Məhəmməd

 

İnformasiya təminatı

 

Kitabxana işi və mütaliənin gücləndirilməsi

 

Cəmiyyətin informasiya təminatı aktuallığını hər zaman saxlayacaq. Yeni cəmiyyət quruculuğunun əsas şərtlərindən biri bundan ibarətdir. İnformasiya təminatı məsələsi cəmiyyətin özəlliklərindən asılı olaraq fərqli forma alır. Lakin bütün hallarda onun əsas məqsədi cəmiyyətin mövcudluğunu, təkamül tendensiyalarını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Azərbaycanda kitabxana informasiya işinin yaxşılaşdırılması ilə bağlı tərtib edilən Dövlət Proqramının vacibliyi bu səbəblərdən olduqca aydın görünür. Həmin istiqamətdə cəmiyyətin informasiya təminatını yaxşılaşdırmaq məsələsi də aktuallığını saxlayır.

Kitabxana məsələsi istənilən müasir cəmiyyət üçün vacib faktordur. Lakin bəzi hallarda müasir informasiya texnologiyalarının vüsəti fonunda kitabxananın informasiya təminatında rolu kölgədə qalır. Bu cür düşünənlərin yanıldığını birmənalı demək olar. Kitabxana informasiya işi inkişaf etmiş istənilən cəmiyyət üçün çox vacibdir. Ona görə də Azərbaycanda bu məsələnin önə çəkilməsi strateji mənası olan işdir. Kitabxana informasiya işinin müasir səviyyədə təşkil edilməsi dövlət proqramı vasitəsi ilə tənzimlənirsə, çox geniş sahələr üzrə irəliləyiş əldə etmək şansı yaranır. Burada Azərbaycanın indi mövcud olduğu şəraiti nəzərə almaq lazımdır. Sovetlər dağılandan sonra ölkəmizdə kitabxana işi çox zəiflədi. İnsanların mütaliəyə meyli minimuma endi. Sovetlərlə müqayisədə jurnal, qəzet və kitabların nəşri, satışının təşkili və ünvanlara çatdırılması işi olduqca zəif hala düşdü. Rusiyalı alimlərin araşdırması göstərir ki, bu proses bütün sovet məkanında müşahidə olunub. Mütaliənin bu dərəcədə zəifləməsi bir vaxtlar qələbəlik olan kitabxanaların boşalması ilə müşahidə olundu. Biznes sahəsinin inkişafı ilə bəziləri mütaliəni lazımsız saydı. Kitabxanaların boşalması mütaliənin zəifliyi cəmiyyətin mənəvi dünyasına öldürücü zərbələr vurur. Mütaliəsi zəif olan cəmiyyətlərin mənəvi-əxlaqi inkişafı mümkün deyil. Ona görə cəmiyyətdə bu tendensiyanın qarşısını almaq üçün sistemli dövlət proqramına ehtiyac vardı. Kitabxanaların işinin yaxşılaşması ilə mütaliənin güclənəcəyi şübhəsizdir. Dünyanın aparıcı dövlətlərində insanlar mütaliəni çox sevirlər. Fransa Yaponiya bu sahədə liderdirlər. Çində həmin tendensiya intensivləşir. Azərbaycan ənənəvi olaraq kitabxanalara böyük önəm verən dövlətə çevrilib. Azərbaycanda zəngin kitabxanalar yaradılıb, onların nadir nüsxələri indi dünya alimlərini çox maraqlandırır. Bəzilərini isə müxtəlif yollarla Avropaya aparıblar.

Məsələnin digər tərəfi informasiyanın müasir insanın həyatında oynadığı rola bağlıdır. İnformasiya vasitələri sürətlə inkişaf edir. Onlar dünyanın bütün ölkələrini əhatə edən məlumatları sürətlə yaya bilirlər. Bunun mənfi nəticələri var. İlk zərbə gənclərin mənəvi-əxlaqi dünyasına dəyir. İnternetdə elə saytlar var ki, gənclər üçün təhlükəlidir eyni zamanda, cəmiyyətin təhlükəsizliyinə qorxu törədir. Deməli, informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə yanaşı, kitab oxumağı, mənəvi qida verən nəşr vasitələrini unutmaq olmaz. Kitablar insanların mənəvi inkişafında güclü rol oynayır. Ancaq bu işin təşkili müasir cəmiyyətdə sistemli tədbirləri həyata keçirməyi tələb edir. Elə bir kitabxana informasiya şəbəkəsi yaratmaq lazım gəlir ki, cəmiyyətin informasiya təminatı həm ideoloji təhlükəsizliyin şərtlərinə cavab versin. Bu işin öhdəsindən gəlmək cəmiyyətin sağlam gələcəyini təmin etmək deməkdir.

Bunlar dövlət proqramının təsdiq edilməsinin vacib tərəflərinin bir qismini ifadə edir. Əslində, bütün cəmiyyət, ziyalı təbəqəsi gənclər daha çox qazanırlar. Kitabxana sisteminin inkişafı elmi yaradıcılığa təkan verəcək. O sahədə irəliləyişlər dərhal hiss ediləcək. Deməli, söhbət toplumun gələcəyindən gedir.

 

Xəzər.- 2008.- 11 oktyabr.- S. 14.