İdrisoğlu F.

 

Respublika Elmi Pedaqoji Kitabxanasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirildi

 

Tədbiri açıq elan edən REPK-nın direktoru Tamilla İsmixanova bildirdi ki, kitabxanalar hər zaman təhsilin ayrılmaz hissəsi olmuş və bu gün də davam edır. Müəllim və tələbələrə kitabxana-biblioqrafiya xidməti göstərməklə yanaşı, Respublika Elmi Pedaqoji Kitabxanasının əsas vəzifəsi təhsil sistemindəki kitabxanalara metodik mərkəz olmaqdır.

REPK Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil peşə məktəbləri və orta ixtisas təhsil müəssisələri kitabxanalarının fəaliyyətini özündə əks etdirən məlumat bazasını yaratmışdır ki, mövcud olan nöqsaqları vaxtında aşkar edib aradan qaldırmağa imkan verir.

Bir sıra metodik vəsaitlər, o cümlədən "Kitabxana işinə dair normativ aktlar", "Məktəb kitabxanalarının təşkilinə aid normativlər", "Kitabxana və məlumat-informasiya fondlarından çıxarılan ədəbiyyatın seçilməsi və silinməsi qaydası", latın qrafıkası ilə hazırlanmış "ikirəqəmli cədvəl", "Məktəb kitabxanası işinin planlaşdırılması" və s. kitabxanaçılara paylanmışdır.

REPK, eyni zamanda BDU-nin kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri üçün əsas təcrübə baza kitabxanası funksiyasını da yerinə yetirir. Bu il fakültənin V kurs tələbələri istehsalat təcrübələrini kitabxanada keçmişlər.

Amerika səfirliyinin Tədris Mərkəzinin Kitabxanası ilə birlikdə "Exon" şirkətinin məktəblilər üçün nəşr etdirdiyi məlumat xarakterli vəsaitləri məktəb kitabxanalarının arasında bölüşdürülmüşdür.

Kitabxananın "Elektron kataloq"unun yaradılması ilə əlaqədar "Kitabxana-biblioqrofiya" təsnifatı UOT (Universal Onluq Təsnifatla) əsasında Azərbaycan, rus və xarici dillərdə olan fondlar yenidən işlənilmişdir.

Tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək dedi:

- Hörmətli kitabxana işçiləri! Məlum olduğu kimi, 2008-ci ilin martında Respublika Elmi Pedaqoji Kitabxanasının fəaliyyətinin 25 ili tamam olmuşdur. Tarixi baxımdan təşkilat üçün 25 il o qədər çox olmasa da, görülmüş işlər, onların əhəmiyyəti baxımından 25 il az müddət deyil.

Kitabxananın əsas vəzifəsi insan beyninin məhsulu və bilik mənbəyi olan kitabların qorunub saxlanılması, nəsildən nəslə ötürərək oxuculara çatdırmaqdan ibarətdir.

Müasir cəmiyyətdə kitabxanaların rolu və əhəmiyyəti xeyli artmışdır. Bu da cəmiyyətin informasiyalaşması, yeni informasiya və kommunikasiya texnologiyalarının bütün sahələrə nüfuz etməsi ilə əlaqədardır.

Təhsil sahəsində kitabxanaların rolu demək olar ki, əvəzsizdir. Bildiyiniz kimi, ölkəmizin bütün təhsil müəssisələrində kitab və dövri ədəbiyyat fondlarına malik olan kitabxanalar fəaliyyət göstərir. Onların bir qismi, xüsusilə yeni məktəb kitabxanaları müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir. Bu işdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2005-2007-ci illərdə Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın böyük rolu olmuşdur. Ölkəmizdə bu Proqramın reallaşması təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də kitabxana işinin yaxşılaşdırılmasına və müasir səviyyədə qurulmasına xidmət etmişdir.

Respublika Elmi Pedaqoji Kitabxanası ölkəmizdə 4 sahəli kitabxanadan biri olaraq Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən yeganə kitabxanadır. Təhsil sistemi inkişaf etdikcə bu kitabxana da inkişaf edir, müasirləşir.

1983-cü ildə Maarif Nazirliyinin tabeliyində yaradılmış, nazirliklər birləşərkən Təhsil Nazirliyinin tabeliyinə keçmiş bu kitabxananın işi 6-7 il bundan öncə bizi qane etmirdi. Buna görə, 2002-ci ildə kitabxananın fəaliyyəti Təhsil Nazirliyində müzakirə edildi və onun işinin yaxşılaşdırılmasına dair tədbirlər planı hazırlanıb həyata keçirildi. Hazırda REPK-nın kitabxana fondu 500.000 nüsxə təşkil edir, oxucuların sayı 10492 nəfərdir. Kitabxana İnternet şəbəkəsinə qoşulmuş və özünün veb səhifəsini yaratmışdır. Kitabxanada dərslik, o cümlədən elektron dərslik fondu yaradılması istiqamətində iş aparılır.

REPK Təhsil Nazirliyinin tabeliyindəki orta ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxana fəaliyyətinə elmi metodik rəhbərliyi uğurla həyata keçirir. Kitabxana işçiləri üçün treninqlər və seminarlar təşkil edir, məktəb kitabxanalarını elmi-metodik ədəbiyyatla təmin edir.

Bununla yanaşı, məlumdur ki, ölkəmizdə kitabxana işinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində müəyyən çətinliklər və problemlər mövcuddur. Bu məsələ respublika rəhbərliyinin diqqət mərkəzində saxlanılır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli sərəncamı məhz kitabxana sahəsində mövcud olan geriliyi aradan qaldırmaq və bu sahənin inkişafını təmin etmək məqsədini daşıyır. Sərəncamın icrasını təmin edərək Təhsil Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb Prezident Aparatına təqdim edilmişdir. Tədbirlər planında məktəb kitabxanaları ilə yanaşı, onların elmi-metodik təminatını həyata keçirən, həmçinin əlaqələndirmə funksiyasını yerinə yetirən Respublika Elmi Pedaqoji Kitabxanasının maddi-texniki bazasının möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, müasir informasiya texnologiyaları ilə təchiz edilməsi də nəzərdə tutulmuşdur. Eyni zamanda Respublika Elmi Pedaqoji Kitabxanasının binası olmadığını nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən bu kitabxana üçün müasir tipli binanın inşa edilməsi barədə Azərbaycan hökuməti qarşısında ıməsələ qaldırılmış və müvafiq razılıq alınmışdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilmişdir və yuxarıda sadaladığımız təkliflər həmin proqramda və ona əlavə olunan tədbirlər planında öz əksini tapmışdır.

Kitabxana işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində də hökumət tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin 9 iyul 2008-ci il tarixli 152 nömrəli qərarı ilə respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin, o cümlədən Respublika Elmi Pedaqoji Kitabxanasının işçilərinin aylıq vəzifə maaşları artırılmışdır.

Tədbirin sonunda təhsil naziri Misir Mərdanov REPK-nin kollektivini təbrik edərək əməkdaşların bir qisminə 25 illik yubileyləri münasibətilə fəxri fərmanlar və Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru Tamilla İsmixanovaya isə təhsil sistemində kitabxana işinin inkişafındakı səmərəli fəaliyyətinə görə "Qabaqcıl təhsil işçisi" döş nişanı təqdim etdi.

 

Azərbaycan müəllimi.- 2008.- 24 oktyabr.- S. 4.