Mirzəyeva T.
Biblioqrafik
vəsaitlər informasiyanın seçilib
yayılmasının əsas
vasitələrindəndir
İnformasiya əsri
kimi tez-tez səslənən XXI əsr həqiqətən
də elmi-texniki tərəqqinin nailiyyətləri ilə
zəngindir. Belə ki, bu gün elmin bütün
sahələrində yeniliklərin artması ilə
yanaşı, bir çox elm sahələri bir-biri ilə
inteqrasiya nəticəsində birləşərək yeni elmi
informasiyaların yaranmasına səbəb olmuşdur.
Məsələn, kibernetika elminin riyaziyyat elmi ilə
birləşməsindən riyazi kibernetika, sosiologiya və psixologiya
elmlərinin birləşməsindən sosial-psixologiya
elmləri meydana gəlmişdir. İnteqrasiyalı elmlər
içərisində yeni elm olan kitabxana informatikası,
kitabxana iqtisadiyyatı, kitabxana menecmenti və s. kimi elmlər
də yaranmışdır. Və bu bilik sahələrinin elmi
və əməli fəaliyyətlərinin müxtəlif
mövzularında minlərlə sənəd kütləsi
(kitablar, qəzet və jurnal məqalələri) yazılaraq
yayılır. Təbii ki, durmadan artan bu sənəd
kütləsi, informasiya axını audio-vizual
sənədlərin qoruyucusu, saxlanc yeri olan kitabxanalarda
toplanılır, sistemləşdirilib, elmi cəhətdən
işlənilərək öz informasiya
tələbatçılarına çatdırılır.
Kitabxanalarda toplanılan
sənəd kütləsinin hər biri haqqında
ayrılıqda lakonik, annotasiyalı informasiya verən və
biblioqrafik ünsürlərin təsvirlərinin qeyd
olunduğu II dərəcəli informasiya vəsaitləri olan
biblioqrafik göstəricilərdir. II dərəcəli
informasiya vəsaitlərinin ilkin sənədlərdən
əsas fərqli xüsusiyyəti odur ki, ilkin
sənədlərdə informasiya bütünlükdə
orijinal şəkildə əks olunur. II dərəcəli informasiya
isə sənədin özünü deyil, bilavasitə bu
sənədlər haqqında informasiyanı əks
etdirirlər. Bu baxımdan biblioqrafik vəsaitlər,
biblioqrafik informasiya sənədlərin
bütövlükdə istər audioal, istərsə də
vizual sənəd kütləsinin seçilib yayılmasında
əsas vasitələrdən ən önəmlisi hesab olunur.
Biblioqrafik
vəsaitlər ictimai-funksional əhəmiyyətinə
görə müxtəlif qruplara, növlərə
bölünürlər. Bu biblioqrafik vəsaitlərin ən
geniş yayılmış növü şəxsi və mövzu
xarakterli informasiya mənbələridir. Şəxsi biblioqrafik
vəsaitlər biblioqrafik xarakter daşıyaraq
görkəmli şəxsiyyətlər, elm və
mədəniyyət xadimlərinin həyat və yaradıcılıqlarını,
eyni zamanda onların elmi-pedoqoji, ictimai-siyasi
fəaliyyətlərini, əhatəli formada əks etdirir.
Məsələn, etnoqraf alim Məşədixanım
Nemətin, ədəbiyyatşünas alim İsa
Həbibbəylinin, kimyaçı alim Ayaz Əfəndiyevin,
fizik-riyaziyyatçı alim Akif Hacıyev və b. dünya
şöhrətli alimlərimizə həsr edilmiş
biblioqrafik informasiya mənbələrini misal
göstərmək olar. Bu vəsaitləri oxuyan hər bir
kəs bu alimlərin həyatı və elmi fəaliyyətlərinin
əsas tarixləri, elmi, elmi-təşkilati və pedoqoji
fəaliyyətləri haqqında oçerki, elmi
əsərlərinin biblioqrafik təsvirləri, dissertantlara
elmi rəhbər və elmi məsləhətçi
olmaları, həmçinin əsərlərinin əlifba göstəricisi
ilə tanış ola bilərlər.
Mövzu xarakterli
biblioqrafik vəsaitlər isə ayrı-ayrı elm
sahələrinin aktual mövzularına həsr olunmuş
sənədlər haqqında biblioqrafik məlumat verən
mənbələrdir. Məsələn, "Azərbaycan tarixi
(1920-1980)"; "Azərbaycanda neft (1920-1980)";
"Azərbaycanın palçıq vulkanları" və
s.
Lakin hər bir
sahədə olduğu kimi, biblioqrafik vəsaitlərin
tərtib edilməsində, informasiyaların seçilməsində,
sənədlərin qruplaşdırılmasında, biblioqrafik
təsvirlərin beynəlxalq standartlara uyğun sistemləşdirilməsində
və onların elmi cəhətdən işlənməsində
də bəzi nöqsanlar mövcuddur. Bəzən bu
nöqsanlar gözə çarpacaq qədər diqqəti
cəlb edir. Məsələn, materialların biblioqrafik
qaydalara uyğun deyil, biblioqrafik siyahı şəklində
tərtib edilməsi;
- materialların
qruplaşdırılmasında xronoloji və əlifba prinsipinin
gözlənilməməsi;
- biblioqrafik təsvir
qaydalarının düzgün aparılmaması;
- bölmələrin və yarım
bölmələrin düzgün qruplaşdırılmaması
və ya yarımçıq başlıqların verilməsi;
- informasiya tələbatçılarının
biblioqrafik vəsaitlərdən istifadəsini
asanlaşdırmaq məqsədilə tərtib edilən
köməkçi aparatın verilməməsi, ya da
verilən şifrələrdəki rəqəmlərin
üst-üstə düşməməsi;
- qəzet və jurnal
məqalələrinin təsvirlərinin kitab kimi təsvir
olunması;
- namizədlik və
doktorluq dissertasiyalarının ayrılıqda deyil,
birlikdə təsvir olunması;
- elmi və ədəbi
əsərlərin sıra nömrələrinin hər yeni
bölmədə təkrar
edilərək yenidən qeyd olunması;
- bölmələrin
bəzilərinin bir neçə xarici dillərə tərcümə
edildiyi halda, bəzilərinin isə ümumiyyətlə
tərcümə edilməməsi və s.
Bütün bu
nöqsanların olmasına səbəb isə biblioqrafik
informasiya vəsaitlərinin qeyri-peşəkar biblioqraf və
savadsız kadrlar tərəfindən tərtib edilməsidir.
Dünyada gedən
informasiyalaşdırma prosesləri, informasiyalaşdırılmış
cəmiyyət quruculuğu dönəmində
yaşadığımız üçün professional,
peşekar kitabxanaçı-biblioqraf kadrlara ehtiyac da
artmaqdadır. Yeni texniki biliklərə, informasiya
ehtiyatlarından bacarıqla istifadə etmək
səriştəsinə yiyələnən ixtisasçı
kadrlara diqqət verilməsi və onların müvafiq
informasiya idarə və müəssisələrində
işlə təmin olunmaları aktual əhəmiyyət
daşıyır. Bu da öz növbəsində biblioqrafik
vəsaitlərin ənənəvi qaydada tərtib olunması
ilə yanaşı, onların elektron variantlarının
yaradılaraq geniş informasiya təbəqəsinə
çatdırılmasına səbəb olacaqdır.
Çünki informasiyanın seçilib yayılmasını
sürətləndirən son texnoloji nailiyyət İnternet
və bu şəbəkədə yaradılan müxtəlif mövzulu
WEB saytlardır. Belə ki, Avtomatlaşdırılmış
Biblioqrafik Məlumat Bazası (ABMB) ənənəvi
biblioqrafik informasiya vəsaitlərinin yeni elektron
versiyasıdır. Bu gün Azərbaycan
biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq
elminin qarşısında duran mühüm problemlərdən
biri də ölkədə fəaliyyət göstərən
hər bir kitabxananın:
- maddi-texniki
bazasının yenidən qurulması;
- fondunun elektron
nəşrlərlə zənginləşdirilməsi;
- yeni biliklərə
yiyələnmiş ixtisasçı kadrlarla təmin
olunması;
- beynəlxalq
əhəmiyyətli konfrans, qurultay, seminar və məşğələlərdə
intensiv iştirak etmək və s. bu kimi
problem-məsələlərin həll olunması
nəticəsində Avtomatlaşdırılmış
Biblioqrafik Məlumat Bazası (ABMB) və
Avtomatlaşdırılmış İnformasiya Axtarış
Sistemlərinin (AİAS) yaradılmasıdır.
Kredo.- 2008.- 4 oktyabr.- S. 3.