Ağazadə Z.
Opera müğənnisi Fidan Hacıyevanın
Kiyevdə konserti böyük uğurla keçmişdir
Oktyabrın 6-da
N.Lısenko adına Ukrayna Milli Filarmoniyasının Sütunlu
salonunda Azərbaycanın Müstəqillik gününə
həsr edilmiş bayram konserti olmuşdur. Bu gözəl
tədbir Azərbaycanın Ukraynadakı səfirliyi, iki
ölkənin Mədəniyyət və Turizm nazirlikləri,
Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu
(UADBXF) tərəfindən təşkil olunmuşdur.
Gecəni Azərbaycanın
əməkdar artisti, tanınmış teleaparıcı,
jurnalist və rejissor Rafiq Həşimov və Ukraynanın
əməkdar artisti İnna Kapinos aparmışlar.
Azərbaycanın
Ukraynadakı səfiri Tələt Əliyev və Milli
Məclisin deputatı Novruz Aslanov ulu öndər Heydər
Əliyevin Azərbaycanın ən yeni tarixindəki
müstəsna rolundan, respublikamızın daxili və xarici
siyasətdə qazandığı böyük uğurlardan,
Azərbaycan və Ukrayna xalqları arasındakı
əbədi dostluqdan və bir çox digər
məsələlərdən söhbət
açmışlar. Konsertin sponsoru - UADBXF-ın prezidenti İlqar Abbasov tədbir iştirakçılarına vaxtlarını
xoş keçirməyi
arzulamış, Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi Vaqif Bəhmənli isə ona ümummilli lider Heydər Əliyevin portretini təqdim etmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin və onun ukraynalı həmkarı Vasıli Vovkunun təbrik məktubları oxunmuşdur.
Konsertdə Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrının solisti,
əməkdar artist, beynəlxalq müsabiqələr
laureatı Fidan Hacıyeva və Ukrayna Milli Operasının
solisti, xalq artisti Aleksandr Qurets çıxış
etmişlər. Onları
fortepianoda Azərbaycanın
əməkdar incəsənət
xadimi, tanınmış
cazmen Cavan Zeynallı və beynəlxalq müsabiqələr
laureatı Anastasiya Titoviç müşayiət
etmişlər.
Azərbaycan opera
səhnəsinin ulduzu öz parlaq istedadı ilə
Azərbaycan və Ukrayna bəstəkarlarının,
eləcə də xarici bəstəkarların
əsərlərini məharətlə ifa edərək
tələbkar dinləyicilərin ürəklərini fəth
etmişdir. Konsertdə Üzeyir Hacıbəylinin,
Tofiq Quliyevin, Rauf Hacıyevin, Jorj Bizenin, Cüzeppe
Verdinin, Corc Gerşvinin, Petro Batyukun və başqalarının əsərləri
səslənmişdir.
Ukrayna hakimiyyət
orqanlarının, Kiyevdə akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, GUAM-ın baş katibi Valeri
Çeçelaşvili, Ukrayna yanacaq və energetika nazirinin
müavini Burzu Əliyev, diasporumuzun təmsilçiləri
konsertdə olmuşlar. "Yeni Azərbaycan" qəzetinin
ölkələrimizin dostluq münasibətlərinə
həsr edilmiş xüsusi buraxılışının
nüsxələri tədbir iştirakçılarına
paylanmışdır.
Fidan Hacıyeva AzərTAc-ın
müxbirinə müsahibəsində bu gözəl
konsertə görə təşkilatçılara,
səhnə ustalarını səmimi qarşılayan
dinləyicilərə minnətdarlığını
bildirərək demişdir: "Bu, mənim Ukrayna
səhnəsində ikinci çıxışımdır. Tələbkar Kiyev dinləyicilərinin yaradıcılığına
verdiyi qiymət məni daha da ruhlandırır".
Azərbaycan.- 2008.- 11 oktyabr.- S. 8.