üslubunda olan ehtişamı məni lap çaşdırmışdı. Tamaşa başlayanda səhnədə qədim libaslar geyinmiş boylu-buxunlu aktyorların uzaq dövrlərin insanları kimi hərəkət etmələri, üstəlik, nəzmlə danışmaları bu hissi bir az da gücləndirmişdi. Dərhal müşahidə etdim ki, rejissor işi , oyunçuların (aktyorların - red.) oyun tərzi Türkiyədə gördüyüm teatr ənənəsindən çox fərqlənir. Təəssüf ki, oyunçular nəzmlə xüsusi intonasiya ilə danışdıqlarından heç başa düşə bilmədim. Amma tamaşaçıların sərbəstliyi məni çox təəccübləndirdi. Tamaşa başlayandan sonra zala daxil olanlar, zaldan çıxanlar fikrimi yayındırırdılar. Axı mən eşitmişdim ki, Azərbaycanda, Bakıda mədəni, teatr anlayışına hörmətlə yanaşan insanlar çoxdur. isə, beləliklə, teatr aləminin əsirinə çevrildim. Bir axı mən Türkiyədə qurduğum televiziya karyerasını teatra dəyişmək qərarını qəbul etmişdim. Elə ilk gündən istər Mədəniyyət İncəsənət Universitetinin tələbəsi, istər "Yuğ" teatrında təcrübə keçən gənc rejissor kimi hər kəsdən yalnız səmimi rəftar, yaradıcılıq üçün şərait gördüm. Anladım ki, məhdud maliyyə imkanları ilə mükəmməl teatr yaradıcılığı ilə məşğul olmaq mümkündür. Mən bunu Bakıda öyrəndim".

Rasim Aşını aktyor və ya rejissor kimi tanıyana qədər hər kəs bütün teatr tədbirlərini, digər mədəniyyət aksiyalarını videolentə həvəslə köçürən şəxs kimi tanıyıb. Sonra onu bir neçə qısametrajlı filmdə sözsüz, sırf üz ifadəliliyinə hesablanmış obrazlarda gördük. Müsahibədən öncəki söhbətlərimizdən birində son vaxtlar filmlərdə görünməməyinin səbəbinin rejissorların onu yalnız tipaj kimi qəbul etməsindən bezməsində olduğunu etiraf etmişdi. R.Aşın: "Bundan sonra televiziya ya kino ilə yalnız o məqsədlə məşğul olaram ki, teatr yaradıcılığımı daha da mükəmməlləşdirim".

"Yuğ" Dövlət Teatrının rejissoru kimi o, teatrsevərlərə "Müsafir", ""X" məqamı", "Midasın qulaqları", "Olsun!" səhnə əsərlərini təqdim edib. Artıq 2 ildir Bakı Slavyan Universitetinin (BSU) müəllimidir. Ötən yay "Teatr elementlərinin təhsildə istifadəsi" mövzusunda dissertasiyanı müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə yiyələnib. R.Aşın BSU-dan savayı Dillər Universitetində türk liseyində jurnalistikadan, türk mədəniyyətinin tarixindən, davranış yaradıcılıq psixologiyasından dərs deyir.

R.Aşın: "Pedaqoji fəaliyyətimdə mövcud, bəlli proqrama öz baxışımızdan baxmağı təklif edirəm. İzah etməyə çalışıram ki, teatr sənəti hər peşənin sahibi üçün özünü daha yaxşı ifadə etməkdən ötrü gözəl vasitədir. Dərs zamanı xəyali bir şirkət, nazirlik, redaksiya, ya da başqa bir müəssisə "yaradıb" sonrakı prosesləri düzüb-qoşmağı tələbələrin öhdəsinə buraxıram. Çalışıram ki, ixtisaslaşmanın önəmini qavrasınlar. Uşaqlar bu işə o qədər aludə olurlar ki, 80 dəqiqə bizə azlıq edir. Pedaqoji fəaliyyət mənə imkan verdi ki, bilgilərimi metodoloji struktura əlavə edim. Müəllimlik etməklə həm öyrədirəm, həm öyrənirəm. Mənim əsas işim Uşaq Teatrı təhsildə teatrdır.

Azərbaycanın təhsil sahəsində Bolonya sisteminin tətbiqi tələsik addımdır. Bu ona bərabərdir ki, bünövrəsiz yerdə 2-ci mərtəbəni tikməyə başlayasan. Tələbələrimdən, şagirdlərimdən ümumilikdə razıyam. Amma elələri var ki, anket dolduranda nümunə götürmək istədikləri ən yaxşı səhnə adamı sorğusunun qarşısında Faiq Ağayevin, Aygün Kazımovanın, Brilliant Dadaşovanın adlarını yazırlar. Bu, çox təəssüf doğuran haldır - gənc nəslin belə bir sualın mahiyyətini anlamaması, estrada səhnəsi ilə teatr səhnəsini qarışıq salması acınacaqlıdır".

Gənclərin, yeniyetmələrin psixologiyasına bələdliyi, onlardan öyrənmək və onları öyrətməyə olan şövqü Rasim Aşını mütləq Uşaq Teatrı yaratmaq məqamına gətirib-çıxarmalıydı. Redaksiyamızın qonağı olarkən etiraf etdiyinə görə, 24 il öncə yazdığı gündəliyini tapıb, ordakı "mən zamansa teatr yapacam, professional teatr yapacam, adını da "Oyun" qoyacağam" qeydi onun bu qərarına güclü təkan verib. R.Aşın: "İlk tamaşamızı 23 aprel - Uşaqlar gününə həsr etdik. "Yuğ"un gözəl aktrisalarından biri Yaqut xanım Paşazadə ilə birlikdə Ruminin hekayələrini hazırladıq. Hekayələri hər bir yaş psixologiyasına uyğun qruplaşdırıb yozum verdik. Zala yalnız uşaqlar keçdilər. Fərqli musiqi - ney ud, üstəlik, teatrdan hədiyyə edilmiş kitablarla getmələri uşaqları yaman həvəsləndirmişdi. Teatrımı məhz "Oyun" adlandırmağımın səbəbi sadədir. Əvvəla, türk təfəkküründə tamaşa, göstəri anlayışı "oyun" sözü ilə adlandırılıb. Sonralar yunanların "teatr" kəlməsi geniş yayıldı. Həm uşaqlıq xatirələrimdən biri oyun çıxaranlarla, teatr aktyorları ilə bağlıdır.

Mən tanışlarıma deyirəm ki, uşaqlarınızı guya onlar üçün nəzərdə tutulmuş teatrların tamaşalarına aparmayın. Birincisi, hər bir tamaşanın ayrıca yaş qrupuna aid auditoriyası olmalıdır. Bizdə necədir? Lap kiçiklərlə 13-14 yaşlılar bir yerdə olurlar. Xüsusən Kukla Teatrı uşaqların psixologiyasını lap pozur. Onlar üçünsə kuklaları çox bədheybət şəkildə hazırlayırlar, uşaqlara çox ciddi süjetlər göstərirlər. Nəzərdən qaçırırlar ki, 3-6 yaş arasında uşaqların dünyaya baxışı, həyat duyumu formalaşır. Bu dövrdə onları ruhu gözəlləşdirən, gözləri, qulaqları oxşayan, mənəviyyatını yüksəldən görüntülər əhvallarla əhatələmək lazımdır. Belə olsa, həmin uşaqlar heç 30 yaşına çatmamış dürüst düşünməyi bacaran şəxsiyyət, həyatın çətinliklərinə boyun əyməyən nikbin, mübariz insanlar kimi böyüyəcəklər. Zaldakı uşaqların sayı da yaş qruplarına uyğun olmalıdır. Yəni söhbət artıq spesifik teatrdan gedir. Özü uşaq teatrıdı deyə, bileti ucuz qiymətə satmaq şərt deyil. Belə teatra biletin qiyməti 5 manat da ola bilər. Təki teatr anlayışını lap kiçik yaşından düzgün anlamaq imkanını uşaqlara verəsən. Daha zövqünü korlayan ucuz hit mahnılarla, şənlik, rəqs etmək mərasimini teatr adı ilə yeridib onu çaşbaş salmayasan. Mən bütün bu məsələləri konsepsiya şəklində Mədəniyyət Turizm Nazirliyinə təqdim etməyə hazırlaşıram".
   

Həftə içi.- 2008.- 8 oktyabr.- S. 6.