İlham Namiq Kamal: “Hər bir
sənət adamı öz tərbiyəsini səhnəyə
gətirir”
Müsahibimiz
yetərincə tanındığından barəsində
geniş təqdimata lüzum görmədik və birbaşa
mətləbə keçirik. İlham
Namiq Kamal həm "İlham" Miniatür Teatrının
rəhbəridir, həm
də Musiqili Komediya Teatrında aktyor kimi çalışır.
Bəs İlham müəllimi həmin teatra bağlayan nədir ki, aktyor kimi də
fəaliyyətini davam
etdirir?
-
Görkəmli aktyor Hacıbaba Bağırovla uzun illərdi
tanış idik. "Mozalan" kinojurnalında, teletamaşalarda
bir yerdə çıxışlarımız çox olub. Həm də Mədəniyyət və
İncəsənət Universitetində
musiqili teatr aktyorluğu kafedrasında
bir yerdə çalışırdıq. Bir
gün o, mənə Musiqili Komediya Teatrında bir tamaşa hazırlamağı təklif
etdi. Hətta arzusu vardı ki, bir tamaşada
ikimiz oynayaq. Amma həyat elə gətirdi ki, bu, qismətimiz
olmadı. Sonra o, Oqtay Rəcəbov
və Aqşin Babayevin "Şeytanın
yubileyi" adlı pyesini mənə təqdim etdi və mən o tamaşanı hazırladım. Ümumiyyətlə,
bu teatr mənə çox doğmadır. Burada aktyorluqla yanaşı, rejissor kimi də
çalışıram. Sözün
yaxşı mənasında
səlahiyyətimdən istifadə
edərək müəyyən
ağızəymələri, gülməli adam obrazlarını bu səhnədən yığışdırmışam.
Bunlar yığışdıqca
Musiqili Komediya Teatrının hörməti
daha da artacaq.
Səhnəmiz gülməli
adamlardan qurtarmalıdır.
Səhnədə həqiqi
gülüş yaradan
adamlar olmalıdır.
Mən, ümumiyyətlə,
həmişə qərar
tutduğum yerdə nə isə bir iş görməyə
çalışmışam. Məsələn, götürək
"İlham" Miniatür
Teatrını. Bu teatrı da imkan daxilində tanıtdım. Teatrın
6 - 7 tamaşası dövlət
televiziyasının, 4 tamaşası
"Lider" telekanalının
"Qızıl fond"undadır. Əgər bu ərəfədə çəkilən tamaşa
"Qızıl fond"da saxlanılırsa, bu özü böyük işdir. Bundan əlavə, çəkilmiş tamaşalar
özümüzdə də
qorunur. Çalışmışıq
teatr sənətinə
kömək edək. Bu teatr digər
teatrlara bənzəməyən
bir formadadır. Əyləncəli, gülüşlü,
musiqili, bugünkü
günün sözünü
deyən bir teatrdır.
- Aktyor olmaq asandır?
-
Asan olsaydı, bunu hamı edərdi. Aktyorluq
yeganə sənətdir
ki, hər dəfə istər rol oynayanda, istər məşq edəndə əsəbini
itirirsən. Aktyorluq əsəb üzərində
qurulmuş bir sənətdir. Tamaşaçı
gəlir, gülür,
ancaq sən o vəziyyəti ifa etmək üçün nə qədər əsəb gərginliyi keçirirsən.
Əvəzində də
qazandığımız tamaşaçı
məhəbbəti və
ya hansısa titul olur. Ancaq
burası da var ki, hər
bir insanın seçdiyi peşə var. Bizə güclə deməyiblər
ki, aktyor ol. İçimizdə elə bir həvəs,
elə bir qığılcım var ki, adi insanlar
o hissləri keçirə bilməzlər.
Həvəslə gəlirsən,
sonra keçdiyin məktəb səni peşəkarlıq dərəcəsinə
çatdırır. Sən
gərək o peşəkarlığı püxtələşdirəsən.
Oynadığın rollarla,
obrazlarla daha yeni bir səhnə
açasan.
-
Necə oldu ki, eyni zamanda rejissor kimi fəaliyyətə
başladınız və aktyorlarla dil tapmaq sizin
üçün asandırmı?
-
Mən o aktyorlardanam ki, bu günə qədər mənə
rollar verirlər. Bundan heç vaxt korluq çəkmirəm.
İstər televiziya tamaşalarında, istərsə
də teatrlarda. Rejissorluqla bilavasitə məşğul
olmağım "İlham"
Miniatür Teatrının
yaranması ilə bağlı oldu. Çünki tamaşaların
necə olması haqqında beynimdə fikirlər vardı. O zaman rejissorluqla məşğul olmağa
başladım və bir də gördüm
ki, 37 - 38 tamaşa hazırlamışam. Qaldı
aktyorlarla dil tapmağa, bu bir tərəfdən asan olsa da,
bir tərəfdən
çətindir. Tamaşanı
hazırlayana qədər
onların da əvəzinə düşünürsən.
Çünki bütün
tamaşa sənin yozumundadır. Yalnız 3
- 4 tamaşa oynanılandan
sonra özünü rahat hiss edirsən
ki, artıq ətrafdakılar sənin
üslubuna uyğun işləyirlər.
-
Quruluş verdiyiniz əsərdə baş rolu
özünüz oynamısınızmı?
-
Mütləq baş rolda mən oynamalıyam söhbəti
heç vaxt olmayıb. Miniatür Teatrında hazırladığım
"Karnaval" və
ya "Şifonerdə
eşq-məhəbbət"
tamaşasında özüm
epizodik rol ifa etmişəm. Əslində, rolun böyüklüyünə-kiçikliyinə
baxmazlar - hansı rol sənə uyğundursa, o rolu da oynamalısan.
Həm də rol ilk növbədə
xarakterə uyğun gəlməlidir.
- Bu gün
tamaşaçılara həqiqi
gülüş bəxş
edən aktyorlar yoxdur?
Azərbaycan
teatrında qaz səsi çıxaran, bəstəboy,
pəltək obrazlarında oynayan gülməli adamlar
çoxdur. O, onsuz da
gülməli adamdır.
Ona küçədə
də güləcəklər.
Bir də var cəmiyyətdə olan insanlardan fərqlənməyən adi
bir insan. Ancaq o, səhnədə
elə maraqlı gülüş vəziyyətləri,
xarakter yaradır ki, heyran qalırsan.
Aktyor sənəti də yalnız o zaman qiymətləndirilir.
Biri var savadsız bir adamın səhnədə
oynadığı alverçi
obrazı, biri də var savadlı
adamın təqdim etdiyi analoji obraz. Bunlar tam
fərqlidir. Hər bir sənət adamı öz tərbiyəsini səhnəyə
gətirir. Mədəni,
səviyyəli bir aktyorun səhnəyə gətirdiyi obraz həmişə maraqlı
bir qalereya kimi qalır. Bəsit, dayaz aktyorun gətirdiyi adamın xarakteri isə silinib gedir.
Həftə-içi.- 2008.- 14 oktyabr.- S. 6.