Təranə

 

40 ildən sonra

 

Gürcüstan Dövlət Akademik Teatrı Bakıya gəlir

 

Mədəniyyət Turizm Nazirliyi "Teatr görüşləri" adlı Beynəlxalq Layihə həyata keçirməyi qərara alıb. Azərbaycan teatrlarının qapalı məkan şəraitində fəaliyyət göstərdiyi, onların ara-sıra beynəlxalq festivallarda iştirakının təsadüfi xarakter daşıdığı nəticədə teatr işçilərinin dünyada gedən müasir teatr prosesilə, mütərəqqi tamaşalarla tanış olmaq imkanının minimuma endirildiyi, şəhərimizə gələn teatr truppalarının göstərdiyi tamaşaların isə çox zaman kommersiya xarakteri daşıdığını nəzərə alaraq belə bir layihənin həyata keçirilməsinə qərar verilib. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, bu layihə Bakı şəhərinə dəvət olunan teatrların tamaşaların bilavasitə Mədəniyyət Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən seçilməsinə, qastrol səfərlərinin beynəlxalq təcrübə əsasında təşkil olunmasına, tamaşaların ətraflı təbliğinə, ustad-dərslərin keçirilməsinə imkan yaradacaq. Layihədə ilk iştirak edən dövlət Gürcüstan olacaq. Belə ki, 3-8 noyabr tarixlərində Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının Bakıya qastrol səfəri təşkil olunacaq.

Gürcüstan Teatrının Bakıya son qastrol səfəri 40 il bundan əvvəl baş tutub. Qonaqlar arasında bu günlərdə 70 illiyini qeyd edən məşhur gürcü reyissoru, teatrın bədii rəhbəri Robert Sturua məşhur bəstəkar Qiya Kançeli olacaq. Bu qastrolları dünya şöhrətli reyissor Robert Sturuanın 70 illiyinə Azərbaycan teatr ictimaiyyətinin ithafı kimi dəyərləndirmək olar. Bakıya gələcək 39 nəfərlik aktyor heyətinin tərkibində sənət taleyi milli kinomuzla bağlı olan, "Ad günü " filmində Əli obrazını yaradan Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı David Uplisaşvilinin adı var.

Növbəti mərhələlərdə layihəyə Yunanıstan, Rusiya, Almaniya, Norveç dövlətlərinin teatr kollektivlərinin qatılması da nəzərdə tutulur.

Layihənin keçirilmə vaxtı 2008-2010-cu illəri əhatə edəcək.

 

Kaspi.- 2008.- 25-27 oktyabr.- S. 16.