ÜNS Yaradıcılıq
Səhnəsinə xoş gəlmisiniz!
AzərTAc xəbər verir ki, oktyabrın 10-da ÜNS Yaradıcılıq Səhnəsi yeni mövsümə başlamışdır. Ənənəyə görə, bu il də mövsümün açılışı tanınmış şərqşünas alim Aida xanım İmanquliyevanın doğum gününə təsadüf etmişdir. Cari mövsümdə bu teatrın ilk tamaşasında hələ lap gənc olan, lakin artıq özünü göstərmiş artistin çıxış etməsi rəmzi məna daşıyır. Söhbət Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 7-ci sinif şagirdi, Prezident təqaüdçüsü Rüstəm Zeynalovdan gedir. O, ÜNS Yaradıcılıq Səhnəsində gözəl ifası ilə bir daha dinləyicilərin rəğbətini qazanmışdır.
Mövsümün açılışında məhz onun çıxışının seçilməsi heç də təsadüfi deyildir. Rüstəmin yaradıcılıq bioqrafiyası artıq kifayət qədər zəngindir. Respublikanın əməkdar müəllimi Dilarə Mirzəquliyevanın yetişdirməsi olan bu gənc pianoçu həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda bir sıra müsabiqələrdə iştirak etmiş və həmişə uğur qazanmışdır. Qazaxıstanda "Delfi oyunları" adlı dördüncü gənclər müsabiqəsində və Bakıda Qara Qarayev adına üçüncü ümumşəhər müsabiqəsində diploma layiq görülmüş Rüstəm bu il Heydər Əliyev adına müsabiqədə, ondan əvvəl isə Bakı Musiqi Akademiyası nəzdindəki məktəb-studiyanın yubileyində Qran-pri qazanmışdır. Bu yaxınlarda gənc bakılı öz ifaçılıq istedadı ilə Almaniya dinləyicilərinin rəğbətini qazanmışdır. Rüstəm orada Motsartın fortepiano ilə orkestr üçün konsertini ifa etmişdir.
Rüstəm
Zeynalov ÜNS teatrında konsert proqramını da
böyük Motsartın əsəri ilə
başlamışdır. Bu dəfə o, 17 nömrəli re-major sonatanın
birinci hissəsini ifa etdi. Sonra Şuman-Listin "İthaf"
pyesi ilə dinləyiciləri ecazkar musiqi aləminə
qovuşdurmuş gənc ifaçı bir-birinin ardınca
Şopenin 10 nömrəli Opusundan etüd, Listin 11-ci
rapsodiyası, Raxmaninov və Debüssinin prelüdləri
və Qara Qarayevin "İnsan məskən salır"
filminə bəstələdiyi, hamımızın çox
xoşladığımız kompozisiyanı səsləndirdi.
Tamaşaçıların alqış sədaları
altında səhnəyə qayıdan Rüstəm sonda
Skarlattinin sonatasını ifa etdi.
Bir maraqlı məqamı xüsusi qeyd
etməliyik: hər bir əsərin ifası bu dahiyanə musiqi
nömrələrinin müəlliflərinin yaşayıb-yaratdığı
şəhərlərin səhnədə qoyulmuş ekranda numayiş
etdirilən panoramları ilə müşayiət olunurdu.
Bənzərsiz ifasına görə
tamaşaçıların saysız-hesabsız gül dəstələrinə
"qərq etdikləri" gənc pianoçunun çıxışı
ÜNS Yaradıcılıq Səhnəsində teatr mövsümünün
açılışına gəlmiş bakılılara
əsl sənət sevinci bəxş etdi. Ən
müxtəlif təbəqələri təmsil edən bu
insanları birləşdirən amil musiqiyə, teatra
məhəbbət, bir də bu sevinci duymaq imkanı
verənlərə minnətdarlıq hissləri idi.
Azərbaycan.- 2008.- 11 oktyabr.- S. 7.