Salmanov R.

 

“Körpü”nün uğurlu premyerası

 

Son illər bir sıra maraqlı layihələr həyata keçirməklə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi bu günlərdə Dövlət Musiqili Komediya Teatrın səhnəsində dramaturq, əməkdar mədəniyyət işçisi İftixarın (İftixar Piriyev) “Körpü” əsərinin premyerasını oynadı. Beynəlxalq miqyaslı layihə kimi həyata keçirilən bu tamaşada Bakının beş teatrını təmsil edən bir qrup aktyor heyətilə yanaşı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyilə Qafqaz teatrlarından K.Qamsaxurdiya adına Suxumi Dövlət Dram Teatrı, Tiflis Dövlət Azərbaycan Dram Teatrı və Dərbənd Dövlət Ləzgi Musiqili Dram Teatrının aktyorları da dəvət olunmuşdur.

Qafqazda təcavüzkarlığa qarşı mübarizəyə, sülhün, əmin-amanlığın, milli münasibətlərin bərpasına həsr olunmuş bu əsərdə Qafqaz xalqlarını birləşdirən körpünün yolu təcavüzkarların hərbi hissələri tərəfindən bağlanır. Araya süni olaraq millətlərarası konflikt salınır. Ömrü boyu dost mehribançılıq şəraitində yaşayan xalqlar bir-birilə münaqişə vəziyyətinə gətirilir. Lakin qan tökülməsinə baxmayaraq, müdriklərin səyi nəticəsində xalqlar bir yumruq kimi birləşərək işğalçıları Qafqazdan çıxarmağa nail olurlar. Bununla da münaqişə öz müsbət həllini tapır.

Maraqlı süjet üzərində qurulan hadisələr dinamik inkişaf etdikcə gərgin bir vəziyyətə çatır. Bu gərginlik 60 il öz eşqini qəlbində pünhan saxlayan Göygöz Abbasın Bilqeyslə toy günündə ölümü ilə nəticələnir. O, həmin gün körpünün yoluna çəkilmiş tikanlı məftilləri qırmaq istərkən işğalçı qoşunun pusquda duran snayperi onu vurur, Qafqazda bütün xalqlar ayağa qalxıb mübarizəyə qoşulurlar. Nəticədə müstəmləkəçilikdən azad olan xalqlar bir dost kimi sülh əminamanlıq şəraitində yaşayırlar.

Müəllif çox ustalıqla ermənilərin iç üzünü, riyakarlığını və xəyanətini açıb tamaşaçıya göstərə bilir. Əsər çox axıcı dinamikdir. Müəllifin koloritli dili tamaşaya xüsusi şirinlik gətirir. Gözəl səhnə musiqi tərtibatı, ən əsası isə güclü aktyor oyunu tamaşanı daha baxımlı yaddaqalan edir.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı, xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Tamaşada K.Qamsaxurdia adına Suxumi Dövlət Dram Teatrının aktyoru, Gürcüstanın xalq artisti Dmitri CananiAnzor Abuladze, Dərbənd Dövlət Ləzgi Musiqili Dram Teatrının aktyoru, əməkdar artist Ağaxan AğaxanovQriqoryan, Tiflis Dövlət Azərbaycan Dövlət Teatrının aktyoru Turqay VəlizadəAftandil, əməkdar artist Dilarə ƏliyevaBilqeyis, xalq artisti Süleyman NəcəfovManuçar, Qurban İsmayılovGöygöz Abbas, Salman BayramovSəy Səməd, əməkdar artisti Vaqif KərimovToder Dursun, xalq artisti Tamilla AbdullayevaNaira, Ədalət ƏbdülsəmədovMızıx Məhərrəm, Aslan MəmmədovBadono Qaqo, əməkdar artist Rahib ƏliyevAxund ağa, Rəzzaq MəmmədovPaşa, Nurbəniz NiftəliyevaƏsmər, Niyaməddin SəfərəliyevQaspodin Qarik, Samir BayramovQurqiridze, Aynur Abbasovaxatun digər aktyorlar iştirak edirlər. Bu tamaşanın tezliklə Tbilisi şəhərində nümayiş etdirilməsi üçün Açıq Cəmiyyət İnstitutunun yardım fondu qrant ayırmışdır.

Xalq qəzeti.- 2008.- 29 oktyabr.- S. 8.