Yusifova Ş.

 

Bakıda belaruslu rəssamın sərgisi açılıb

 

Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində Bədii Sərgi Salonunda belaruslu rəssam Qavriil Vaşçenkonun əsərlərindən ibarət sərginin açılışı olub. Sərginin açılışında iştirak edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev qonaqlara Azərbaycan rəssamlarının yaradıcılığı haqqında məlumat verib. Ə.Vəliyev bu tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsinə təkan verdiyini vurğulayıb.

Belarus mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko mədəniyyət günləri çərçivəsində görkəmli rəssam Q.Vaşçenkonun rəsm əsərlərindən ibarət sərginin açılışını xalqlar və mədəniyyətlər arasında inteqrasiyası nümunəsi kimi dəyərləndirib. Qavriil Vaşçenko Azərbaycanın xalq rəsssamları Tahir Salahov və Toğrul Nərimanbəyovun əsərlərinin Belarusda şöhrət qazandığını, özünün də onlarla dostluq etdiyini və bu əməkdaşlığın iki qardaş xalqın mədəniyyətlərinin inkişafına töhfə verəcəyinə inandığını söyləyib.
  

525-ci qəzet.- 2008.- 24 oktyabr.- S. 7.