Bəşirqızı Z.

 

ATİB və ATAF-ın dəstəyi ilə Azərbaycan mədəniyyəti və incəsənətində yəhudilər adlı kitab nəşr edilmişdir

 

Azərbaycan Türkiyə İş Adamları Birliyi, Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu, Azərbaycan Avropa-Atlantik Mərkəzi və Kultura.Az mədəniyyət və incəsənət portalının birgə səyləri nəticəsində “Azərbaycan mədəniyyəti və incəsənətində yəhudilər” adlı kitab nəşr edilmişdir.

ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, Moskva konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayevin redaktorluğu ilə nəşr edilən kitabın mövzusu azərbaycanlı yəhudilərin ölkəmizin mədəniyyəti, incəsənəti, eyni zamanda, təhsil və digər sahələrdə müstəsna xidmətlərinə həsr olunub.

Kitabda nəşr edilən məqalələrin müəllifləri müxtəlif mədəniyyət və incəsənət nümayəndələri ilə görüşmüş, müsahibələr almış, müəllif nəşrləri, həyatdan köçmüş yəhudilərin həmkarları və dostlarının xatirələrindən istifadə etmişlər.

Kitab yalnız bu mədəniyyəti yaradan insanlar və onların yaxınları üçün deyil, eyni zamanda, tənqidçilər, mədəniyyətşünaslar, bəstəkarlar və musiqiçilər üçün nəzərdə tutulmuşdur.

“Azərbaycan mədəniyyəti və incəsənətində yəhudilər” adlı kitabın layihə koordinatorları yazıçı, Kultura.Az portalının baş redaktoru Ələkbər Əliyev və bəstəkar, Kultura.Az portalının şef redaktoru Elmir Mirzəyevdir.

Bəstəkar Fərəc Qarayevin rəhbərliyi altında tərtib edilən bu kitabda nəşr edilən məqalələrin müəllifləri Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, “İsrail–Azərbaycan” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Mixail Ağanurov, musiqişünaslar Rauf Fərhadov, Gülnarə Səfərova, kino tənqidçisi Ülvi Mehdi, mədəniyyətşünas Leyla Məmmədova, teatrşünas, publisist Semen Kastryulin, yazıçı Mark Verxovskiy, yazıçı-publisist Rəna Yüzbaşı, publisist Ülviyyə Axundova, müxbirlər Sergey Zevalov, Valeriy Şeverdyayev, Təhminə Qocayeva, Günel Kamalova, Leonid Qoryaçev, Arzu Fətəliyeva və Rəna Qubadovadır. Kitabın böyük oxucu kütləsinin rəğbətini qazanacağına əminik.


Xalq qəzeti.- 2008.- 11 oktyabr.- S. 8.