Məhərrəmova T.
“Bu
teatrda əvəzolunmaz aktrisayam”
Ötən
ay Fransanın Tuluza şəhərində 47-ci peşəkar
Opera Sənətçiləri Müsabiqəsində
ölkəmizi Musiqili Komediya Teatrının və Opera
Teatrının solisti İnara Babayeva təmsil edib. Beynəlxalq müsabiqədə ölkəmiz ilk
dəfə təmsil olunmasa da, budəfəki nəticə
nisbətən uğurlu olub. Yəni
İ.Babayeva finala çıxan 7 ən yaxşı
ifaçıdan biri olub:
- Fransada keçirilən bu
müsabiqə kifayət qədər nüfuzludur. Demək olar ki, dünyanın əksər
ölkələrindən musiqiçilər orada iştirak
edir. Eşitdiyimə görə, 10 il
bundan əvvəl bu müsabiqəyə Azərbaycandan
ifaçı qatılıb. Həmin
ifaçının kimliyini bilmirəm. Təkcə
onu bilirəm ki, o, birinci turdan keçməyib.
- Bəs necə
oldu ki, bu dəfə müsabiqəyə məhz siz
qatıldınız?
- Əvvəlcədən
Zaqafqaziya ölkələri üzrə sınaq keçirilib. Zaqafqaziyanı
yaxşı təmsil edə biləcək vokalçı
Tuluza şəhərinə göndərilmişdi. Mən bu müsabiqədən internet
vasitəsilə xəbər tutdum. Onu da
deyim ki, indiyə qədər belə böyük
müsabiqələrə qatılmamışdım. Opera Teatrında məşhur partiyaların
ifaçısıyam və eyni zamanda, Musiqili Komediya
Teatrında çalışıram. Sadəcə,
mənə bugünkü Avropa ifaçılarının
necə oxuması və öz repertuarlarında hansı
bəstəkarlara üstünlük vermələri maraqlı
idi. İnternet vasitəsilə
sənədlərimi göndərdim və qəbul olundum.
Demək olar ki, yol xərclərini də
özüm çəkdim. Sonradan
öyrəndim ki, ölkəmizdən bir çox
ifaçı həmin müsabiqəyə sənəd
göndərib.
- Sizin
qazandığınız nəticə necə oldu?
- Müsabiqə 3 turdan ibarət idi. Finala çıxan 7 ən yaxşı
ifaçı arasında mən də vardım. Əlbəttə, qaliblər 1-3-cü yerləri
bölüşdürdü, digər 4 ifaçıya isə
diplom verildi. Dünyanın bir çox
ölkəsində belə nüfuzlu müsabiqələr
keçirilir. Ancaq bizim ifaçılar
maliyyə çətinliyi üzündən həmin
müsabiqələrə qatıla bilmirlər. Bizim yaxşı ifaçılarımız və
müəllimlərimiz var. Onlara sadəcə, maddi
dəstək və özünəinam yaratmaq lazımdır.
- Bu
müsabiqəyə qədər ölkə daxilində
necə, hansısa bir yarışmaya
qatılmışdınızmı?
- Bakıda peşəkar opera
ifaçıları arasında respublika
müsabiqəsində iştirak etmişəm. Ancaq
Azərbaycanı Türkiyə, Yaponiya, Gürcüstan və
Rusiyada Opera Teatrı adından təmsil etmişəm. TÜRKSOY-um müsabiqəsində Opera Teatrında
milli musiqimizi ifa etmişdim. Daha sonra italyan
operalarından ariyaları oxudum. Yaponiyada
keçirilən EKSPO-2006 sərgisində ariyalar, mahnılar
oxudum. Yaponlar üçün bizim milli
musiqimiz çox maraqlı idi. Rusiya və
Gürcüstanda isə Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində Azərbaycan
musiqilərini ifa etmişəm.
-
İnstitutu qurtarandan sonra ilk dəfə
çıxdığınız səhnə hansı oldu:
Opera Teatrı, yoxsa Musiqili Komediya Teatrı?
- İnstitutun magistr
pilləsini qurtarandan sonra aspiranturaya daxil olmaq istədim. Ancaq bunun
üçün mənim ikiillik təcrübəm olmalı
idi. Mən Opera Teatrına getmək
istədim, ancaq qorxdum ki, orada mənə yer olmasın. Ona görə də özümü Musiqili Komediya
Teatrında sınamalı oldum. O vaxt
"Muskomediya"da baş rolları oynamaq üçün
aktrisa axtarırdılar. Mən sınaqdan
keçdim. Artıq 9 ildir ki, bu teatrda
işləyirəm. İki il
işləyəndən sonra aspiranturaya daxil oldum. Həmçinin Opera Teatrında
çalışmağa başladım.
- Daha Opera
Teatrına getməyə qorxmadınızmı?
- Musiqili Komediya Teatrı
artıq mənim üçün məktəb idi. Operetta
çox çətin yanrdır. Oxumaq,
səhnə hərəkətləri, rəqslər, səs
diapazonu və aktyorluq vəhdət təşkil etməlidir
ki, rolu tamaşaçıya səviyyəli şəkildə
çatdıra biləsən. Düzdür,
mən Opera Teatrının səhnəsinə
tələbə ikən çıxmış,
imtahanımı o səhnədə vermişdim. "Sevilya bərbəri" tamaşası mənim
diplom işim oldu. Fidan və Xuraman
Qasımova bacıları dövlət imtahanımı orada
qəbul etdilər. Artıq Opera Teatrında "Sevilya
bərbəri"ndə Rozinanın, "Riqoletto"
operasında Cindanın, "Karmen"də Mikaellanın,
"O olmasın, bu olsun"da Gülnazın partiyalarını
ifa etmişəm. Hal-hazırda "Bohema"
operasına hazırlaşırıq.
- Aspiranturaya daxil
olmaqda məqsədiniz bu sənətin
nəzəriyyəsinə daha yaxından yiyələnmək,
yoxsa tədrisi ilə məşğul olmaq idi?
- Mənə elə gəlir ki,
nə qədər şərait imkan verirsə, insan
oxumalı, daha çox öyrənməlidir. Mən
İncəsənət İnstitutunda müəllim də
işləyirəm. Həm öyrənir,
həm də öyrədirəm.
-
"Muskomediya"dakı axırıncı tamaşadan
danışaq. "O olmasın, bu olsun"da Gülnaz
rolu sizə nə qədər yaxın idi?
- Teatrda mövsümün
bağlanışını və Milli Musiqi
Günündə yeni mövsümün
açılışını bu tamaşa ilə etdik. Bu obraz mənə çox yaxın idi. Çünki hər bir azərbaycanlı aktrisa o
obrazı oynamaq istəyər. İndiyə
qədər bir neçə belə rol oynamışam. Ona görə bu cür rolları oynamaq mənim
üçün çətin deyil. Hələ 10 il bundan əvvəl rəhmətlik Hacıbaba
Bağırovla birlikdə bu tamaşada oynamışdım. Həm onunla, həm də Afaq
Bəşirqızı ilə bir səhnədə oynamaq
mənim üçün gözəl bir məktəb idi.
Həmin tamaşa çox yaxşı
alınmışdı. Növbəti
tamaşanı isə Cənnət xanım yeni quruluşda
təqdim etdi. Mən onda başa
düşdüm ki, operetta yanrı çox çətindir.
- Hazırda
"Muskomediya"da "Arşın mal alan"
operettasının məşqləri gedir. Bu
tamaşada da rol almısınızmı?
- Bu operettada mənə
Gülçöhrənin rolu tapşırılıb. O biri
operettadan fərqli olaraq, bu tamaşada musiqi
nömrələri daha çoxdur.
-
Vaxtınızı necə bölüşdürürsünüz
- məşqlər, tamaşalar, dərs, ailə...
- Düz deyirsiniz, çox
çətindir. Evə çatanda çox
yorğun oluram. Musiqili Komediya Teatrında
həm rus, həm də Azərbaycan bölməsində
çalışıram. Hər gün
burada və Opera Teatrında məşq keçirilir. Təbii ki, institutdakı
tələbələrimə də vaxt
çatdırmalıyam. Ailə də
öz yerində. Evdə qızım
böyüyür. Onun qayğısı
ilə də məşğul olmalıyam. Mən bu sənətin dəlisiyəm.
Övladım dünyaya gələndə 3 il
analıq məzuniyyətində oldum. Övladımın
qayğısı ilə məşğul olmağı hər
şeydən üstün tutdum. Bu üç il ərzində demək olar ki, dörd divar
arasında qaldım. Düzdür, həmin
ərəfələrdə yalnız tamaşalarda oynamaq
üçün teatra gəlirdim. Bu
müddətdə inanın ki, yalnız musiqi haqqında
düşünürdüm. Başa
düşdüm ki, musiqidən kənar qala bilmərəm.
Onu da deyim ki, mən bu teatrda əvəzolunmaz
aktrisayam.
- Nə mənada
əvəzolunmaz aktrisa?
- Yəni yeni bir aktrisanı mənim
oynadığım rollara hazırlamaq çox çətin
idi. Repertuarda olan tamaşalar isə oynanmalı
idi.
- Deyə
bilərsinizmi, nə üçün Opera Teatrının
səhnəsində həmişə eyni klassik operalar
oynanılır? Məsələn, "Trubadur",
"Traviata" və s. kimi. Klassiklərin
digər və müasir bəstəkarların yeni
əsərləri niyə səhnələşdirilmir?
- Teatrda yeni əsərlərə müraciət olunması
üçün hər cür şərait var. Bizim teatrda çox istedadlı gənc ifaçılar çılışır. Ancaq teatrımız təmirə dayanacaq. Dekorasiyaları başqa bir səhnəyə köçürmək böyük problemdir. Ona görə də yeni tamaşaları qoymağa bir az ehtiyat edirlər.
- Opera Teatrının və "Muskomediya"nın səhnəsi musiqiyə olan tələbatınızı tamamilə ödəyirmi?
- O qədər yox... Fransaya gedəndən sonra gördüm ki, onların repertuarları çox zəngindir. Elə musiqilərə qulaq asdım ki, onları heç vaxt eşitməmişəm. İstərdim ki, bizim də repertuara Ştraus, Vaqner və b. bəstəkarların əsərləri daxil edilsin. Ona görə də məni tam qane etmir. Dünyada çox gözəl musiqilər var və bizim onlardan xəbərimiz yoxdur. Çünki bizdə notlar tapılmır. Həm də müasir amerikalı, fransız bəstəkarlardan bizim xəbərimiz yoxdur.
- Bu gün klassik musiqiyə gənc nəslin münasibəti necə, sizi qane edirmi?
- Tələbələr klassik yanrdan daha çox estradaya və pop yanrına meyil göstərirlər. Ancaq son vaxtlar cavanlar da operaya gəlirlər. Adətən, biz yaşlı
və orta nəslin operaya gəlməsinə daha çox alışmışıq. Eləcə də tələbələr Konservatoriyada klassik yanrda oxumağa çalışırlar. Televizoru açan kimi estrada və
başqa yanrları görürsən. Ancaq klassik musiqi də təbliğ olunmalıdır ki, insanların zövqü bu istiqamətdə formalaşsın.
Kaspi.- 2008.- 7 oktyabr.- S. 11.