Azərbaycan-Qırğızıstan mədəni əlaqələri genişlənir

 

Qırğızıstan prezidentinin müşaviri, tanınmış kinorejissor Bolat Şamşiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir.
Oktyabrın 6-da Bolat Şamşiyev Azərbaycanda Atatürk Mərkəzində həmkarları, ölkəmizin tanınmış ziyalıları ilə görüşmüşdür.
Qırğızıstan rəsmisi xalqlarımız arasında dərin köklərə malik mədəni əlaqələrdən bu sahədə əməkdaşlığın inkişaf perspektivlərindən danışmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkşafına və mədəni irsin qorunmasına göstərdiyi diqqət və qayğıdan danışan qırğızıstanlı qonaq bildirmişdir ki, ölkələrimiz arasında mədəni əlaqələrin sürətlə inkişaf etdirilməsi üçün imkanlardan daha səmərəli istifadə olunmalıdır.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər çıxış edənlər Bolat Şamşiyevin ölkəmizə səfərini mühüm hadisə kimi qiymətləndirərək, bunun Azərbaycan-Qırğızıstan mədəni münasibətlərinin inkişafına töhfə verəcəyini bildirmişlər.

Görüşdə qədim tarixə malik Azərbaycan-Qırğızıstan əlaqələrinin bərpası, qarşılıqlı mədəniyyət günlərinin, kino həftələrinin keçirilməsi, muzeylər arasında təcrübə mübadiləsi, kitabxanaların və teatrların əməkdaşlığının qurulması, sərgilərin təşkili, musiqi və rəqs kollektivlərinin səfərləri və digər məsələlər diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, yaxın günlərdə Bişkekdə Azərbaycan ədiblərinin qırğız dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı keçiriləcəkdir.
Səfər çərçivəsində B.Şamşiyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Bakı şəhəri ilə yaxından tanış olacaq, Qubada XX əsrin əvvəllərində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların kütləvi məzarlığını ziyarət edəcəklər.

 

Xalq qəzeti.- 2008.-7 oktyabr.- S. 3.