Ucal A.

 

İlqar Cahangirov Oynadığım tamaşaya tamaşacı diqqəti olanda yaşadığımı hiss edirəm


Əslində mən onu əsgərlik illərindən tanıyıram. Onda hələ İncəsənət İnstitutuna da daxil olmamışdı. Ancaq içində bitib-tükənməyən bir sənət eşqi var idi.

Həm də o qədər ki, bunu incəsənətlə, teatrla heç bir əlaqəsi olmayan bir adam da hiss edə bilərdi. Bəlkə də, o tükənməz eşqin, o tükənməz sevginin nəticəsidir ki, bu gün Azərbaycan teatrının ən istedadlı, ən ümidverən aktyorlarından biridir. Müsahibim Bakı Kamera Teatrının aktyoru, respublikanın əməkdar artisti İlqar Cahangirovdur.

Qısa tərcümeyi-hal:

1967-ci il, noyabr ayının 30-da Ceyranbatan qəsəbəsində anadan olub. Orta təhsilini də Ceyranbatan qəsəbə orta məktəbində alıb. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1994-cü ildə bu institutu bitirib. Elə həmin ildən Bakı Kamera Teatrında fəaliyyətə başlayıb. 2006-cı ildə Ezop roluna görə “Qızıl dərviş” mükafatına layiq görülüb. 2007-ci ildə “Bosfor Atəşləri” 9-cu Beynəlxalq Antik Teatr Festivalında ən yaxşı kişi rolu üçün (Şah Edip roluna görə) mükafat alıb. 2002-ci ildən respublikanın əməkdar artistidir. Ailəlidir.

- Məlumdur ki, Azərbaycan teatrı müəyyən bir dövr üçün ciddi bir boşluq yaşadı. Necə bilirsiniz, bu boşluq teatrımız üçün zəruri idimi?
- Mən bir tərəfdən bu fikirlə razı olsam da, o biri tərəfdən razı deyiləm. Çünki son 5 ildə qonşu Gürcüstanda ən azı 5-6 dəfə olmuşam. Onların teatrları ilə, kinoları ilə maraqlanmışam. Düzdür, şərait yaxşı deyil, yaşayışları çətindir, ancaq tamaşalar həmin tamaşalardır. Yəni onlar da keçid dövrünü yaşadılar, biz də. Ancaq təəssüf ki, bizim bir çox teatrlarımızda səviyyə aşağı düşdü. 10 il ərzində 10 tamaşa yoxdur ki, tamaşaçı gətirsin. Bu gün hələ də Azərbaycanda kütləvi bilet satışları, təşkilatçılıq, hörmət, qonorar məsələsi davam edir. Halbuki teatr açıq kassa olmalıdır. Ona görə də mən bunu keçid dövrü ilə izah etməzdim. Digər tərəfdən, səmimi etiraf etməliyik ki, biz teatral xalq deyilik. İstər teatr məktəbi baxımından, istərsə də, tamaşaçı baxımından. Əgər professional məktəbimiz olubsa da, bu, müəyyən şəxslərin hesabına olub. Bu gün o şəxsləri barmaqla saymaq olar. Tamaşaçılara gəlincə, bu gün elə ziyalılarımız var ki, ciddi bir şeyə baxa bilmirlər və tamaşanın ortasında durub gedirlər. Ancaq Gürcüstanda belə bir şey yoxdur, Rusiyada belə bir şey yoxdur. Mən inanmıram ki, orada ziyalı tamaşanın ortasında durub getsin. Üstəlik, bir yox, bəlkə də, yüzlərlə belə tamaşaçımız var. Yəni bizdə hələ teatral tamaşaçılar çox azdır. Bir də son dövrlərdə əyləncə dəbə minib və tamaşaçıların zövqünü korlayıb. Bu gün professional məktəb görən adamlar da əyləncəyə, şou aləminə üz tutur. Yəni professional məktəb görür, professional rejissor əlində olur, ancaq bir il, iki il sonra müəyyən şeylərə aldanır və gedir.

- Sizcə, bu gün tamaşaçı teatrdan nə gözləyir?

- Bilirsiniz necədir, gərək, aktyor öz sənətinə xəyanət etməsin. Əgər səhnəyə çıxırsansa, bilməlisən ki, tamaşaçı səndən sənət istəyir. Yəni o, həqiqi gülüş istəyir, o, həqiqi faciə istəyir. Əgər tamaşaçı tamaşada oturursa və onun hissləri oyanmırsa, o tamaşa tamaşa deyil. Məsələn, bizim faciəvi komediyalarımız var. Biz həmişə o tamaşalara gülüşlə baxırıq. Halbuki o bizim faciəmizdir. Yəni biz güldürmək xətrinə o tamaşanı qoyuruq. Əgər biz o komediyanı, o faciəni düzgün qoysaq, tamaşaçı da o tamaşanın mahiyyətini görər. Əslində biz tamaşaçını aldatmırıq. Biz öz-özümüzü aldadırıq. Gözəl geyinmək, yaraşıqlı görünmək, hay-küy, pafos - bunlar hamısı keçmişdə qaldı. Yəni biz nə qədər səmimi olarıqsa, tamaşaçı bir o qədər bizə inanar. Doğrudur, emosiya da lazımdır. Yəni yeri gələndə qışqırmaq da olar, bağırmaq da. Ancaq bütün bunlar yerində olmalıdır. Aktyor onu bacarmalıdır. Axı biz həyatda həmişə qışqırmırıq, həmişə bağırmırıq. Onun yeri var, vaxtı var, gəlir. Sən onu gətirə bilmirsənsə, əvvəldən axıra qədər özünü ona kökləyirsənsə, o, tamaşaçıya lazım deyil.

Tutaq ki, mən Otellonu oynayıram. Özünüz bilirsiniz ki, Otello faciədir. Mən orada qışqırıram da, ağlayıram da, pıçıldayıram da, rəqs də edirəm. Tamaşa olub ki, mən rəqs edə bilməmişəm. Tamaşa olub ki, mən qışqıra bilməmişəm. Ancaq bunu yalandan da etmək istəməmişəm. Qoy az olsun, ancaq səmimi olsun, təmiz olsun. Tamaşaçı o səmimiyyətə inanır, o təmizliyə inanır. Tamaşaçı bu gün onu istəyir. Yalandan ağlamaq istəmir. Yalandan gülmək istəmir. Mənə bir dəfə dedilər ki, sənin göz yaşın tamaşaçının göz yaşından sonra gəlir. Sevindim. Çünki əslində bu, aktyor üçün bir qələbədir. Yəni biz ağlatmaq üçün ora çıxmamışıq, biz güldürmək üçün ora çıxmamışıq. Biz orada bir həyat oynayırıq, bir tale oynayırıq, bir faciə oynayırıq, bir komediya oynayırıq. Tamaşaçı o faciəni görürsə, o komediyanı görürsə, o həyata inanırsa, o taleyə inanırsa, bu bizim qələbəmizdir. Tamaşaçı bu gün onu istəyir.

- Aktyor üçün ən böyük uğur nədir?

- Mənə elə gəlir ki, aktyor üçün ən böyük uğur tamaşasıdır. Daha doğrusu, tamaşasının uzunömürlülüyüdür. Təəssüf ki, bizim böyük teatrlarımızda da, kiçik teatrlarımızda da, 3 ay-4 ay məşq edirlər, o qədər əziyyət çəkirlər, 5 tamaşadan, 10 tamaşadan sonra tamaşanı bağlayırlar. Bir tərəfdən mənim bəxtim gətirib ki, oynadığım tamaşalar hələ də repertuardadır. Mən sevinirəm ki, hələ də o tamaşalar oynanılır. Axı onu biz yaratmışıq. Axı onu biz “tikmişik”. Biz onu necə “öldürə” bilərik? Biz onu necə sökə bilərik? Yəni mənim üçün ən böyük uğur odur ki, mən tamaşa oynayım və tamaşaçı gəlib mənə baxsın. Mənim oynadığım tamaşaya tamaşacı diqqəti olanda yaşadığımı hiss edirəm, onda mən nəfəs alıram. Yəni mən yaşayıram. Aktyorun yaradıcılığı budur. Bir tərəfimdə oynadığım roldur, bir tərəfimdə mən. Bu gün mənim ən böyük xoşbəxtliyim, ən böyük uğurum o bir tərəfimin sənətdə olmasıdır.

- Bir qədər də kinodakı işləriniz barədə...

- Mən teatrdan çox, kinonu sevirdim. Yəni kino üçün lazım olan, kino aktyoru üçün lazım olan şeylərin hamısından keçmişdim. Kaskadyorluq, at çapmaq, döyüşlər və s... Bir maşın sürməkdən başqa. Yəni kino mənim üçün hər şey idi. Sonra bu hadisələr, bu müharibə... Və mən teatra getdim. Sonra mən teatrı çox sevdim. Bu gün, doğrudan da, mən teatrı kinodan çox sevirəm. Bir də mən onu başa düşdüm ki, teatr kinodan çətindir.

Kinoda ilk rolumu Eldar QuliyevinGirovfilmində oynamışam. Epizodik bir rol idi. Sonra Gürcüstanda bir filmə çəkildim. Daha sonra İranda iki filmdə oynadım. Gürcüstanda çəkildiyim film “Qarabağa səyahət” adlanırdı. “Remka” şirkətinin istehsalı idi. Mən orada Azərbaycan zabitini oynayırdım. Böyük layihə idi. Amerikadan, Çexiyadan, Rusiyadan aktyorlar var idi. Pis alınmadı. Ancaq istərdim ki, yenə çəkilim. Daha çox tarixi filmlərə həvəsim var. Yaxşı tarixi film olsa, çəkilərəm. Televiziyada da rollarım var. “Oskar Production”ın “Yaşananlar” layihəsindən bir neçə filmə çəkilmişəm. O filmlər bir müddət “Xəzər” telekanalında da efirə getdi.

- Kamera Teatrı gənc olsa da onu tez-tez ölkəmizdən kənarda görürük...

- Əslində bizim bir tərəfdən xoşbəxtliyimiz onda oldu ki, biz oturub gözləmədik. Çətin də olsa, hər şeyi özümüz qazandıq. Aradıq, axtardıq. Beynəlxalq festivallara düşməyimizdə də bizim o axtarışlarımızın rolu böyük oldu. Məktublar göndərirdik, CD-lər göndərirdik. Bir tərəfdən də bu festivallarda böyük bir təcrübə keçdik. Məsələn, mən Fransa teatrına baxmışam, Çex teatrına baxmışam, Yuqoslaviya teatrına baxmışam, Almaniya teatrına baxmışam, Türkiyə teatrına baxmışam, Ukrayna teatrına baxmışam. Müqayisə də edə bilərəm. Yəni festivalda təkcə öz işini göstərmirsən, həm də yeni işlər görürsən, yeni aktyorlar görürsən, yeni rejissorlar görürsən. Festivalın ən yaxşı xüsusiyyəti budur. Bir də məsələ o deyil ki, gedib oradan mütləq mükafat gətirəsən. Məsələ odur ki, orada sənətini, mədəniyyətini nümayiş etdirəsən. Halbuki biz bu festivallarda mükafat da qazanmışıq. Əgər bu 15 ildə 15 festivalda olmuşuqsa, onun 8-dən, 10-dan mükafatla qayıtmışıq...

- Əslində hər bir rol aktyor üçün yeni bir həyatdır. İstər öz həyatınızda, istərsə də teatr həyatınızda peşman olduğunuz məqamlar...
- Bizim sənətimiz ona görə fərqlənir ki, biz təkcə öz həyatımızı yaşamırıq. Məsələn, həkim ancaq həkimdir, müəllim ancaq müəllimdir, mühəndis ancaq mühəndisdir. Ancaq biz aktyorlar gör kimik? Həm həkimik, həm müəllimik, həm mühəndisik, həm şahıq, həm nökərik... Con Steynbekin “Siçanlar və adamlar” povesti əsasında “Sən məni atmazsan” tamaşasını hazırlayırdıq. Orada mən 25-30 yaşlarında uşaq xasiyyətli bir adamı oynayırdım. Ona qədər mən başa düşmürdüm ki, yeni həyat nədir, yeni tale nədir? O roldan sonra başa düşdüm. Çünki mən o rol üçün çoxlu müşahidələr apardım. O cür adamlarla ünsiyyətə girdim, o cür adamları öyrəndim. Sonrakı rollarımda da bu davam etdi. Axı insan doğulanda pis doğulmur. Yaşadıqca o adamların yaxşılığını, pisliyini görürsən. Yaşadıqca o adamların həyatları ilə, taleləri ilə
tanış olursan. Üstəlik, fantaziya ilə yox, konkret faktlarla...

Peşman olduğum məqamlara gəlincə, mənə Şeyx Sənan rolunu təklif etmişdilər, oynamadım. Elə tamaşalar olub ki, orada mənə rol verilməyəndə heyifsilənməmişəm. Ancaq Şeyx Sənanda heyifsiləndim. Tamaşaya baxandan sonra dedim ki, niyə mən bu rolu oynamadım? Ancaq bunu özüm üçün faciəyə də çevirmədim. Belə hallar teatrda da olub, kinoda da. Həyatdan isə danışmaq istəməzdim. Ancaq talemi deyim, qismətmi deyim, barışıram onunla. Daha doğrusu, barışmağı bacarıram...

- Və İlqar Cahangirov bir insan kimi...

- Mən də yalan danışmışam, mənim də pisliyim olub. Ancaq şərəfsiz olmaq istəmirəm, ləyaqətsiz olmaq istəmirəm. Allah məni ondan qorusun. İnsan kimi yaşamaq istəyirəm. Axı biz insanıq. Bizə Allah şüur verib, qabiliyyət verib. Əgər məndə bu şüur varsa, bu qabiliyyət varsa, deməli, mən onunla nə isə etməliyəm. Kin saxlamıram. Olub ki, özümdən kiçik və ya böyük adamın xətrinə dəymişəm. Ancaq sonra gözlərim dolub, ağlamışam onun yanında. Yeri gələndə üzr istəmişəm. Əgər pisliyim olubsa, yaxşılığım ondan çox olub.

Zaman.- 2008.- 9-10 oktyabr.- S. 10.