Azərbaycan ilə Belarus arasında mədəni əlaqələr genişlənir

 

Oktyabrın 22-də Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkəmizdə keçirilən Belarus mədəniyyəti günlərinin iştirakçıları ilə görüşmüşdür.

Respublikamızda mədəniyyətə və incəsənətə dövlət qayğısı barədə qonaqlara ətraflı məlumat verən nazir bildirmişdir ki, hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərindən sonra Azərbaycan ilə Belarus arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələr xeyli genişlənmiş, yeni mərhələyə qədəm qoymuşdur. Ötən il Belarusda Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. İndi ölkəmizdə Belarus mədəniyyəti günləri başlanır. Müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanmışdır. Hər iki respublikada mədəniyyət və incəsənət xadimlərinin bir-birini yaxından tanıması, əməkdaşlıq etməsi üçün belə tədbirlərin mühüm əhəmiyyəti vardır.

Nazir vurğulamışdır ki, artıq Azərbaycan beynəlxalq mədəni tədbirlərin keçirilməsinin mərkəzinə çevrilməkdədir. Belə ki, Bülbül adına Beynəlxalq Vokal Festivalının, Beynəlxalq "Şərq-Qərb" Kino Festivalının və belə tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halını almışdır.

Görüşdə Belarus mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko bildirmişdir ki, mədəniyyət günlərinə hazırlaşarkən çalışmışıq ki, Belarus mədəniyyətinin müxtəlif sahələri barədə azərbaycanlılarda müəyyən təsəvvür yaradaq. Azərbaycana 80 nəfərlik nümayəndə heyəti ilə gəlmişik. Bakılılar Belarus rəssamlarının əsərləri, filmləri, incəsənəti ilə tanış olmaq imkanı qazanacaqlar.

Qonaq onu da vurğulamışdır ki, mədəniyyət günləri çərçivəsində azərbaycanlı, Belarusda yaxşı tanınan beynəlxalq müsabiqələr laureatı Günəş Abbasova da öz sənətini təqdim edəcəkdir.

Sonra mətbuat konfransı keçirilmişdir. Görüş iştirakçıları kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallara cavab vermişlər.

 

Azərbaycan.- 2008.- 23 oktyabr.- S. 5.