Bakıda Tatarıstan
mədəniyyət günlərinin
təntənəli açılışı
olmuşdur
Oktyabrın 4-də
Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda
Tatarıstan Mədəniyyəti günlərinin
təntənəli açılışı olmuşdur.
Tədbiri giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirmişdir ki, rəhbərlik
etdiyi qurum ilə Rusiya Federasiyası Tatarıstan Respublikasının
Mədəniyyət Nazirliyi arasında imzalanmış
mədəni əməkdaşlıq üzrə
tədbirlər planına əsasən, son vaxtlar bir sıra
işlər görülmüşdür.
Mədəniyyətlərimizin qarşılıqlı
təbliği, sənət adamlarımızın
əməkdaşlığı xalqlarımız arasında
qədim tarixə malik əlaqələrə yeni təkan
verməkdədir.
Nazir
vurğulamışdır ki, Tatarıstan mədəniyyət
xadimlərinin Azərbaycana gəlişi bizim üçün
əsl bayramdır. Biz bu gün qardaş
xalqı təmsil edən incəsənət
ustalarının çıxışlarından
xüsusi zövq alacağıq.
Tatarıstan Baş nazirinin müavini, mədəniyyət naziri Zilya Valeyeva demişdir ki, bugünkü səfər
Azərbaycan və Tatarıstan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin
dinamik inkişafından
xəbər verir. Mədəniyyət sahəsində əməkdaşlığımız
və xalqlarımızın
eyni dildə danışması bir daha sübut edir ki, azərbaycanlılar
və tatarlar əsrlər boyu bir-birinə doğma olmuşlar. Əcdadlarımız bir vaxtlar Böyük İpək yolu ilə bir addımlamışlar.
Zilya Valeyeva demişdir
ki, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci
dəfə rəhbərlik etdiyi illərdə bu dostluq,
qardaşlıq daha da möhkəmlənmiş və özünün
yeni dövrünə qədəm qoymuşdur. Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycanın
inkişafı üçün
misilsiz işlər görmüş, öz xalqının çətin
dövründə ona
dayaq olmuşdur.
Azərbaycanda onlara göstərilən doğma
münasibətdən razılıqla
danışan Zilya Valeyeva bildirmişdir ki, mədəniyyət xadimlərimiz arasında mövcud olan bu məhsuldar əməkdaşlıq bundan
sonra da davam etdiriləcəkdir.
Sonra tatarıstanlı
qonaq Əbülfəs Qarayevə xalqlarımız arasında
mədəni əlaqələrin inkişafındakı
xidmətlərinə görə fəxri fərman təqdim
etmişdir.
Gecədə
Tatarıstanın mədəniyyət ustaları geniş
konsert proqramı ilə çıxış etmişlər
Azərbaycan.- 2008.- 5 oktyabr.- S. 7.