Azərbaycan Milli Kitabxanasına Tatarıstan Milli Kitabxanasının elektron kataloqu hədiyyə edilmişdir

 

Oktyabrın 4-də Azərbaycanda Rusiya Federasiyası Tatarıstan Respublikasının Mədəniyyət günləri çərçivəsində M.F.Axundov adına Milli Kitabxanada görüş olmuşdur.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görüşdə çıxış edərək, Azərbaycan və tatar xalqları arasında dostluğun dərin tarixi kökləri olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, xalqlarımızın tarixi dostluğu ədəbiyyatlarımız, mədəniyyətlərimiz arasında qarşılıqlı əlaqələrin inkişafına zəmin yaratmışdır.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bu bilik mənbəyinin ədəbiyyat fondunda tatar şair və yazıçılarının da əsərlərinin qorunub saxlandığını bildirmişdir. Direktor ölkəmizdə Tatarıstan Mədəniyyəti günləri çərçivəsində qardaş xalqın şair və yazıçılarının 70-ə yaxın əsərindən ibarət sərginin təşkil olunduğunu söyləmişdir.

Tatarıstan Baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva xalqlarımızın əsrlər boyu müştərək mədəniyyəti bölüşdüyünü bildirmişdir. Qonaq demişdir ki, XX əsrin əvvəllərində Bakıda nəşr olunan "Molla Nəsrəddin" jurnalı, klassik Azərbaycan şairlərindən Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərləri tatar xalqının bu gün də maraqla oxuduğu nəşrlər sırasındadır.

Nazir Tatarıstanda nəşr olunan siyasi və bədii ədəbiyyat nümunələrini, eləcə də Tatarıstan Milli Kitabxanasının elektron kataloqunu Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir.

Xanım Z.Valeyeva səfər çərçivəsində səmərəli görüşlər keçirdiyini xüsusi vurğulamış, Azərbaycan elmi potensialının yüksək səviyyədə olduğunu bildirmişdir.

 

Azərabyacan.- 2008.- 5 oktyabr.- S. 7.