Akifqızı Ş.

 

ABŞ Konqresi Kitabxanasının Azərbaycan bölməsinə daha bir nəşr əlavə olunub

 

Kitabın müəllifi YUNESKO-nun vs İSESKO-nun xosməramlı səfiri Mehriban Əliyevadır

 

ABŞ Konqresi kitabxanasının Azərbaycan bölməsinə daha bir nəşr əlavə olunub. Dünya şöhrətli musiqiçi və ictimai xadim, 20 il ABS Milli Simfonik Orkestrinə başçılıq etmiş Mstislav Rostropoviçin xatirəsinə həsr olunan silsilə tədbirlər çərçivəsində maestronun Bakı həyatından bəhs olunan "Rostropoviç" kitabı Konqres kitabxanasına təqdim edilib. Kitabın müəllifi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Təqdimat mərasimində Rostropoviçin Bakıdakı ev-muzeyi tərəfindən təşkil olunan və Azərbaycan hökuməti tərəfindən Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi də boyük maraqla qarşılanıb.

Baş kitabxanaçı Ceyms Billinqton yeni kitabın Azərbaycan bölməsinə əlavə edilməsini yüksək dəyərləndirib. O bildirib ki, hazırda Konqres kitabxanasında Azərbaycanla bağlı 138 müxtəlif nəşr və fotoarxiv vardır.

Maestronun qızı Olqa Rostropoviç çıxışında atasının həyatında Azərbaycanın mühüm rol oynadığını deyib. O, Azərbaycan prezidenti İlham Əliyevi son seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edərək deyib: "Mənim atam Bakıda həyatının ilk və xoşbəxt illərini keçirib. Ömrünün son illərində isə o, özünə Bakıda çoxlu dost qazanıb. Onların arasında möhtərəm prezident İlham Əliyev və onun gözəl xanımı Mehriban Əliyeva da vardır".

Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev çıxışında vurğulayıb ki, YUNESKO-nun xoşməramlı səfirləri kimi Mstislav Rostropviç və Mehriban Əliyeva dünyada mədəniyyət və incəsənətin, o cümlədən musiqinin təbliğinə dair bir sıra layihələrdə birgə çalışıblar. Doğulduğu Bakı Rostropoviçə çox şey verdiyi kimi, maestro da həyatının son illərində Azərbaycan paytaxtına səfərləri zamanı çox işlər görüb. Hər gəlişində o, Dövlət Konservatoriyasında ustad dərsləri keçməklə Azərbaycanın musiqi sənətinə dəyərli töhfələr verib, çadır düşərgələrində olub, sosial layihələrdə iştirak edib. Səfir təqdim edilən kitaba istinadla bildirib ki, ailəsinin sözlərinə görə, həyatla vidalaşan maestronun son sözlərindən biri "Demək, mən Bakıya gedə bilməyəcəm" ifadəsi olub.

 

Azad Azərbaycan.- 2008.- 19 oktyabr.- S. 4.