Xəlilzadə F.
Sənətşünaslıq
doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü
İnqilab Kərimov milli teatr tarixinə, tənqidinə
və nəzəri məsələlərinə həsr olunmuş
bir çox elmi və bədii əsərlərin
müəllifidir. Məlumdur ki, ötən
əsrin ortalarına kimi Azərbaycan teatrının tarixi barədə çox az yazılmışdır.
Əgər Cəfər
Cəfərovun həm
rus, həm də Azərbaycan dillərində çap edilmiş "Azərbaycan
dram teatrı" kitabını nəzərə
almasaq, bu sahədə bir boşluq var idi. Doğrudur, ayrı-ayrı tədqiqatçılar, teatrşünaslar,
müəyyən şəxsiyyətlər
haqqında yazılar və xatirələr qələmə almışdılar.
Bir tərəfdən də sovet ideologiyasının tələb və təzyiqləri, təbii ki, milli teatr
tariximizə aydın güzgü tutulmasına mane olurdu. İşin
obyektiv çətinliklə
üzləşməsi nəticəsində
Azərbaycan teatrşünaslığı
bitkin formalaşmamışdı.
Əlbəttə, Məmməd
Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov,
Əkbər Ağayev,
Yaşar Qarayev teatrla bağlı tədqiqatlar aparıblar, amma hər şeydən
əvvəl onlar filoloq alim idilər.
Bu mənada, İnqilab Kərimovun xidmətləri xüsusilə
dəyərləndirilməlidir. Çünki o, peşəkar teatrşünas,
sənətşünas, tədqiqatçı
alimdir.
Bu günlərdə
müəllifin üç cildlik "Azərbaycan teatr
tarixi"nin I cildi "Elm" nəşriyyatı
tərəfindən işıq üzü
görmüşdür. Bu kitab Azərbaycan teatrı ünsürlərinin
və komponentlərinin
üzə çıxdığı
ta qədim dövrlərdən başlamış
1920-ci ilə qədərki
dövrü özündə
əks etdirir. Azərbaycan dünyəvi peşəkar
teatrının yarandığı
vaxtdan sonrakı yaradıcılıq həyatının
tədqiqi zamanı yalnız Bakıda fəaliyyət göstərən
teatr deyil, Naxçıvan, Şuşa,
Lənkəran, Gəncə,
Şamaxı, eləcə
də Tiflisdə, İrəvanda, Aşqabadda,
Cənubi Azərbaycanda
yaranan teatrların
fəaliyyəti təhlilə
çəkilmişdir.
Üç
fəsildən ibarət olan yeni nəşrdə milli
teatrımızın tarixinə sözün əsl
mənasında güzgü tutulub. Azərbaycan
teatrının mənşəyi
ətraflı araşdırılaraq
peşəkar teatrın
yaranması barədə
oxuculara geniş məlumat verilib. Azərbaycan dünyəvi
peşəkar teatrının
təşəkkül tapdığı
1873-1905-ci illərdə ölkədəki
ictimai-siyasi vəziyyət
aydın təhlil edilib. Teatr sənətinin
yaranma və inkişafında milli-azadlıq hərəkatının
rolunu yüksək qiymətləndirən müəllif
yazır: "XX yüzilliyin
ən böyük şüarını hələ
əsrin əvvəlində
hamıdan öncə
elan edən, "Vətən, Vətən,
Vətən! Millət,
millət! Dil, dil, dil!"
deyən Cəlil Məmmədquluzadənin "Molla
Nəsrəddin", "Bizə
fədai lazımdır:
türk hissiyyatlı,
islam etiqadlı, Avropa qiyafəli fədai" deyən Əli bəy Hüseynzadənin "Füyuzat"
ədəbi məktəbi
xalqın maariflənməsinə,
mədəni tərəqqisinə
çalışır, incəsənətin, o cümlədən teatr sənətinin inkişafına
səy göstərirdi.
Onlar yaxşı bilirdilər ki, millətin və mədəniyyətin tarixləri
bir-birindən heç vaxt ayrı olmayıb".
Yeni nəşrin redaktoru filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevdir. O, kitabın
ön sözündə
yazır: "Bu, Azərbaycan teatr tarixinin yarandığı
gündən 1920-ci ilə
qədərki dövrünü
ardıcıl və sistemli şəkildə təhlil edən fundamental bir kitabdır. Məni razı salan
cəhətlərdən biri
də müəllifin
sovet ideologiyasının
təsiri ilə qərəzli tənqid hədəfinə çevrilmiş
əsərlər, tamaşalar
haqqında obyektiv və prinsipial mövqedən çıxış
etməsi, hətta bir çox görkəmli sənət
adamlarının adlarında,
soyadlarında, atalarının
adlarında buraxılmış
səhvlərə aydınlıq
gətirilməsdir".
AMEA-nın
redaksiya-nəşriyyat şurasının qərarı
ilə çap olunan "Azərbaycan teatr tarixi" kitabı
həm ali məktəb tələbələri
üçün dərslik kimi istifadəyə
dəyərlidir, həm də mütəxəssislərin,
teatr həvəskarlarının diqqətini çəkəcək
maraqlı faktlarla zəngindir.
Azərbaycan.- 2008.- 15 oktyabr.- S. 8.