Rəhimli İ.
Hindistanın
görkəmli ictimai-siyasi xadimi İndira Qandinin epiqraf kimi
verdiyim müdrik kəlamının məna və
fəlsəfi tutumu yazımın qəhrəmanının
qüdrətini ehtiva edə biləcək bəlkə də
ən tutarlı fikirdir. Mən insanlara sevgisində,
uşaqlara məhəbbətində, xalqına,
xalqının mədəniyyətinə vurğunluqda və
onun təəssübkeşliyində, qətiyyətli inadcıllığında
dünya səviyyəsində örnək olan bir xanım barədə
söhbət açmaq istəyirəm.
Hər bir fərdin
sırf özünəməxsus ömür payı var. İnsan
həmin ömür yolunu elə keçməlidir ki, baxanlar
orada qoyulan izlərin xeyirxahlıq və qüdsiyyət
çəkisini görə bilsinlər. Görüb
qiymətləndirsinlər.
Qiymətləndirib
onu gələcək nəsillərə ərməğan
versinlər.
İngilislərdə
belə bir müdrik deyim var. Bir cavan yaxınlaşıb aqil
qocadan soruşur:
- Kamil insan olmaq
üçün nə etmək lazımdır?
Pirani qoca belə cavab verir:
- Üç
kollec qurtarmaq lazımdır.
Gənc
təəccüblənir və sual verir:
- Nə
üçün məhz üç?
Mütəfəkkir
gülümsəyib deyir:
- Kollecin birini baban,
birini atan, birini də sən qurtarmalısan.
Əvvəlcə adi bir şəxsiyyət kimi
yanaşaq. Mehriban Əliyevanın ata babası məşhur
yazıçı, pedaqoq, filologiya elmləri doktoru, professor
Mir Cəlaldır. Ana babası Azərbaycan
jurnalistikasının korifeylərindən olan Nəsir
İmanquliyevdir. 1940-cı illərdən 1990-cı
illərə qədər ən məşhur jurnalistlərimiz,
necə deyərlər, Nəsir müəllimin əlindən
su içiblər. Mehriban Əliyevanın atası Arif
Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya
Akademiyasının rektorudur. Anası Aida xanım
İmanquliyeva dünya miqyasında tanınan filoloq,
şərqşünas alim idi. Onun milli şərqşünaslıq,
xüsusən ərəbşünaslıq elmimizə verdiyi
töhfələr çox qiymətlidir.
Mehriban xanım
özü 1982-ci ildə Bakıdakı 23 saylı orta
məktəbi qızıl medalla bitirərək Nəriman
Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutuna daxil olub. 1988-ci ildə M. Seçenov
adına Birinci Moskva Dövlət Tibb İnstitutunu
fərqlənmə diplomu ilə qurtarıb. 1988-1992-ci
illərdə Moskvada akademik Krasnovun rəhbərliyi ilə
Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda
işləyib.
Üstəlik də
Mehriban xanımın adı dünyanın dahi
siyasətçiləri ilə bir cərgədə
çəkilən, Azərbaycan xalqının ümummilli
lideri, ulu öndər Heydər Əliyevin və
görkəmli oftalmoloq alim, akademik Zərifə xanımın
gəlinidir. Bu gün dünyanın ən cavan və
kamil prezidentlərindən olan İlham Əliyevin
ömür-gün yoldaşıdır. Məmləkətimizin
baş xanımıdır. Şahanə zərifliyi, ecazkar
füsunkarlığı, incə məlahəti, zəngin və
çoxşaxəli ictimai fəaliyyəti, heyranlıq
doğuran kamalı ilə dünyanın baş lediləri
arasında xüsusi cazibədarlığa və
lütfkarlığa, izzətə və ehtirama malikdir.
Deməli, Mehriban xanım Əliyeva, ingilislər
demişkən, üç yox, daha çox kollec təhsili
alıb. Hətta fəlsəfə elmi üzrə dissertasiya
müdafiə edib, alimdir.
Mən yazımın bu
yerində Mehriban xanım Əliyevanın kimliyini
oxucularımın daha dərindən qavramaları,
yazımın məqsəd və məramını aydın
duymaları üçün bir kod-açar vermək
istəyirəm. İstəyirəm ki,
oxucular Mehriban xanımın şəxsiyyət
böyüklüyünə məhz bu
ölçü-meyarlarla yanaşsınlar. Onda
azərbaycanlı Mehriban Arif qızı Əliyevanın,
ziyalı Mehriban xanımın, ictimai xadim, millət vəkili
Mehriban Əliyevanın, xeyriyyəçi
əməlpərvər, insansevər Mehriban xanım
Əliyevanın obrazının qüdrət və
qüdsiyyəti daha bitkin və daha möhtəşəm
görünər.
Çin filosofu Lao
Tszı (e.ə. V əsr) yazıb: "Kim adamları
tanıyırsa - arifdir; özünü tanıyırsa -
ağıllıdır; adamlara qalib gəlirsə -
güclüdür; özünə qalib gəlirsə -
qüdrətlidir; biliyi çoxdursa - dövlətlidir;
inadkardırsa - iradəsi var; təbiətini
dəyişmirsə - uzunömürlüdür".
Mehriban xanım
Əliyeva idrakı ilə arif, elmi potensialı ilə
ağıllı, parlaq zəkası ilə güclü,
qətiyyəti və işgüzarlığı ilə
qüdrətli, təfəkkür aydınlığı
ilə dövlətli, başladığı
möhtəşəm layihələri
hünərvərliklə başa çatdırmaq səyi
ilə iradəli, xalqımızın mədəniyyəti
və təhsili üçün gördüyü
əzəmətli işlərin neçə-neçə
əsrlərlə yaşayacaq vüsəti qədər
uzunömürlüdür.
1995-ci ildə Mehriban
xanım Azərbaycan Mədəniyyətinin Dostları Fondunu
(AMDF) təsis edib və özü də ona
rəhbərliyə başlayıb. İlk
növbədə bu fondun konseptual və fundamental
fəaliyyət proqramı müəyyənləşdirilib. Fondun xəttilə keçirilən festivallar,
sərgilər, konsertlər, müxtəlif
mədəniyyət tədbirləri Bakıdan pərvaz taparaq
Amerikada, Fransada, Almaniyada, İngiltərədə, Yaponiyada,
dünyanın daha neçə ölkəsində
millətimizin qüdrətini, onun qədim və zəngin
irsinin zənginliyini təcəssüm etdirib. Bircə
faktı xatırladım ki, Fond dünya şöhrətli
vokal ustaları Rəşid Behbudovun, Fidan və Xuraman
Qasımova bacılarının sənət incilərini
dinləyicilərə ərməğan edib. Müslüm
Maqomayevin ifasında romanslardan, opera ariyalarından, kinofilmlərdə
oxuduğu mahnılardan ibarət 5 diskli albomu buraxılıb.
Bir il sonra Mehriban
xanım Fondda "Azərbaycan - İrs" jurnalını
təsis edib və bu dərgi Azərbaycan, rus, ingilis
dillərində nəşr olunur. Burada milli
mənəvi dəyərlərimizlə bağlı ən
müxtəlif mövzularda elmi araşdırmalar, inkarolunmaz
tarixi faktlar dərc edilir. Azərbaycan tarixinin qaranlıq
dövrlərinə səriştəli alimlərin
tədqiqatları və elmi araşdırmaları ilə
zəka nuru saçılır.
Mehriban xanım
Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib. Seçilən
gündən o, bu istiqamətdə səylə
fəaliyyətə başlayaraq zərifliyi, gözəlliyi,
füsunkarlığı formalaşdıran bu idmanın
kütləviliyi üçün xeyli iş görüb.
Mehriban xanımın inadkarlığının və
qətiyyətlə, özünə inamla apardığı
mübarizənin nəticəsində gimnastika üzrə 2003
və 2004-cü illərdə Dünya kuboku
yarışları və 2005-ci ildə Dünya
çempionatı Azərbaycanda keçirilib.
Mehriban xanım
Əliyeva 2004-cı il avqust ayının 13-də YUNESKO-nun
(Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət Məsələləri
Təşkilatı. Təşkilat 16 noyabr 1945-ci ildə
yaranıb) xoşməramlı səfiri seçilib. Rəsmi
təqdimat isə sentaybr ayının 9-da olub. Bu
ali rütbəyə ənənəvi musiqinin,
ədəbiyyatın, poeziyanın inkişafına verdiyi
töhfələrə, musiqi təhsili və dünya
mədəniyyətlərinin mübadiləsi
sahəsindəki xidmətlərinə və YUNESKO-nun
ideyalarına göstərdiyi sadiqliyinə görə
seçilib. Bəli, məhz seçilib!
Bu arada Mehriban xanım
xeyriyyəçilik fəaliyyətini daha da
genişləndirib. Rusiya və Azərbaycan xalqları
arasında dostluq körpülərinin
möhkəmləndirilməsində, sarsılan dayaqların
bərpasında və yeni faydalı əlaqələrin qurulmasında
möhtəşəm işlər görüb. Bu
xidmətlərinə görə Mehriban xanım Əliyeva
Rusiya Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç"
ordeni ilə təltiflənib.
2006-cı il noyabr
ayının 24-də sivilizasiyalararası dialoq daxil olmaqla,
müxtəlif sahələrdəki geniş fəaliyyətinə,
kimsəsiz uşaqlara diqqətinə, onların
təhsilinə qayğısına, islam aləmində
görülən xeyirxah işlərə dəstəyinə
görə İSESKO-nun (Təhsil, Elm və
Mədəniyyət Üzrə İslam Təşkilatı)
xoşməramlı səfiri adına layiq görülüb. Bu
gün Mehriban xanım Əliyevanın adı müsəlman
ölkələrində böyük ehtiramla çəkilir.
Onun Pakistanda inşa etdirdiyi təhsil ocağı
yüzlərlə uşağın parlaq və xoşbəxt
gələcəyinin elmi təməli olacaq.
Bunlar rəsmi
tarixlərdir və sırf gerçək reallığın
konkret zamanını təcəssüm etdirir. Lakin bura
qədər Mehriban xanımın gördüyü
möhtəşəm işlər olub ki, iki nüfuzlu
beynəlxalq qurumun xoşməramlı səfirləri
sırasında azərbaycanlı xanım da şərəfli
yer tutur. Onlardan görülmüş və
görülməkdə davam edən bir neçəsini
xatırlatmaq istəyirəm.
Mehriban xanım
Əliyevanın böyük səyləri, ardıcıl
və məqsədyönlü, inamlı və
qətiyyətli mübarizəsi nəticəsində YUNESKO
"Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin
şah əsərləri" siyahısına Azərbaycan
muğamı da daxil edilib. Xalqımızın milli
sərvəti olan Azərbaycan muğamı, onun tarixi və
bədii-estetik dəyərləri, poetika səciyyələri
dünya səviyyəsində qəbul olunub.
Məhz Mehriban
xanımın işgüzarlığının beynəlxalq
səviyyədə dəyərləndirilməsinə
görə YUNESKO-nun Baş direktoru Kioşiro Matsuura iki
dəfə Bakıda olub. O, Beynəlxalq Muğam Evinin təməlqoyma
mərasimində iştirak edib. Elə buradaca
böyük qürur hissilə deyim ki, belə bir
möhtəşəm mərkəz dünyada ilk dəfə
Azərbaycanda yaradılır. Əminəm ki, bu məkan
yaxın gələcəkdə dünyanın muğam
mərkəzinə çevriləcək.
Mehriban xanım
Əliyevanın təşəbbüsü, təşkilatçılığı
və konseptual proqramı sayəsində 2004-cü il may
ayının 10-da Heydər Əliyev Fondu yaradılıb. Heydər
Əliyev Fondu dahi öndərin siyasi irsini və
əqidəsini tədqiq və təqdim edən
mərkəzdir. Eyni zamanda milli mədəni irsimizin
dünənini, bugününü və sabahını
ləyaqətlə qorumaq proqramının
daşıyıcısıdır.
Fond ölkədə
təhsilin, səhiyyənin, elm və mədəniyyətin,
idmanın inkişafına xüsusi diqqət yetirir.
Fond "Azərbaycan:
sivilizasiyalararası dialoqun keçmişi və
bugünü", "Orta əsr əlyazmalarında tibb
və əczaçılıq" mövzularında
beynəlxalq konfranslar keçirib.
Fondun "Hərəmiz
bir ağac əkək", "Diabetli uşaqlara ən
yüksək qayğı", "Azərbaycan
muğamları" layihələri inamla həyata
keçirilir.
Fondun yüksək poliqrafik keyfiyyətlə və elmi
əsaslarla buraxdığı "Qarabağ xanəndələri"
toplusu dünyanın müxtəlif ölkə
nümayəndələrinə hədiyyə verilir. Bunun
mədəni irsimizin təbliği ilə yanaşı, son
dərəcə dəyərli siyasi əhəmiyyəti
də var. Təkcə elə bu faktla Qarabağın
Azərbaycana bağlılığını
şərəflə dünyaya car çəkmək olur.
Mehriban xanımın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəttilə
respublikamızın bütün bölgələrində
yeni-yeni məktəb binaları tikilib. Onlar lazımi
müasir texniki avadanlıqlarla təmin olunub. Təzə
inşaat işləri davam etməkdədir.
Mehriban xanım
respublikamızdakı müxtəlif xarakterli, müxtəlif
fəaliyyət yönümlü internat
məktəblərinin hamısında olub. Hər yerdə
Fondun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı istiqamətində
dəyərli işlər görüb və
görməkdə davam edir.
Fond "Talassemiya",
"Yeniləşən Azərbaycana yeni məktəb"
mövzularında müntəzəm "dəyirmi masa"lar
keçirir.
Fondun xəttilə
inşa olunan neçə-neçə yeni məktəbin
tikintisində və açılışında Mehriban
xanım özü iştirak edib.
Uşaq evlərində
və internatlarda keçirilən müxtəlif bayramlarda
uşaqlarla birlikdə olub.
Bu
görüşlərdə bələkdəki körpəni
beşiyindən götürüb ülfətli
səmimiyyətlə bağrına basır. Yenicə
ayaq açan uşağa nəvazişlə tumar
çəkir. Dili təzə-təzə söz tutan
şirin-şəkər balanı mehribanlıqla dindirir. Bu
uşaqların gözlərində parlayan sevinc Mehriban
xanımın çöhrəsinə xüsusi yaraşıq
verir. Bu fərəh, bu səmimiyyət, bu
qayğıkeşlik, bu munislik uşaqlara dünyalar
qədər sevinc bəxş edir.
Mehriban xanım
dünyanın ən ali və müxtəlif xarakterli
məclislərində çıxışlar edir. Onun
çıxışları mövzunun əhatəliliyi,
fəlsəfi dərinliyi, fikir mükəmməlliyi, dilinin
şirinliyi, lətafəti və poetik vüsəti ilə
heyranlıq doğurur. Bu baxımdan mən
Mehriban xanımın Qətər dövlətində YUNESKO
və Qətərin Təhsil Fondu tərəfindən
keçirilən "Ərəb dövlətlərində
savadlılıq: tərəfdaşlığın
qorunması və yeni yanaşmaların təşviqi"
regional konfransında (12-13 mart 2007), "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda Beynəlxalq konfransın Bakı forumunda (18 iyun 2008)
etdiyi çıxışlarını xüsusilə
dəyərləndirmək istərdim.
Mehriban xanım
Əliyeva incəsənəti, o cümlədən təsviri
sənəti təkcə sevməklə və təbliğ
etməklə kifayətlənmir. Həm milli, həm
də dünya təsviri sənətinin
ənənələrini, çağdaş
yaradıcılıq prosesinin poetika göstəricilərini,
mövcud estetik prinsiplərini dərindən-dərinə
mənimsəyib. Elə bu il iyun ayının 9-da
Finlandiyanın paytaxtı Helsinki şəhərindəki
İncəsənət Muzeyini həmin ölkənin baş
xanımı Renti Arayari ilə gəzdikdən sonra Mehriban
xanım çıxış etdi. Qısa müddətli
seyrdən sonra onun fin təsviri sənəti barədəki
fikirlərinin dəqiqliyi və elmi-nəzəri
əsasları nə qədər sevindirici idisə, bir o
qədər də qürur və fəxarət doğururdu.
Mehriban xanım
Əliyevanın xeyriyyəçilik fəaliyyətinin və
uşaqlara səmimi münasibətinin
möhtəşəmliyini onun ürək genişliyi
tənzimləyir.
Bu ilin may ayında
Parisdə YUNESKO-nun qərargahında "Azərbaycanın
xoşməramlı mələkləri" adlı konsert
keçirilib. Bu, adi konsert deyildi. Çağdaş
Azərbaycanın daha xoşbəxt sabaha inamlı
çağırışı kimi səsləndi.
Mehriban xanım
Əliyevanın xarakterinin bütövlüyünü və
zənginliyini ümumiləşdirmək üçün onun
gördüyü əzəmətli işlərin çox
qısa siyahısı da kifayətdir. Fransız
bəstəkarı və dirijoru Şarl Quno (1818-1893)
yazıb: "Bizi özümüzdə
saxladığımızdan daha çox başqasına
verdiyimiz zənginləşdirir". Mehriban
xanımın milli irsimizin təbliğinə sərf etdiyi
əmək, çağdaş sənətkarlarımıza
göstərdiyi diqqət və qayğı, uşaqlara,
xüsusən kimsəsiz və fiziki cəhətdən
qüsurlu balalara çatdırdığı sevinc payı
onun mənəviyyatının zənginliyindən soraq verir.
"Mənəviyyatın
əsası ləyaqətlə düşünməkdir".
Bu fəlsəfi qənaət fransız
riyaziyyatçısı və filosofu Blez Paskalın (1623-1662)
müdrik fikirlərindən biridir. Mehriban xanım
millətinin mədəni irsinin təbliği naminə,
uşaqların parlaq sabahları naminə, Azərbaycan
həqiqətlərinin dünyaya hünərvərliklə
çatdırılması naminə ləyaqətlə
düşünməyi bacarır. Bacardığını
inam və qətiyyətlə reallaşdırır. O,
bütün işlərində iltifatlı və
nəzakətli, sadədil və müdrikdir.
Qədim yunan və
Çin filosoflarından üzü bəri müxtəlif
xalqlarda işlənən belə bir müdrik kəlam var:
"Həqiqətən xeyirxah olmaq üçün
xeyirxahlıqdan bir az artıq xeyirxah olmaq lazımdır".
Xeyirxahlıq və şahanəlik, lütfkarlıq və
nəciblik, iltifat və nəzakət Mehriban xanımın
qəlbində ülvi duyğularla yoğrulub və onun nurani
çöhrəsində, xalq üçün
gördüyü möhtəşəm
əməllərində parlaqlıqla cilvələnib.
Eramızdan əvvəl
yaşamış Çin filosof-mütəfəkkiri Konfutsi
(551-479) söyləyib: "Kamil adam hər şeyi
özündə, cılızlar isə başqasında axtarır".
Zərif və incə görkəmə, geniş və
saf duyğulu qəlbə malik Mehriban xanımın
nəhəng-nəhəng işlərə inamla çiyin
verməsinin kökündə onun kamilliyi durur. O, gücü,
qüdrəti, istək və amalı uğrunda
çarpışmağı özündə görməyi
heyrətamiz cəsarətlə bacarır.
Sovet fiziki Leonid Mandelştamın
(1879-1944) çox maraqlı bir kəlamı var:
"Sözdə yumşaqlıq, hərəkətdə
qətiyyət". Mehriban xanım
danışığında nə qədər
lətafətlidirsə, fikrinin izharı nə qədər
aydındırsa, dinləyənləri irəli
sürdüyü ideyaya inandırmaqda və
görəcəyi işin reallaşmasında bir o
qədər qətiyyətlidir. Mehriban xanımın
cəsurluğu təfəkkür dərinliyinə,
cəsarəti hünərvər zirəkliyə
söykənir.
Holland rəssamı,
postimpressionizmin görkəmli nümayəndəsi Vinsent Van
Qoq (1853-1897) özünün adamlara məhəbbətini
belə ifadə edib: "İnsanları sevməkdən
nəcib heç nə yoxdur". Mehriban xanımın
gördüyü işlərin ruhuna, canına, həyata
keçirdiyi proqram və layihələrin mahiyyətinə
onun insansevərliyinin munisliyi və həyatpərvərliyinin
lətafəti hopub.
Alman filosofu Fridrix
Engelsin (1820-1895) fəlsəfi
düşüncələrindən bir yarpaq: "İradə
azadlığı, əslində, işi bilməklə
qərar qəbul etməkdir". Mehriban xanım
üçün iradə azadlığı əzəli
mənəvi ehtiyacdır. O, bu azadlığa zəngin
dünyagörüşü, elmi təfəkkürü
və nəzəri hazırlığı təcrübi
reallığa çevirmək bacarığı ilə
yiyələnib.
Fars şairi Sədinin
(XIII əsr) fikrinə üz tuturam: "Əgər sən
özgə kədərinə soyuqqanlısansa, onda sənin
insan adını daşımağa haqqın yoxdur". Mehriban
xanım müxtəlif bioloji qüsurları olan
yüzlərlə uşağın qəlbində həyat
eşqi coşdurub, onların ən müxtəlif
problemlərini məharətlə həll edib. Mehriban
xanımın kimsəsiz uşaqlara münasibətində isti
ana nəvazişi duyulur, dupduru gözlərində məhəbbət
şəfqəti parlayır, gülər üzündə
mehribanlıq sayrışır. Məsum uşaqlarla
mehribanlıqla danışıqları büllur kimi
şəffaf laylaya bənzəyir.
Hind
yazıçı-filosofu, Nobel mükafatı laureatı
Rabindranat Taqorun kəlamına diqqət yetirək. "Həyat
bizə müftə verilir, biz borcumuzu ödəyəndə
ona ləyaqət qazanırıq". Mehriban xanım qısa
zaman kəsiyində yüz illik bir insan ömrünə
də sığmayan xeyirxahlıq və xeyriyyəçilik
işləri görüb. Deməli, o, insani borcunu ehtiramla
və ləyaqətlə ödəməklə daha
böyük ucalıq qazanıb.
Yunan filosofu Kleobul
(e.ə. VII-VI əsrlər) belə söyləyib:
"Evdən çıxanda soruş: - niyə
çıxıram? Qayıdanda soruş: - nə ilə
qayıdıram?". Mehriban xanım hər
dəfə Gəncəyə, Goranboya, Yevlaxa, Ağdaşa,
Şamaxıya, Göyçaya, Astaraya, LənkəranaE,
Suraxanıya, Şüvəlana, Sabunçuya, Türkana, Buzovnaya,
MərdəkanaE xeyirxahlıq səfərlərindən
evə dönəndə bir dünya uşaq və
məktəbli sevinci ilə qayıdır. Evdən
nə üçün çıxdığını
dəqiq müəyyənləşdirən Mehriban
xanımın qayıdışının insanlara
töhfə çəkisi qat-qat ağır olur.
Qədim Romada quş
dili bilən kahinlər (avqurlar) quşların uçuşu
ilə müəyyən hadisələri
əvvəlcədən soraq veriblər. Tarixin əbədiyyət
yaddaşında belə bir müdrik kəlam var:
keçmişə əsaslanıb gələcəyi
görmək. Mehriban xanımın qənaətinə
görə, yaddaş insanlara xeyirxah əməllərinə
görə verilib. Mədəni-mənəvi irsimizin
qorunması yolunda cəfakeşlik edən Mehriban xanımda
keçmişi bugünün gözü ilə görmək
qüdrəti var. Xalqımızın zəngin və
dolğun tarixi yaddaşı onun çağdaş
mənəvi-əxlaqi dəyərlərini də formalaşdırıb.
Mədəniyyət yaddaşının geniş kütlə
arasında mənəvi-əxlaqi tərbiyəyə
çevrilməsində Mehriban xanımın xidmətləri
danılmazdır. Məncə, bunun üçün
"Muğam - 2007" müsabiqəsini yada salmaq
kifayətdir.
Belçika
yazıçısı, Nobel mükafatı laureatı Moris
Meterlinq (1862 - 1949) özünün məşhur "Göy
quş" əsərində belə bir ifadə
işlədib: "Yad olunub xatırlananlar sanki
ölməmişlər". Mehriban xanım Əliyeva
Xoş məramlı səfir kimi Üzeyir bəy
Hacıbəyovun, Qara Qarayevin, Səttar Bəhlulzadənin
və neçə-neçə Azərbaycan dahisinin YUNESKO
səviyyəsində tədbirlərinin
keçirilməsinə nail olub. Cabbar
Qaryağdıoğlunun, İslam Abdullayevin, Xan
Şuşinskinin, Seyid ŞuşinskininE sənət
inciləri yeni texnoloji vasitələrlə milyonlarla dünya
dinləyicisinə çatdırılıb. Belə bir
xeyirxahlıq, folklorun, ifaçılıq sənətinin və
xalq sənətkarlığının qorunması
istiqamətindəki fundamental nailiyyətləri Mehriban
xanımın özünün ömrünə əbədiyyət
nəğməsi oxuyur.
Rus yazıçı
və filosofu Aleksandr Gertsenin (1812-1870) şairanə frazası
yada düşür. "Çiçək bitkinin
məqsədi və onun həyatının
mənasıdır". Rabindranat Taqor isə deyib ki,
"yarpaq sevəndə çiçək olur,
çiçək sevəndə meyvə". Mehriban xanımın
xeyirxah əməllərinin çiçəklənməsi
onun həyatının mənasını daha da
füsunkarlaşdırır. Mehriban xanımın
bugünkü fidan balalara məhəbbəti nə
qədər çiçək açacaqsa,
gələcəkdə yetkin insanlar kimi yetişənlərin
timsalında bir o qədər barlı-bəhərli olacaq.
Elə bu kimi mənəvi keyfiyyətlərinə görə
də Mehriban xanım Əliyeva "Qızıl
ürək" beynəlxalq mükafatına layiq
görülüb (may 2007).
Ana, uşaq və
ailə sağlamlığının qorunmasında və
möhkəmlənməsində gördüyü
müstəsna xidmətlərə görə Dünya
Səhiyyə Təşkilatının xüsusi mükafatı
ilə təltiflənib (29 yanvar 2007). Xalqın millət
vəkili seçilib.
Yazımın sonuna
yaxın Mehriban xanım Əliyevanın özündən
sitat vermək istəyirəm. "Həyatda hər bir
kəsin yerini və taleyini tarix
müəyyənləşdirir. Odur ki, nə böyük,
nə də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir
kəs özünü şəxsi həyatının və
dünyanın qurub-yaradıcısı, yaxud
dağıdıcısı kimi təcəssüm etdirir.
Kimsənsə
elə də olmalısan. Bax, budur bizim həyatımız!"
Mehriban xanımın yüksək estetik zövqü var. Bu
zövq onun layihə və proqramlarında özünün
poetik təsdiqini tapır.
Mehriban xanımda
sərrast düşünmək və gəldiyi
qənaəti əməl azadlığının
möhtəşəmliyi ilə reallaşdırmaq
qüdrəti var.
Mehriban xanımın
azad ideal məramları fövqəlbəşər
dəyərləri ehtiva edən vüsətlə
həqiqətə çevrilir.
Mehriban xanımın
həyatdakı yerini artıq tarix
müəyyənləşdirib. Ölkəmizin
Baş xanımıı öz həyat kitabını
xalqına məhəbbətlə və gördüyü
əzəmətli quruculuq işləri, xeyriyyəçilik
əməlləri sayəsində inam və
qətiyyətlə yazır.
Azərbaycan.- 2008.- 3 oktyabr.- S. 3.