Samirə

 

Fidan Qasımovadan yeni layihə

 

İstedad hər zaman sözünü deyir

 

SSRİ xalq artisti Fidan Qasımova hazırda yeni diskin yazılması ilə məşğuldur. Bu diskə bütün dövrlərdə populyar olan klassik hitlər daxil olacaq.

Diskin əsas özəlliyi isə Fidan xanımın həmin əsərləri bir qədər fərqli tərzdə ifa etməsindən ibarətdir. Məsələn, F.Qasımova Şubertin "Ave Mariya" əsərini klassik yox, bir qədər sərbəst olan şəxsi variasiyada, adət etmədiyimiz temp ritmdə təqdim edəcək. Caz pianoçusu Emil Məmmədovla birlikdə yazdırdığı albomda Fidan xanım klassikanı caz elementləri ilə sintez edəcək. Bu layihə ilə F.Qasımova artıq adət etdiyi yaradıcılıq vərdişlərindən bir qədər kənara çıxmaq istəyir.

F.Qasımova: "Mən böyük bir məktəb keçmişəm, çoxlu çıxışlarım olub. Hesab edirəm bu ya digər kompozisiyanı lazım bildiyim tərzdə təqdim etməyə hüququm çatır".

Diskə Tofiq Quliyevin, Niyazinin, Səid Rüstəmovun da əsərləri daxil ediləcək. Opera müğənnisi əmindir ki, yeni layihəni həm yaşlı, həm gənc nəsil layiqincə qiymətləndirəcək.

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra F.Qasımova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 2 fakültədə - vokal və skripka ifaçılığı - təhsil almağa başlayıb. 1973-cü ildə o, Cenevrədə keçirilən gənc vokalçıların müsabiqəsində iştirak edərək gümüş medala, 1 il sonra isə Azərbaycan Dövlət Opera Balet Teatrının solisti olmaq şərəfinə layiq görülür. 1977-ci ildə isə F.Qasımova İtaliyada keçirilən müsabiqədə uğurlu iştirakına görə qızıl medal qazanır. F.Qasımovanın adı "Dünyanın 100 qadını" kitabına daxil edilib.
   

Həftə içi.- 2008.- 21 dekabr.- S. 8.